вторник, 21 декабря 2010 г.

naziri daha işləyə bilmədiyini açıqlayıb,


Səhiyyə naziri daha işləyə bilmədiyini açıqlayıb, fərman yanvarda oxunacaq, Cəmil Əliyev isə nazir təklifini geri çevirib
Səhiyyə sistemində son dövrlər cərəyan edən proseslər sonda nazir Oqtay Şirəliyevin istefa verməsinə səbəb olub. Hakimiyyətdəki etibarlı qaynaqlardan TİA.AZ-a daxil olan məlumata görə, ötən həftənin cümə günü səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına istefa ərizəsini təqdim edib. Mənbənin bildirdiyinə görə, nazir atdığı addımı nazirliyi idarə edə bilməməsi və səhhətində yaranmış problemlərlə əlaqələndirib.
TİA.AZ-a verilən məlumatlara görə, Oqtay Şirəliyevin istefasını qəbul edən hakimiyyət dairələri onun yerinə hal hazırda Respublika Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevi gətirmək niyyətindəymişlər. İstefa ərizəsi məsələsi ortalığa çıxdıqdan sonra Əliyevlə görüşən hakimiyyət nümayəndələri onun nazir postuna təyin ediləcəyini bildiriblər. Amma mərkəz rəhbəri bu təklifi qəbul etmək fikrində olmadığını deyib.
Mənbələr bildirir ki, Cəmil Əliyev tibb sahəsini çox yüksək səviyyədə bilən şəxs olmaqla yanaşı, həm də bacarıqlı bir kadr kimi tanınır. Elə seçim məsələsində onun üzərində dayanılmasının başlıca səbəbi də bu keyfiyyətlərə malik olmasıdır. Onun bu təyinata razılıq verməməsinin konkret səbəbləri bəlli deyil.
Qeyd edək ki, Oqtay Şirəliyevin istefa verməsi barədə rəsmi məlumat bu günlərdə yayılmalıymış. Lakin gözləmə mövqeyində dayanan hakimiyyət dairələri onun yerinə yeni birini tapdıqdan sonra bu addımı atmaq qərarına gəliblər. Məlumatlarda deyilir ki, problem yanvara kimi həllini tapmalıdır. Elə Şirəliyevin işdən çıxarılması ilə bağlı rəsmi açıqlama da bundan sonra veriləcək.
  Tarix: 20.12.2010

polisdə işləyən qardaşı oğlu


Sabiq deputatın polisdə işləyən qardaşı oğlu ilə müstəntiq qohumu tutduğu vəzifələrindən xaric edildi
Son parlament seçkilərində YAP-ın siyahısına düşə bilməyən sabiq deputat Əhəd Abıyev şəxsi təşəbüsü ilə yenidən müstəqil namizəd olsa da, seçkilərə iki gün qalmış namizədliyini geri götürdü. YAP-ın siyahısına düşməməklə onun siyasi karyerasının üzərindən xətt çəkildiyi tam dəqiqləşsə də, Abıyev yenə də şansını sınamaq qərarına gəlmişdi. Amma olmadı.
TİA.AZ-a daxil olan məlumatlara görə, Masallının deputatı olmuş sözügedən şəxsin indiyə qədər buraxdığı səhvlərin bir-bir əvəzini çıxmağa başlayıblar. Gözlənildiyi kimi, sabiq deputatın vəzifə başında olan qohumlarından proses start götürüb. Belə ki, ilk olaraq Abıyevin Astara Gömrük Məntəqəsində işləyən qardaşı Qadir Abıyevə qarşı atılan addım birtəhər sakitləşdirilib. Lakin çox keçmədən ikinci bir addım atılıb. Bu dəfə Əhəd Abıyev yaxın qohumlarını xilas edə bilməyib.
Mənbə bildirir ki, sabiq deputatın Masallı rayon Polis Şöbəsində işləyən iki qohumu dünən vəzifəsindən azad edilib. Məlumatda deyilir ki, Abıyevin qardaşı oğlu Kamal Abıyev polis orqanlarından xaric edilib. Amma proses təkcə bununla bitməyib. Ardından sabiq deputatın polisdə işləyən daha bir qohumu da işdən çıxarılıb. Masallı polisində müstəntiq vəzifəsində çalışan həmin şəxsin adını isə dəqiqləşdirməyimiz hələlik mümkün olmayıb.
Baxılıb: 41 | Tarix: 17.12.2010

OĞLU VƏ QOHUMU REKETLİK EDİR

İCRA BAŞÇISININ OĞLU VƏ QOHUMU REKETLİK EDİR
Astaraya rəhbərlik edən Mahir Quliyevin bacısı oğlu aldığı bahalı maşının pulunu ödəmək istəmir
Bakı şəhər sakini Vüsal Paşayev redaksiyamıza müraciət edərək Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin bacısı oğlu Ramil adlı şəxsin onu ölümlə hədələdiyini bildirib. V.Paşayevin sözlərinə görə, bir neçə ay bundan əvvəl Ramil ondan «İnfiniti» markalı avtomobil alıb. İki aydan sonra həmin maşınla qəza törədən Ramil sonradan Vüsaldan «Range Rover» markalı avtomobil götürüb.
Lakin üstündən bir ay vaxt keçməsinə baxmayaraq, aldığı maşının pulunu ödəmir: «Mən o maşını dostlarımın salonundan götürüb üstünə 1000 manat pul qoyub satdım ki, qazancım olsun. Çünki başqa bir işim yoxdur. Mən də bu yolla dolanıram. Lakin Ramil mənim 7 min manatımı hələ də ödəmir. Nə vaxt zəng vursam gah telefona cavab vermir, gah da dəstəyi götürüb mənə hədə-qorxu gəlir. Deyir ki, mənim dayım icra başçısıdır, özüm isə Lerik rayon Hərbi Komissarlığında işləyirəm, get nə bilirsən elə, mənə heç kim bata bilməz, dayım arxamda dayanıb. Bu yaxınlarda Ramil mənə zəng eləyib söyüş qoydu ki, Bakıya gəlsəm səni öldürəcəm. Ondan sonra iki dəfə mənə tanımadığım adamlar zəng edərək ölümlə hədələyiblər. Özünü rəhmətlik çoban Xanışın oğlu kimi təqdim edən Mahir adlı şəxs isə mənə zəng edib deyir ki, gəl lrazborka» edək, ya da əlini puldan üz».
V.Paşayevin sözlərinə görə, Ramil adlı şəxs ondan aldığı avtomobili ucuz qiymətə banka satıb: «Məni hər gün ölümlə hədələyirlər. Hüquq-mühafizə orqanlarına müraciət edərək bildirirəm ki, əgər başımı bir iş gəlsə, günahkar bu adamlardır. Onlar mənə hədə-qorxu gəlirlər ki, pulu istəməyim. O pul isə mənim deyil, dostlarımın salonuna ödəməliyəm. Oradan mənə cəmi min manat pul qalacaqdı».
Şikayətçi onu da bildirir ki, icra başçısı Mahir Quliyevin Fərda adlı oğlu da ona hədə-qorxu gəlir: «Ramil özü mənə həmişə deyir ki, sənə pul verməyəcəm. Çünki dayım oğlu Fərda deyir, Vüsala pul vermə, biz sənin arxanda durmuşuq».
E.QƏDIMOV

rayonların rəhbərləri

Onların arasında paytaxt rayonlarının rəhbərləri də var
altYaxın günlərdə bir sıra şəhər və rayonların rəhbərləri - icra hakimiyyətlərinin başçıları tutduqları vəzifələrdən azad ediləcəklər. Bu barədə məlumat etibarlı mənbələrdən ötən gün "Gündəlik Bakı" qəzetinə daxil olub.
Mətbu orqanımızın ən mötəbər instansiyalardan əldə etdiyi səhih məlumatlara görə, ayrı-ayrı sahələrə dövlət tərəfindən ayrılan vəsaitlərin mənimsənilməsində, yerlərdəki sosial problemlərin aradan qaldırılmamasında, korrupsiya məsələlərində adı hallandırılan, habelə rəhbəri olduğu rayonun qış mövsümünə hazırlığını lazımınca təmin etməyən məmurların öz vəzifələrindən kənarlaşdırılacaqları gözlənilir. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, vəzifə səlahiyyətlərini aşmış, vətəndaşlara qarşı bürokratik əngəllər törətmiş məmurlar tutduqları postlara "əlvida" deməli olacaqlar. Bu prosesə isə bir neçə gündən sonra - gələn ilin əvvəllərində, yanvarda start veriləcək. Mənbəmizin məlumatına görə, bir sıra rayonların sıravi vətəndaşlarının paytaxta ünvanlanmış çoxsaylı ərizə və şikayətləri respublikamızın şimal-qərb, Aran, habelə cənub rayonlarının rəhbərlərinin yerində olmadıqlarını göstərir. Hazırda müxtəlif bölgələrdən gələn şikayət məktubları, sakinlərin bəzi məmurlardan haqlı narazılıqlarını ifadə edən ərizələr sistemləşdirilir. Qeyd edək ki, 2009-cu ilin sonlarında, 2010-cu ilin əvvəllərində Azərbaycanın bir sıra şəhər və rayonlarından, o cümlədən Naftalan, Ağdam, Ucardan, eləcə də digər şəhər və rayonlardan məmurların qeyri-qanuni fəaliyyətləri, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını aşmaları ilə bağlı çoxsaylı şikayətlər edilirdi. Ən çox narazı vətəndaşların qeydə alındığı rayon isə Ucar idi. Həmin səbəbdən də bu rayonun icra başçısı Arzu Qafurov tutduğu vəzifəsindən kənarlaşdırıldı. Sonradan isə xeyli narazı rayon sakini ilə Arzu Qafurov arasında məhkəmə prosesinə start verildi.
Beləliklə, 2011-ci ilin əvvəli ölkəmizdə məmur dəyişiklikləri ilə yadda qalacaq.
Anar TAĞIYEV
   

Zahir bəyin öz şagirdi olub


Kameranı baş redaktordan alan polis işçisi isə Zahir bəyin öz şagirdi olub
Masallıda ötən günlərdə hicabla bağlı keçirilən aksiyanı lentəə alan «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənovun videokamerasını polis əlindən alıb. TİA.AZ-ın bununla bağlı əldə etdiyi məlumata görə, həmin addımı atan polis işçisi serjant Zamir Kazımovdur.
Məlumatda deyilir ki, Kazımovla danışıq aparan baş redaktor ondan kamerasını geri istəsə də, bir nəticə hasil olmayıb. Hətta iş Masallı rayon Polis Şöbəsinə qədər gedib çıxıb və orada rayonun rəisi Əkbər Yusifovla Zahir Əmənov arasında dialoq olub. Baş redaktora çəkdiyi görüntüləri yayımlamamaq barədə xahiş edən polis rəisi indiki məqamda buna gərək olmadığını deyib. «Cənub Xəbərləri»nin rəhbəri isə bildirib ki, o, videogörüntüləri yayımlamaqda israrlıdır və bu səbəbdən də kamera ilə çəkilişin qeyd olunduğu lentlərin özünə qaytarılmasını tələb edib.
Qeyd edək ki, videokameranı Əmənovdan alan Zamir Kaızmov heç də baş redaktora yabançı biri olmayıb. Araşdırmamız zamanı məlum olub ki, Masallı rayon Polis Şöbəsində serjatn rütbəli bu gənc oğlan bir zamanlar Zahir Əmənovun şagirdi olub. Belə ki, Zahir Əmənov orta məktəbdə «İnsan və Cəmiyyət» fənnindən dərs deyən zaman Zamir də onun şagirdlərindən biri olub. Amma buna baxmayaraq, şagirdi müəlliminin videokamerasını əlindən alıb və onu polis şöbəsinin rəislərinə təhvil verib. 
Tarix: 20.12.2010

«BİNƏ» TİCARƏT MƏRKƏZİ SATIŞA ÇIXARILACAQ?


20.12.2010
«Binə» Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın özünü müflis elan etməyə hazırlaşdığı iddia olunur. Bu şok məlumat PİA.AZ-a çox mötəbər qaynaqlardan daxil olub. Mənbə iddia edir ki, Lökbatan ərazisində «köç saldığı» ilk günlərdə yerli banklardan birindən 10 milyon manata yaxın kredit götürən Kəbirə Məmmədova bu borcu qaytarmaqla bağlı problem yaşayır.
 «Bu vaxta qədər borcun təxminən yarısı ödənilib. Amma Kəbirə xanım Lökbatana köçdükdən sonra əvvəlki kimi yaxşı qazana bilmədiyindən, gözləntiləri özünü doğrultmadığından kreditin ödənilməsində problemlər yaşayır» deyən mötəbər mənbə iddia edir ki, bu səbəbdən hətta Lökbatan ərazisində yerləşən «Binə» Ticarət Mərkəzinin komple halda satışa çıxarılması ideyası da mövcuddur.
Onu da qeyd edək ki, bəzi qaynaqlar Kəbirə xanımın sahibi olduğu «Binə» Ticarət Mərkəzini satışa çıxarma niyyətini başqa cür əsaslandırırlar. Bildirilir ki, əslində Kəbirə xanım borca görə yox, hələlik inşası davam etdirilən «Karvan» Ticarət Mərkəzi ideyasından narahat olduğundan geri çəkilmək niyyətinə düşüb: «Məlumdur ki, İlqar Əliyev «Binə» Ticarət Mərkəzinin düz qarşısında «Karvan» adlı ticarət mərkəzi inşa etdirir. Bu mərkəz isə fəaliyyətə başlayarsa, o zaman «Binə»də işlərin axsayacağı şübhəsizdir». Qarşıdakı «təhlükənin» mahiyyətini açıq şəkildə hiss edən Kəbirə Məmmədovanın «Binə»dən vaz keçməsini məhz bu layihə ilə əlaqələndirən mənbə qeyd edir ki, borcla bağlı deyilənlər həqiqəti əks etdirmir.
  pia.az

Əziz dostum , Zahir bəy salam!


Əziz dostum , Zahir bəy salam!

Bir varlı hacının taxıl sahəsini biçənlər buğdanı  xırmana tökürlər. hər gün xırmanda olan buğdaya nəzarət edən hacı, görür ki, günü – gündən buğda azalır. Buna görə də əmbizin üzərinə bir ulağ onun ardınca isə xotuq şəkili çəkir, səhəri gün əmbizə baxmağa gələn Həci görür ki, buğda azalıb və çəkdiyi şəkilin yeri dəyişib . sən demə xırman işçiləri buğdadan oğurladıqdan sonra tələm – tələsik şəkilin yerini əksinə çəkiblər. bunu görən hacı utandığından deyə bilmir ki, niyə taxıldan oğurlamısınız. Soruşur ki, mən dünən gedəndə ulağ qabağda onun balası xotuğ isə arxada idi . Bəs inndi necə olub ki, xotiğ anasından qabağa keçib? Buğda oğurlayanlardan biri hacının sualını belə cavablandırır. – ay hacı xotuğ ac olduğundan çox yeyib odur ki, anasından qabağa keçib!
Bax budur ki, sənin vaxtı ilə dərs verdiyin şagird indi nəinki anasını hətta müəllimini belə ötüb keçib. Elə ona görə də narahat olma. Həyatda belə şeylər çox olur. Uğurlar sənə Əmənov .
Sonda isə bir atalar sözünü xatırlamaq istəyirəm.
Ustadına kəm baxanın gözlərinə qan damar....... və yaxud
Yetimdən soruşurlar ki, böyüyəndə kimi ......... deyir çörək verənimii....

PİŞİK İLİNDƏ BİZİ NƏ GÖZLƏYİR?


“Ümidlər ili”ndə yaxşı istirahət də ola bilər, güclü zəlzələ də
“Pələng ilində dünyada insanlar çox gərgin dövr yaşadı: iqtisadi böhran, məhəlli münaqişələr, dəhşət miqyaslı təbii fəlakətlər, siyasi-hərbi gərginlik, epidemiyalar və s. Cəsarətlə deyə bilərik ki, qarşıdakı ildə bu hallar çox aşağı faiz göstəricisinə düşəcək. El dilimizlə desək, qulağımız dinc olacaq. Bundan irəli gələrək yaxşı istirahət etməyə, təbiət qoynunda doğma və yaxınlarla dincəlməyə də şərait olacaq”.
Bunu hər gün “Yeni Müsavat”ın oxucularına astroloji proqnozlar təqdim edən, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli bildirir.
Məlum olduğu kimi, Şərq təqviminə əsasən 2011-ci il Metal ünsürlü Ağ Pişik ili olacaq. S.Rəhimlinin fikrincə, Pişik ili əslində fevralın 3-də başlayacaq. O vaxta qədər Pələng ili hakim olduğu üçün ötməkdə olan ildə baş verən gərginlik hələ də davam edəcək: “Bir neçə dövlətdə hakimiyyət dəyişikliyi də gözlənilir. Qarşıdurmalar da davam edəcək. Xüsusən də yanvarın birinci yarısında dünya ölkələrində, xüsusilə Avropada sensasion hadisələr olacaq”.
Astroloqun proqnozuna görə, fevralın 3-dən sonra vəziyyət kəskin surətdə dəyişəcək: “Çünki Pişik illəri bir qayda olaraq sakit keçir. Təbii ki, söhbət ümumi atmosferdən, qarşılıqlı münasibətlərdən və cəmiyyətin inkişafı prosesindən gedir. Bütün dövrlərin astroloqları Pişik illərini ”ümidlər ili" adlandırıblar".
S.Rəhimli Pişik ilini “ümidlər ili” adlandırmaq üçün əsasları olduğunu da bildirdi: “Bütün astroloji mənbələr göstərir ki, bu ildə insanlar öz enerji və qüvvələrini daha çox münasibətlərə, ailə və dostlara sərf etməlidirlər. Yalnız bu halda ilin ”oyun qaydalarına" riayət etmiş olarlar. Yeri gəlmişkən, Pişik yalanı və xəyanəti bağışlamır, əyyaşları, narkomanları isə sevmir. Bu isə cəmiyyətin sağlamlaşmasına öz töhfələrini verə bilər.  Axı Pişik həm də şəfakardır, sabitliyin himayədarı, cəsarətli insanların qoruyucusudur. Ailə və qohumluq zəminində olduğu kimi, yaradıcılıq müstəvisində də hər bir mübahisəni həlim və diplomatik şəkildə həll etmək pişiyin xoşuna gəlir".
Qeyd edək ki, 12 ildən bir müxtəlif heyvanların adını daşıyan Şərq nücum təqviminə görə Pişik ilini bəzən Dovşan ili də adlandırılır. S.Rəhimli isə bildirir ki, bütün qədim mənbələrdə bu illər başqa adla çağrılmayıb, həmçinin ilin xarakterik cizgiləri, reaksiya və davranışları pişiyə daha çox uyğundur: “İlin əsl adı Pişikdir. Dovşan adı isə son üç əsrdə çəkilməyə başlayıb. Amma bizlər üçün bu, mübahisə predmeti deyil - qoy kim necə istəyir desin, təki ümumi mənfəətdən hamı yararlansın”.
Astroloq Ağ Pişik ilinin 12 dekabr 2012-ci ildə başa çatdığını da  vurğuladı: “İlin planeti: Yupiter, ilin uğurlu ayları: mart, dekabr,  uğursuz ayları isə iyun, sentyabr hesab edilir. Düşərli gün: cümə axşamı, cümə, ilin ağır günü isə çərşənbə axşamıdır.  İlin düşərli təqvimləri: 3, 4, 6, 7, 9, 11, numeroloji rəqəmi: 4-dür”.
S.Rəhimli Pişik ilində aparıcı bürclərin, rənglərin, daşların da adlarını sadaladı: “Oxatan, Balıqlar ilin aparıcı bürcləridir. Pişik, Keçi, Qaban isə aparıcı işarələrdir. Göy, narıncı, ağ, bənövşəyi bu ilin düşərli rəngləri, ilin daş-qaşı: sapfir, ametist, zümrüd, ilin metalı isə sinkdir. Nərgiz, qərənfil, yasəmən bu ilin uğurlu çiçəklərindəndir: İlin talismanı: nal, düyündür”.
S.Rəhimli İtaliya, Rusiya, Kiçik Asiya, Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Meksika və Braziliyadan başqa), ərəb ölkələri Pişik ilində aktiv ölkələr sırasında olduğunu dedi.
Astroloq Pişik ilində baş verən mühüm hadisələri də təqdim etdi:
Səlibçilər ordusu Qüdsdə qətliam törədib;
Gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edib;
İranda Qacarlar sülaləsinin görkəmli nümayəndəsi Ağa Məhəmməd şah hakimiyyətə gəlib;
II Yekaterina Tiflisdə rusların möhkəmlənməsi barədə fərman verib;
Qırğız torpaqları Rusiya imperiyasının təbəəliyini qəbul edib;
Nobel qardaşları Bakıda fəaliyyətə başlayıblar;
Rusiya Sevastopolu işğal edib;
Qori seminariyasında Azərbaycan şöbəsinin yaranması haqda qərar verilib;
Dünyada ilk dəfə olaraq təyyarənin uçuşu sınaqdan keçirilib;
Gülhanə Hərbi Tibb Akademiyası fəaliyyətə başlayıb;
Şamaxıda güclü zəlzələ olub;
Türk ordusu Çanaqqalada zəfər çalıb;
Ermənilər Şamaxıda qırğın törədib;
Macarıstan Avstriyadan ayrılaraq müstəqillik elan edib;
İraq istiqlaliyyət qazanıb;
Dünyada ilk televiziya verilişləri yayınlanmağa başlayıb;
Mikayıl Müşfiq güllələnib;
II Dünya müharibəsi başlayıb;
Sovet ordusu Polşanı işğal edib;
İordaniya kralı Abdullah ibn Hüseyn öldürülüb;
Valentina Tereşkova ilk qadın kimi kosmosa uçub;
Laos Xalq Demokratik Respublikası elan edilib;
Qüzey Kıbrıs Türk Cümhuriyyəti qurulub;
Türkiyənin dörd şəhərində (Kocaeli, Sakarya, Yalova və İstanbul) 17 min 127 adamın ölümü ilə nəticələnən dəhşətli zəlzələ baş verib;
Türklərin ən amansız düşməni, 30 min türkün ölümündə əli olan kürd terror şəbəkəsi PKK-nın rəhbəri Abdulla Öcalan həbs olunub;
Bakı-Tiflis-Ceyhan neft-boru kəmərinin çəkilişi haqqında saziş imzalanıb;
Terrorçular Ermənistanın Milli Məclisinə silahlı basqın edərək baş naziri, spikeri və digər bir neçə tanınmış şəxsi qətlə yetiriblər;
NATO qüvvələri Serbiya və Kosovanı bombalayıb...
Qarşıdan gələn iliniz uğurlu olsun!
Nərgiz İSMAYILOVA

“BİNƏ” İLƏ “SƏDƏRƏK”in BELİNİ QIRACAQ BAZAR AÇILIR İlqar Əliyev “Karvan” ticarət mərkəzi adlı yeni projesini gerçəkləşdirir




“BİNƏ” İLƏ “SƏDƏRƏK”in BELİNİ QIRACAQ BAZAR AÇILIR
İlqar Əliyev “Karvan” ticarət mərkəzi adlı yeni projesini gerçəkləşdirir
Məmurların və onların yaxınlarının ölkədəki mülkləri, obyektləri, bahalı əyləncə və ticarət mərkəzləri haqqında dəfələrlə yazmışıq. Məlum olduğu kimi, bizdə məmurların gəlir mənbələri yalnız öz işləri ilə bağlı deyil. Bakıda və ölkənin bir çox yerlərindəki iri ticarət mərkəzləri də məmurların nəzarətindədir. Bir müddət sonra hakimiyyətə yaxın şəxslərə məxsus belə gəlirli obyektlərə biri də əlavə olunacaq. Belə ki, iddialara görə, prezidentin əmisi oğlu İlqar Əliyev “Binə” və “Sədərək” ticarət mərkəzləri arasındakı boş sahədə “Karvan” adlı yeni bir ticarət mərkəzi inşa etdirir.
Yeni obyekt haqda orada hələ inşaat işləri başlamazdan əvvəl məlumat vermişdik. Bir müddət əvvəl isə sözügedən ərazidə inşaat işlərinə başlanıb, ticarət mərkəzinin böyük bir hissəsi artıq hazırdır. “Binə” ticarət mərkəzi ilə üzbəüz tikilən yeni bazar haqda daha ətraflı məlumat almaq üçün ora yollandıq.
Tikilməkdə olan ticarət mərkəzinin ətrafında dolaşıb şəkil çəkərkən burada çalışan işçilərin aqressiv münasibətinə tuş gəldik. Jurnalist olduğumuzu öyrənən kimi eyni anda bir neçə nəfər “şəkil çəkmək və məlumat almaq qadağandır”, - deyə bizi tikinti meydançasından uzaqlaşdırmağa çalışdı. Bizimlə söhbət edən Rauf adlı şəxs isə yeni obyekt haqda yalnız rəhbərlikdən məlumat ala biləcəyimizi deyərək şəkil çəkməyimizə əngəl olmağa cəhd göstərdi.
Yeni tikilən obyektdə çalışanların çəkilişlərdən bu qədər narahat olmasının səbəbini isə ətrafdakı adamlar açıqladı: “Burada tikilən ticarət mərkəzi elə-belə adamın deyil, onu prezidentin əmisi oğlu tikdirir. Xeyli vaxtdır inşasına başlansa da bura hələ bir dəfə də olsun jurnalist buraxılmayıb və bura haqda heç kəsə məlumat verilmir. Yəqin ki, ticarət mərkəzi bir ilə istifadəyə veriləcək, bura istifadəyə veriləndən sonra ”Binə" ilə “Sədərək”in bazarı bağlanacaq".
Aldığımız məlumata görə, “Sədərək” ticarət mərkəzində yerləşən “Şirniyyat bazarı”ndakı iş adamları artıq “Karvan” ticarət mərkəzinə köçmək üçün buradan yer alırlar. “Şirniyyat bazarı”nda çalışanların çox hissəsi bura köçəcək, beləliklə, “Sədərək” bazarına gəlir gətirən ən böyük ticarət sahələrindən biri çökdürüləcək. “Şirniyyat bazarı”nın satıcıları ilə söhbət zamanı onlar da deyilənləri təsdiqlədilər.
4 ildən artıqdır şirniyyat satışı ilə məşğul olan İlyas bəy yeni ticarət mərkəzində yer haqlarının az olacağını deyir: “Uzun müddətdir ki, ticarətlə məşğulam. Təcrübəmə əsasən onu deyə bilərəm ki, satış nə qədər yaxşı olsa da yer haqqı ödəyəndə çox az gəlir əldə edirik. Burada hər ay 2 min manata yaxın yer pulu ödəyirəm, amma yeni açılacaq ticarət mərkəzində yer haqları çox aşağı olacaq. Çünki oranın sahibi dövlətə vergi verməyəcək, nəticədə isə qazanan biz olacağıq”.
“Şirniyyat bazarı”nın digər satıcısı Qənirə xanım yeni ticarət mərkəzində qiymətlərin ucuz olmasının səbəbini başqa cür izah etdi: “Bizim bazarın satıcılarının çoxu yeni ticarət mərkəzində yer alıb, mən də almaq niyyətindəyəm. Çünki orada yer haqları çox az olacaq, hətta ilk 6 ay heç yer haqqı da verməyəcəyik. Amma qiymətlərin bu qədər ucuz olmasının səbəbi satıcılara xeyir vermək deyil. Oranın sahibi ”Binə" və “Sədərək” bazarlarını da yeni obyektinə birləşdirib ölkədəki ticarət obyektlərini öz əlində birləşdirməyə çalışır. Mənə elə gəlir ki, ağıllı addımdır. Əgər elə olsa, hər gün bizim yer haqlarımızın qiymətini qaldırmazlar".
“Karvan” ticarət mərkəzində yer almaq üçün növbəyə duranlar təkcə “Şirniyyat bazarı”nın satıcıları deyil. “Binə” və “Sədərək” ticarət mərkəzində paltar və məişət əşyaları satışı ilə məşğul olan iş adamları da yeni açılacaq obyektdə yer almaq üçün sıradadır. Onlar da öz yerlərini dəyişmək istəmələrinin səbəbini orada yer haqlarının ucuz olması və vergi vermək məcburiyyətinin olmaması ilə izah edirlər.
Qeyd edək ki, “Türk Dünyası-Riyad” ticarət mərkəzi də İlqar Əliyevə məxsus idi. Bir neçə ay əvvəl obyektin açılışında bildirilmişdi ki, ticarət mərkəzində işləyən türklərdən 6 ay icarə haqqı alınmayacaq. Sonrakı aylarda isə kirayə hər kvadratmetr üçün 10 dollar olacaq. Ticarət mərkəzində işləyən türk iş adamlarına vergi endirimi, viza, gömrük və pul transferində güzəştlər ediləcək. Belə asan şərtlərə Azərbaycanda ticarətə girişən türklər hakim ailə üzvü ilə iş qurmağın daha asan olacağını düşünsələr də, artıq məlumdur ki, onların böyük ticarətlə bağlı ümidləri puça çıxıb.
Şahnaz NOVRUZQIZI
5901 dəfə baxılıb

Cəlilabad Məhkəməsi analoqu olmayan qərar verdi


21 -12 -2010 . Kərəm Həsənov 6 nəfəri həbs etdirib?
Cəlilabad Məhkəməsi analoqu olmayan qərar verdi
65 yaşlı Mahmudağa Miriyevin üzüna duran gənc ifadəsindən imtina etsə də şakim həbs qərarı çıxardı
Cəlilalab rayonunda icra başçısının və Əmlak Məsələlri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun fəaliyyətindən şikayət edən 65 yaşlı Mahmudağa Miriyev həbs olunub. Xatırladaq ki, Miriyevlər ailəsi ilə Kərəm Həsənovun arasındakı münaqişənin tarixi xeyli əvvələ təsadüf edir. Təqiblərə məruz qalan ailədən qəzetimizə bildirilmişdi ki, komitə sədri bu ailə ilə ədavət aparır, əvvəlcə Mahmudağa Miriyevin oğlunu, sonra isə özünü həbs etdirməklə qisas alır. Komitə sədrinin tapşırığı ilə həyata keçirilən bu özbaşınalıqlarına son qoyulması üçün dövlət qurumlarına edilən şikayətlər isə baxılmamış qalır.
Dünən M.Miriyevin ailə üzvlərindən aldığımız məlumata görə, Cəlilabad rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qəti-imkan  tədbiri seçilib. Məhkəməyə zərərçəkmiş şəxs qismində cəlb edilən Tofiq Məmmədov ifadə verərək, heç bir şikayətinin olmadığını desə də məhkəmə buna məhəl qoymayıb.
Müdafiə tərəfinin vəkili isə əmindir ki, Kərəm Həsənov istintaqın da gedişinə təsir edəcək və obyektiv istintaq aparılmayacaq. Ona görə də onlar cinayət işinin Cəlilabaddan alınıb ətraf rayonlardan birinə verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib.
Dünən M.Miriyevin ailə üzvləri həmçinin, Prezident Administrasiyana gedərək, şikayətlərini bildiriblər.
Qeyd edək ki, M.Miriyevin həbsinə səbəb olan hadisə iki ay bundan əvvəl baş verib. Beləki, ötən ayın əvvəlində içkili vəziyyətdə olan gənc M.Miriyevi təhqir edib. Çayxanada olan sakinlər və Miriyev onu etikaya dəvət edən zaman polislər peyda olub. Sonra həmin şəxsdən Miriyevin əleyhinə ifadə alıblar. Həkimdən də saxta kağız alıblar ki, guya Miriyev ona xəsarət yetirib. Ancaq sonradan həmin şəxs hüquq-mühafizə orqanlarına rəsmən müraciət etdi ki, onu heç kəs vurmayıb və içikli olduğu üçün günahı öz üzərinə götürür. Amma onun müraciətlərinə baxan olmayıb.
Miriyevin ailə üzvləri polis rəisinin və prokurorun yanında olan zaman maraqlı cavab alıblar: «Dedilər ki, bu iş Kərəm Həsənovun göstərişidir. İcra başçısını uşaq kimi qabağına qoyub danlayan Kərəm Həsənov ondan tələb edir ki, bizə qarşı repressiya aparsın. Və indi də istəyinə nail oldu».
Rayondakı mənbələrdən əldə etdiymiz məlumata görə bir neçə rayon sakini də Kərəm Həsənovun göstərişi ilə həbs olunub.  Maraqlıdır ki, onların hamısı Mahmudağa Miriyev kimi Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ittiham olunub. Araşdırmalarımız zamanı həmin şəxslərin kimliyini də öyrənə bildik.
1. Təyyar Zülfüqarov (Azad Sahibkarlar Konfederasiyasının Cəlilabad rayon şöbəsinin rəhbəri)
2. Akif Əsədov
3. Yavər (keçmiş polis əməkdaşı)
4. Heydər Əzizov (keçmiş bələdiyyə üzvü)
5. Solmaz Tomarova (Damazlıq Birliyinin keçmiş direktoru)
6. Şəfa Əhmədova (məcburi köçkün)
Elmar

Polis rəisi baş redaktora niyə minnətçi düşüb?


Əkbər Yusifov Masallıda keçirilmiş aksiyanın görüntülərini Zahir Əmənovdan yaymamağı istəyir
Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Masallıda hicabın orta məktəblərdə qadağan olunmasına etiraz əlaməti olaraq etiraz aksiyası keçirilib. 150-yə yaxın şəxsin Təhsil Nazirliyinin qərarına etiraz etməsini önləmək məqsədi ilə addım atan Masallı polisi isə bir sıra yanlışlıqlara yol verib.
TİA.AZ-a daxil olan məlumatlara görə, həmin vaxt yerli polis əməkdaşları aksiyaçılara qarşı qanundan kənar hərəkət etməklə yanaşı, həm də bir sıra ciddi yanlışlıqlara yol veriblər. Etiraz edən kütləni dağıtmaq üçün onların üzərinə maşın sürüldüyü və buna bənzər digər addımlar atıldığı vurğulanır. Həmin tapşırıqların birbaşa polis rəisi Əkbər Yusifov tərəfindən verildiyinə dair iddialar da var. Hətta o da vurğulanır ki, məhz bu hadisəyə görə, polis rəisinin müavini Əlifağa müəllimə töhmət belə verilib.
Rayondakı mənbələrdən TİA.AZ-a verilən məlumatlara görə, baş verən hadisələr «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov tərəfindən videolentə alınıb. Elə polis rəisi Əkbər Yusifovu da narahat edən əsas məqam budur. Mənbə bildirir ki, məsələdən xəbər tutan polis rəisi dərhal Əmənovun yanına Adam göndərərək, ona minnətçi düşüb. Belə ki, Yusifov baş redaktordan xahiş edib ki, çəkdiyi videogörüntüləri yaymasın. Bunun qarşılığında isə qəzet rəhbəri ilə istənilən anlaşmanı əldə etməyə razı olduğunu bildirib.
Məlumatlarda deyilir ki, «Cənub Xəbərləri» qəzetinin rəhbəri polis rəisinin adamı ilə görüşdükdən sonra ona həmin görüntüləri yayacağı ilə bağlı xəbərdarlıq göndərib. Və bildirib ki, istiənilən halda bu prosesin qarşısını almaq mümkün olmayacaq. Ona görə də, boşuna zəhmət etməyərək, hər hansı bir adamını bir daha onun yanına göndərməsin.
  Tarix: 17.12.2010

воскресенье, 12 декабря 2010 г.

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN AZAD OLUNMASINI TƏLƏB ETDİ

Məhbus baş redaktoru dekabrın 21-də azad edə bilərlər
Avropa Şurasının Nazirlər Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin işi üzrə yekun rəyini açıqlayıb. “Turan” xəbər verir ki, komitənin 30 noyabr iclası haqda məlumatında deyilir: “Avropa İnsan Hüquqları Konvensiyanın 146-cı maddəsinə uyğun olaraq, Avropa Şurası üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır. 46-cı maddəyə uyğun olaraq, ərizəçi dərhal azad olunmalıdır. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr tarixli qərarı Eynulla Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir. Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır. Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərizəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa, cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”.
Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət komitənin mühüm funksiyalarından biridir.
Eynulla Fətullayev 2007-ci ilin aprelində təhqir etməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma ittihamları ilə yenidən məhkum olunan jurnalistin cəzası 8 il 6 aya qaldırılıb.
2010-cu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Eynulla Fətullayev barəsində yeni qərar çıxarıb. Jurnalistin üzərində iki ittiham saxlanıb və ona 2 il 3 ay cəza müəyyənləşdirilib. 3 iyul 2007-ci ildən hesablanan cəza müddəti başa çatsa da, Eynulla Fətullayev üstündə olan narkotik işinə görə azadlığa buraxılmayıb. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik vasitə saxlamada təqsirli bilərək 2 il 6 ay həbsə məhkum edib. Bu hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Bakı Apelyasiya Məhkəməsinin noyabrın 5-də keçirilən hazırlıq iclasında həbsdə olan Eynulla Fətullayev barəsində yenidən həbs-qətimkan tədbiri seçib.
Ali Məhkəmə Plenumunun noyabrın 11-də Eynulla Fətullayev haqqında qəbul etdiyi qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il aprelin 22-də çıxardığı qərarla bağlıdır. Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə şikayətə baxaraq jurnalistin dərhal azadlığa buraxılması, ona 27 min 822 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət versə də, qərar qüvvədə saxlanıb. Ona görə də Ali Məhkəmənin Plenumu bu məsələyə baxmalı olub. Lakin Baki Apelyasiya Məhkəməsinin E.Fətullayevlə bağlı 5 noyabr 2010-cu il tarixli qərarı onun azad edilməsinin qarşısını alıb. Dünən həmin qərardan E.Fətullayevin verdiyi kassasiya şikayətinə baxılmasının vaxtı da məlum olub. Məhbus baş redaktorun vəkili Elçin Sadıqov “Media forum”a açıqlamasında deyib ki, Ali Məhkəmə məhbus jurnalistin Bakı Apelyasiya Məhkəməsinin 5 noyabr tarixli qərarından verdiyi kassasiya şikayətinə dekabrın 21-də baxacaq. Prosesə hakim İmran Hacıqayıbov sədrlik edəcək. E.Fətullayevin atası Emin Fətullayev Nazirlər Komitəsinin qərarını alqışladığını qeyd etməklə yanaşı Ali Məhkəmədə şikayətə baxılan gün oğlunun azad olunması üçün fürsət olduğunu da vurğulayıb: “Yaxşı olardı ki, dekabrın 21-də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin noyabrın 5-də Eynulla barədə seçdiyi həbs-qətimkanı tədbirini ləğv etsin və onu azad etməklə bu işə son qoysun”.
E.MƏMMƏDƏLİYEV
359 dəfə baxılıb

Özgə arvadının yatağında meşəbəyinin qanı axdı


07 Dekabr 2010 [17:15] - Milli.Az
Toydan evə qayıdan sərxoş traktorçu arvadını başqa kişi ilə yaxaladı...
Kürdəmir rayonunda namus üstündə qan tökülüb. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə Garıs Əyribənd kəndi ərazisində baş verib. Kənd sakini 31 yaşlı Elşən Bünyadov sərxoş halda münaqişə zəminində Ağsu rayon sakini 25 yaşlı Elşən Ələkbərovu bıçaqlayıb.
İşin istintaqını aparan müstəntiq Sadiq Əfəndiyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Sabirabad Toxumçuluq İdarəsində traktorçu işləyən Elşən Bünyadov gecə saatlarında toydan evə qayıdarkən evində işıqların yanmadığını görüb. Bundan şübhələnən E.Bünyadov sakitcə evə daxil olub və yataq otağına girib. İşığı yandıranda isə yad bir kişini arvadının yanında görüb. Həmin şəxs Elşən Bünyadovu vurub qaçmaq istəsə də, istəyinə nail olmayıb. Onlar arasında dava düşüb. Həmin şəxs yenidən onun əlindən çıxıb qaçmaq istəyərkən E.Bünyadov mətbəxdən bıçaq götürərək ona kürək nahiyəsindən zərbə endirib. Yaralı xəsarətlə Ağsu rayon xəstəxanasına çatdırılıb.
E.Ələkbərov Sabirabad Meşə Təsərrüfatında gözətçi işləyir.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az

Rayonda icra başçısı ilə


Rayonda icra başçısı ilə tanınmış şəxslərdən biri arasında mübahisənin yarandığına dair məlumat dolaşır Masallıda icra başçısı Qəzənfər Ağayevlə rayonun tanınmış şəxslərindən biri arasında ciddi insidentin baş verdiyi barədə məlumat əldə etmişik. TİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hadisə dünən rayonun mərkəzində baş verib.
Xəbərdə vurğulanır ki, icra başçısı Qəzənfər Ağayev öz işçiləri ilə birlikdə rayonun mərkəzində görülən işlərlə tanış olmaq üçün gəzintiyə çıxıb. «Köhnə Bazar» deyilən əraziyə yaxın bir yerdə onun qarşısına çıxan rayonun tanınmış şəxslərindən biri icra başçısına söz atıb. Buna reaksiya verən başçı isə əvəzində ağır sözlər eşitməli olub. Ardından isə həmin şəxs Ağayevin üzərinə hücum çəkib və onu sərt şəkildə hədələyib.
Məlumatı verən mənbələr bildirirlər ki, hadisənin əlbəyaxa döyüşə çevirlməsinə imkan verməyən İcra Hakimiyyətinin işçiləri ortalığı sakitləşdirməyə nail olublar. Sonra isə hər mübahisəyə səbəb olan şəxsin oradan uzaqlaşmasını xahiş ediblər.
TİA.AZ bildirir ki, insidentin yaranmasına səbəb olan sözügedən şəxsin kimliyi məlum olsa da, tam dəqiqləşdirmə aparmadan bu barədə məlumat vermək niyyətində deyilik. Yalnız onu deyə bilərik ki, həmin şəxslə icra başçısı arasında münasibətlər çoxdandır pozulub və tərəflər imkan daxilində bir-birlərinə qarşı addımlar atırlar. Baxılıb: 44 | Tarix: 08.12.2010

Seks qadınları cavanlaşdırır


10 Dekabr 2010 [18:09] - Milli.Az
Müntəzəm sekslə məşğul olmaq qadınların ömrünü uzadır.
Milli.Az xəbər portalının vrach.tv saytına istinadən verdiyi məlumata görə, Şotlandiya alimləri həftədə təxminən 3 dəfə sekslə məşğul olan qadınlar üzərində eksperiment aparıb. Onların real yaşlarından 4 yaş cavan göründükləri təsdiqlənib.
Tədqiqatçılar bunu seks zamanı qadın orqanizmində qocalmaya səbəb olan hormonların inkişafının qarşısını alan hormonların artması ilə izah edir. Alimlərin sözlərinə görə, seks qadınlarda nəinki dərinin qırışmasının qarşısını alır, həm də sifəti təravətləndirir, gözlərin ətrafındakı şişləri və yuxusuzluğu aradan qaldırır. Bütün bunlar yekunda xanımların ömrünün uzanmasına səbəb olur.
Milli.Az

Şirkətlərin əsas yeyinti mənbəyi ilə bağlı mübahisəli məsələlər meydana çıxıb


Bu ilin oktyabr ayından etibarən ayrı-ayrı dövlət qurumları və şirkətlərinin nəzərdə tutduğu tenderlərin hamısı dayandırılıb. Etibarlı mənbələrdən TİA.AZ-a daxil olan məlumata görə, hökumətin göstərişinə əsasən atılmış addımın başlıca səbəbi iqtisadi böhranla bağlıdır.

Mənbənin bildirdiyinə görə, adətən şirkətlərin əsas gəlir mənbəyi olan və daha çox yeyinti üçün əsaslar verən tenderlərin dayandırılması ölkədə iqtisadi sıxıntıların baş qaldırması ilə əlaqədardır. Onun sözlərinə görə, büdcədən və ya dövlət şirkətləri tərəfindən ayrılmış pulların dayandırılması yaranmış iqtisadi sıxıntıları aradan qaldırdıqdan sonra mümkünləşəcək.

Məlumatda o da deyilir ki, gələn il üçün nəzərdə tutulmuş tenderlərin də taleyi sual altındadır. Bildirilir ki, hal hazırda hökumət yanında bunun müzakirəsi gedir və hələlik yekun qərar verilə bilmir. Hökumət rəsmilərinin bir qismi hesab edir ki, iqtisadi sıxıntılar aradan qalxdıqdan sonra nəzərdə tutulan işlərin həyata keçirilməsinə başlamaq məqbuldur. Bir qism isə o fikirdədir ki, baş verənləri gözləmədən bəzi işləri həyata keçirmək lazımdır. Baxılıb: 16 | Tarix: 10.12.2010

ANASIZ GÜNLƏRİM


 
ANASIZ GÜNLƏRİM ...

Yuxum ərşə çəkildi,                                         Dilim haqqdan pay istər,
Hardasan sən ay Ana!                                      Nə dövlət, saray istər.
Sinəmə dərd əkildi,                                          Ürəyim lay-lay istər,
Hardasan sən ay Ana!                                      Hardasan sən ay Ana!
                                                                                                         
Eşid çal-çağırımı,                                             Toy- nişan,  ənam oldu,                                                                       
Duyan yoxdu ağrımı.                                        Göz yaşım xınam oldu.                                      
Dərd alıbdı bağrımı,                                          Mənzurə Anam oldu,                                      
Hardasan sən ay Ana!                                       Hardasan sən ay Ana!                                   

Tumar gəzir əllərim,                                          Sevincim yox güləm mən,                                        
Viran olub ellərim.                                            Nə bahar, nə güləm mən                                              
Ağarıbdı  tellərim,                                             Yaralı bülbüləm mən.                                              
Hardasan sən ay Ana!                                        Hardasan sən ay Ana!

Həsrət mənçün ağladı,                                        Hanı ilqarı könlün,
Hicran odu dağladı.                                           Oxşamır yarı könlün.
Qəlbim qubar bağladı,                                       Axtarsın barı könlün,
Hardasan sən ay Ana!?                                      Hardasan sən ay Ana!
                                                               
Qismətim sınaq oldu,                                        
Uğurum qınaq oldu.                                          İMAN ABDULLA 
Birin minbudaq oldu,                                        20. 09. 2010-cu il
Hardasan sən ay Ana!                                       Cəlilabad şəhəri

İncimə göz yaşımdan,                                        ANASIZ GÜNLƏRİM
Küsgünəm dağ-daşından.                                      
Xəbər ver qardaşımdan,
Hardasan sən ay Ana!

Ayın sirdaşım mənim,
Günün başdaşım mənin.
Ucalan başım mənim,
Hardasan sən ay Ana!

 

KTN başçısı spirtli içkilər......

KTN başçısı spirtli içkilər bazarına nəzarəti itirməyə başlayıb
Xeyli müddətdir spirtli içkilər bazarını əlində saxlamağı bacaran kənd təsərrüfatı naziri İsmət Abbasov artıq bu missiyasını yerinə yetirə bilmir. TİA.AZ-a etibarlı mənbələrdən daxil olan məlumatlara görə, bazar uğrunda məmurlar arasında gedən mübarizənin qarşısında duruş gətirə bilməyən nazir zaman içində nəzarət funksiyasını əlindən verməyə başlayıb.
Mənbə bildirir ki, KTN başçısı bir xeyli dirəniş göstərməyə nail olub. Amma hazırkı məqamda hücumların sayının çoxluğu onu geri çəkilməyə məcbur edir. Elə buna görə də, nazir İsmət Abbasov spirtli içkilər bazarındakı payının böyük bir qismindən imtina etməyə hazırlaşır.
Baxılıb: 49 | Tarix: 10.12.2010

“EMBAWOOD” SAHİBİNİN BACISI OĞLUNUN...........


“EMBAWOOD” SAHİBİNİN BACISI OĞLUNUN İNTİHARI İLƏ BAĞLI ŞOK MƏLUMATLAR
Masallıdakı ölüm işinə görə polis şöbəsinin əməkdaşı saxlanıb
Dünən Masallı Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov saxlanılaraq Bakıya aparılıb. Onun Bakıya aparılmasının səbəbi kimi tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Məşur Məmmədovun bacısı oğlu Sərraf Əliyevi özünə qəsd həddinə çatdırmasıdır. Bu barədə bütün Masallı camaatı danışır. Bu barədə redaksiyamıza Masallıdakı mənbələrdən xəbər veriblər. Bildiriblər ki, noyabrın 24-də baş vermiş olayla bağlı Masallıya Bakıdan xüsusi istintaq qrupu göndərilib. Özünəqəsd hadisəsi ilə bağlı cənub bölgəsinin ən tirajlı qəzeti olan “Cənub xəbərləri”ndə geniş yazı dərc olunub.
Həmin yazıda yer alan bir çox maraqlı iddia və fikirləri diqqətinizə çatdırırıq. Qəzetin təsisçisi və baş redaktoru Zahir Əmənov Kalinovka kənd sakini olan 24 yaşlı, 2 uşaq atası Sərraf Azad oğlu Əliyevin yaxınları ilə görüşərək onlardan hadisənin təfərrüatları barədə məlumat almaq istəyib. Lakin mərhumun yaxınları intiharın detallarını şərh etmək istəməyiblər.
Müəllif yazır ki, S.Əliyev özünə məxsus fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb: “Sərraf Əliyev Masallı şəhərində, xəstəxananın yanında, əlillər üçün tikilmiş evdə yaşayırmış. Noyabrın 23-də həmin şəxs bu evdə 14 yaşlı bir qızla yaxalanıb. Yayılan söhbətlərdə isə bildirilir ki, bu, xüsusi quraşdırılmış, mərhumdan pul qopartmaq üçün təşkil edilmiş bir təxribatdır. Həmin mənbələrin bildirdiyinə görə, intihar edən gəncin evinə göndərilən qızın Sərrafın yaşadığı evə girişindən dərhal sonra Vüqar adlı bir kişi və iki qadın, daha doğrusu, qızın anası və qonşu qadın (bu qadınların kimliyi redaksiyaya məlum olsa da, biz hələlik onların adını çəkməyi lazım bilmədik) böyük hay-küylə qapını döyməyə başlayıb və deyilənə görə, qapını sındırıblar. Onların hücumundan heç 5 dəqiqə keçməmiş, sanki hazır dayanıblarmış kimi, polislər hadisə yerində peyda olurlar. Polis əməliyyatına Masallı Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Halbuki həmin vəzifə sahibi belə əməliyyatlara getmir, şöbəyə daxil olmuş işləri təhqiq edir. Beləliklə, polislər hadisə yerində yaxalanan “günahkarı”, Sərraf Əliyevi şahidlərlə birgə polis şöbəsinə gətirirlər. Mənbə onu da bildirir ki, bu qadınlar və Vüqar adlı kişi əvvəllər də həmin azyaşlıdan alət kimi istifadə edərək polislə əlbir olub, bir neçə şəxsi də bu yolla şərləmiş və pul qoparmışlar.
Başqa bir mənbənin bildirdiyinə görə, intihardan qabaq Sərraf Əliyev yaxınlarına danışıb ki, polisdə ona ciddi psixoloji təzyiqlər edilib. Ona bildiriblər ki, ailəli adamsan, səni rayonda biabır edəcəyik ki, azyaşlı qızın bakirəliyini pozubsan. Onun yanında guya bir neçə telekanalla telefon əlaqəsi saxlayıb, onları polisə dəvət ediblər ki, gəlin bu rüsvayçılığı çəkin. Sonra da guya xahiş ediblər ki, hələ gəlməyin. Həmçinin onu hədələyiblər ki, səni içəri atdırıb, başına orada min oyun açdıracağıq və sairə. Daha sonra şərt qoyublar ki, bütün bunları istəmirsənsə, imkanlı qohumlarından bizim üçün 100 min manat pul təşkil elə. Daha sonra qızın bakirə olduğu aşkarlananda haqq-hesab 100 mindən 50 min manata enib. Hətta Sərrafa şəxsi minik maşınını satıb bu işi “bağlamağı” təklif ediblər. Bununla kifayətlənməyib onun maşınına müştəri də tapıblar. Lakin notariat kontoru saat 18:00-dan sonra başlandığı və alqı-satqını rəsmiləşdirmək mümkün olmadığı üçün bu işdən vaz keçiblər. Sərraf Əliyevə təklif ediblər ki, istənilən pulu təcili düzəltmək üçün get, fermandakı inəkləri 2 saata sat, heç olmasa, 25 min manat gətir. Sonda Sərraf Əliyevin yaxın qohumu onu zaminə götürərək vaxt istəyib ki, onlara pulu düzəltmək üçün möhlət versinlər, istənilən məbləği düzəldib bir neçə saatdan sonra ünvanına çatdırsınlar. Beləliklə, Masallı Rayon Polis Şöbəsində 100 min manatdan başlayan “bazarlıq”dan sonra “günahkarı” evə buraxırlar. Düşdüyü vəziyyətdən çıxış yolu axtaran Sərraf rəhbərlik etdiyi fermaya qəssab gətirib, buradakı mal-qaranı dəyər-dəyməzinə satmaq istəyib. Lakin qəssab onun çaşqın vəziyyətdə olduğundan, bu qədər mal-qaranın ucuz qiymətə satılması təklifindən şübhələnərək həmin alverə qol qoymayıb. Pul üçün bir neçə qohum-qardaşa da müraciəti boşa çıxandan sonra Sərraf çıxış yolu tapmayaraq elə həmin axşam 10-11 radələrində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb".
Qəzet yazır ki, yuxarıda qeyd olunan bütün bu işlərə polis şöbəsindən təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov başçılıq edib. S.Əliyevi dindirənlərdən biri Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov olub. Tibbi ekspertiza zamanı isə S.Əliyevin həmin 14 yaşlı qızla nəinki intim, heç fiziki yaxınlığı ilə bağlı hər hansı hal da müəyyənləşməyib.
Baş Prokurorluğun mətbuat xidmətinin olayla bağlı yaydığı məlumatda deyilir ki, noyabrın 30-da qeyd edilən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə tapşırılmışdır. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
E.QƏDİMOV
2617 dəfə baxılıb