Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

                                         Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
«Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında razılaşdırılmış «Ölkə üzrə Tərəfdaşlıq Strategiyası» sənədi çərçivəsində həyata keçirilir.
Layihəyə hazırlıq məqsədilə nəzərdə tutulan, Dünya Bankı tərəfindən idarə olunan və Yaponiya Hökuməti tərəfindən maliyyələşdirilən qrant sazişi Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən 2007-ci il 22 fevral tarixində, Layihə üzrə Kredit Sazişi isə 2007-ci il 27 iyul tarixdə Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış, kredit sazişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 avqust tarixli, 234s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
Daşınmaz əmlak bazarının dəstəklənməsi, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılması məqsədi daşıyan bu layihə dörd komponenti özündə birləşdirir. Layihənin birinci və əsas komponenti daşınmaz əmlakın qeydiyyatıdır və layihənin ümumi xərclərinin təqribən 61 faizi məhz bu komponentin icrası üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, digər komponentlər də birinci komponentdə nəzərdə tutulan və Layihənin əsas məqsədinə nail olmağa, habelə ölkəmizdə müasir, şəffaf və beynəlxalq standartlara cavab verən daşınmaz əmlakın vahid kadastrı və qeydiyyatı sisteminin qurulmasına yönəlmişdir.
Birinci komponentin məqsədi daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparan icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin binalarının fiziki vəziyyətinin yaxşılaşdırılması, avtomatlaşdırılmış sistemlərin və onlayn xidmətlərin qurulması vasitəsilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində daha səmərəli və sərfəli müştəri xidmətlərinin göstərilməsindən ibarətdir.
Bu komponent çərçivəsində Xidmətin yerli qurumları üçün yeni inzibati binaların tikintisi, həmçinin mövcud binaların təmiri həyata keçiriləcək, ofis avadanlığı, mebel və kompüter sistemləri təmin olunacaq, hüquq sahiblərinə daha keyfiyyətli xidmət göstərilməsi, notariat şöbələri və  digər müvafiq sahələrdə çalışanların məlumatlara onlayn  çıxışını təmin edən vahid qeydiyyat və kadastr sisteminin hazırlanması, daşınmaz əmlakın tam kadastrının və əmlakın inventarizasiyasının təmin edilməsi nəzərdə tutulmuşdur.
İctimai məlumatlandırmanın, strateji və biznes planlaşdırılması məqsədilə qeydiyyat xidmətlərinin davamlılığının təkmilləşdirilməsi, qeyri-qanuni və plansız tikintilərin həcmini təhlil etmək üçün pilot tədbirlərin həyata keçirilməsi və həmin məsələlərin həlli məqsədilə Dünya Bankı üçün məqbul olan strategiyanın hazırlanması da birinci komponentə aiddir.
Layihənin ikinci  komponenti dövlət əmlakının idarə edilməsi ilə bağlıdır. Layihənin ümumi xərclərinin 12 faizini əhatə edən bu komponent dövlət əmlakının idarə edilməsi və dəstəklənməsini nəzərdə tutur ki, bura da inzibati sistemlərin və xidmət göstərilməsinin, habelə dövlət əmlakının avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
Daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsinin yaradılması və ortofotoxəritələrin hazırlanması layihənin üçüncü komponentini əhatə edir. Bu komponentin icrası üçün layihənin ümumi xərclərinin 17 faizi nəzərdə tutulmuşdur. Avtomatlaşdırılmış əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün baza geodeziya, xəritə və kadastr məlumatlarının təmin edilməsi məqsədi daşıyan üçüncü komponent çərçivəsində bütün sahələr üzrə cari və perspektiv mərzçəkmə işlərinin yerinə yetirilməsində istifadə ediləcək fasiləsiz fəaliyyət göstərən 37 istinad stansiyası yaradılacaq.
Layihə çərçivəsində yeni peyk və aerofototəsvirlər vasitəsilə rəqəmli ortofotoxəritələrin tam dəsti hazırlanacaq. Torpaq sahələrinin xəritələri tərtib ediləcək. Strateji və biznes planlaşdırılması vasitəsilə bu cür xidmətlərin davamlılığının təkmilləşdirilməsi təmin olunacaq.
Layihənin sonuncu komponenti təlim siyasətinin formalaşdırılması və  layihənin idarə olunması məsələsinə aiddir. Bu komponentə ümumi xərclərin təqribən 10 faizi ayrılmışdır. Dördüncü komponentin məqsədi layihənin monitorinqinin aparılmasından, birgə fəaliyyətin əlaqələndirilməsindən, informasiyanın birgə idarə edilməsi strategiyasının hazırlanmasından, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir.
Layihə çərçivəsində Xidmətin ərazi idarələrinin hər birində əmlakla bağlı əqdlərin qeydiyyatı avtomatlaşdırılacaq və əqdin qeydiyyata alınması üçün standart müddət cəmi üç gün təşkil edəcək, vətəndaşların rahatlığı təmin olunacaq və onlara göstərilən xidmətin səviyyəsi xeyli dərəcədə yüksələcək, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı tam şəffaf şəraitdə aparılacaq. Layihə nəticəsində daşınmaz əmlaka dair əqdlərin, o cümlədən ipoteka əqdlərinin sayının nəzərəçarpacaq dərəcədə artacağı proqnozlaşdırılır.
Layihə çərçivəsində həmçinin bütün ölkə üzrə yeni ortofotoxəritələr hazırlanacaq və bu xəritələr mövcud kadastr məlumatlarını, o cümlədən keçmiş dövrlərdə üzərindəki hüquqlar ayrı-ayrı orqanlar tərəfindən qeydiyyata alınmış torpaq sahələrinin ölçüləri, konfiqurasiyaları, habelə artıq hüquqi və fiziki şəxslərə verilmiş hüququ sənədlərdə (Dövlət aktları və şəhadətnamələr) əks olunmuş texniki göstəriciləri həqiqi vəziyyətlə müqayisədə yoxlamaq üçün zəmin rolunu oynayacaq. Yalnız kadastr məlumatını yerdəki vəziyyət ilə uyğunlaşdırmaq mümkün olmadığı hallarda minimum həcmli çöl-ölçmə işləri aparılacaq.
Bu Layihə bütün müsbət cəhətləri ilə yanaşı, həm də özəl şirkətlərlə bağlanacaq tender əsaslı podrat müqavilələri vasitəsilə özəl sektorda mərzçəkmə və kadastr ölçmələrinə dair işlərin aparılması ilə bağlı bilik və bacarıqların artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində həmçinin fasiləsiz fəaliyyət göstərən istinad stansiyaları sistemi quraşdırılacaq və bu da şirkətlərə mərzçəkmə xidmətlərini daha tez həyata keçirmək və əvvəl istifadə edilən avadanlıqdan nisbətən ucuz avadanlıq istifadə etməyə imkan yaradacaq. Bu sistem bütün mərzçəkənlərin, o cümlədən topoqrafiya və inşaat sahəsində çalışan mütəxəssislərin fəaliyyətinə müsbət təsir göstərəcək və yalnız kadastr işləri ilə məhdudlaşmayacaq.
Bu layihə çərçivəsində tətbiq ediləcək informasiya sistemləri həm qrafiki, həm də mətn məlumatlarını daxil edən vahid sistemlər formasında olacaq. Elektron hökumət təşəbbüsü ilə birbaşa bağlı olan geniş ərazi şəbəkəsi vasitəsilə təşkilatlar bir-biri ilə bağlanacaq. Məsələn, notariuslar məlumatların əldə olunması və ərizələrin qəbulu üçün sistemə çıxış imkanları əldə edəcəklər. Bu isə sərf olunan vaxta və xərclərə qənaət deməkdir.
Bütün bunlarla yanaşı «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin Azərbaycanın daşınmaz əmlak fondunun dəyərini əhəmiyyətli dərəcədə artıracağı proqnozlaşdırılır. Proqnozlara görə 2012-ci il üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən 20 milyon manata yaxın gəlir əldə ediləcək. Qeydiyyat üçün vaxtın azalması və notariusların sistemə onlayn rejimdə daxil olması ilə əmlak bazarında əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalacaq. İpoteka, tikinti və daşınmaz əmlakla bağlı digər xidmətlərin məhsuldarlığı artacaq. Daşınmaz əmlak bazarında fəallığın artması nəticəsində Xidmətin kadastr xəritələrindən əldə etdiyi gəlirlər çoxalacaq. Daşınmaz əmlakın real bazar dəyərinin hesablanması üçün yaranmış imkanlar, həmçinin əmlak bazarında əməliyyatların sayının artması vergi yığımına müsbət təsir göstərəcək. Eyni zamanda daşınmaz əmlakla bağlı irimiqyaslı əqdlərin daha yaxşı monitorinqi nəticəsində vergilərin artırılması, vergi islahatlarının həyata keçirilməsi üçün potensial imkanlar yaranacaq. Bütün bunlar bələdiyyələrin fəaliyyətinə də müsbət təsir göstərəcək. «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»  2013-cü ilə qədər olan müddəti əhatə edəcək.