суббота, 5 февраля 2011 г.

Fövqəladə Hallar Nazirinə qarşı mübarizə planı işə düşür


KAMALƏDDİN HEYDƏROV “MÜHASİRƏYƏ“ ALINIB / 03.02.2011
Fövqəladə Hallar Nazirinə qarşı mübarizə planı işə düşür
Ölkə mətbuatında müntəzəm olaraq Azərbaycan hakimiyyətinin tərkibində bir - birinə qarşı ciddi mübarizə aparan qruplar haqqında xeyli maraqlı yazılar dərc olunur. Həmin yazıların süjet xəttini əsasən ölkənin baş nazir postu uğrunda gedən mübarizə təşkil edib. Kamaləddin Heydərov - Ziya Məmmədov, Kamaləddin Heydərov - Ramil Usubov, Kamaləddin Heydərov - Bəylər Əyyubov, Kamaləddin Heydərov - Ramiz Mehdiyev qarşıdurmaları haqqında gedən yazıların motivlərini, məhz həmin adamların Baş nazir postu uğruda apardıqları amansız mübarizənin süjeti təşkil edir.
Heç kimə sirr deyil ki, Azərbaycan iqtidarını təşkil edən insanlar komanda halında bir ailənin nəzarəti altında olsalar da, ailənin xeyir - duası ilə hakimiyyətin ayrı - ayrı qollarına rəhbərlik edən bu nazirlər və digər yüksək vəzifəli şəxslər arasında daha yüksək post tutmaq üçün daim kəskin, bəzən qorxunc örtülü mübarizə gedib və bu proses indi də davam edir. Həmişə mübarizə ölkənin baş nazir postu uğrunda gedib və gedir. Qeyd edim ki, yuxarıda adlarını çəkdiyimiz cütlüklərin mübarizəsi bir çox hallarda öz nəticəsini verib. Buna dair bir neçə fakt artıq ortadadır. Onlardan bəzilərini təkrar yada salmağı məqsədəuyğun sayıram.
Məsələn, 2000 - 2005 - ci illər ərzində Kamaləddin Heydərov - Fərhad Əliyev və Kamaləddin Heydərov - Əli İnsanov cütlükləri arasında getmiş gizli mübarizənin nəticələrini götürək. Yəqin, həmin illər ərzində bu cütlüklər arasında zaman - zaman baş verən münaqişə barədə xalq arasında gəzən şayiələri çoxunuz xatırlayırsınız. O zaman şayiə gəzirdi və hətta mətbuat yazırdı ki, Kamaləddin Heydərov Əli İnsanovu döyüb. Bu, əslində şayiə deyildi, məmurlar arasında gedən savaşın sədası idi. Hətta bir dəfə Kamaləddin Heydərov mətbuat konfransında yazarlardan birinə bu barədə yazısına yumorla etiraz da etdi.
Həmin qarşıdurmalar 2005 - ci ildə öz bəhrəsini verdi. Əli İnsanov və Fərhad Əliyev süni ssenari əsasında qurulmuş “ dövlət çevrilişinə “ cəhddə suçlu bilinərək, tutulub həbs olundular. Onların hər ikisi hələ də məhkumluq həyatı yaşayırlar. Deməli, o zaman Kamaləddin Heydərov Fərhad Əliyevin və Əli İnsanovun hakimiyyətə xəyanət etdiklərini ölkə prezidentinə çatdırdı, tutarlı faktlarla onu inandırdı və özünə rəqib olan, Baş Nazir postuna real namizədlərin hər ikisini gizli mübarizə ilə vurub sıradan çıxardı və çoxdan başladığı örtülü mübarizədə qalib gəldi. Bu hadisədən sonra K. Heydərov Baş nazir postuna gətirilməsə də, FHN kimi güclü bir qruma nazir təyin olundu. Eyni zamanda bir sıra sahələr onun nəzarəti altına verildi.
Hazırda açıq hiss olunur ki, FH naziri K. Heydərovun mövqeyi əvvəlkinə nisbətən xeyli zəifləyib. Gələn məlumatlar təsdiq edir ki, artıq ölkə prezidentinin yanında onun mövqeyi sürətlə geriləyib. Ramiz Mehdiyev, Bəylər Əyyubov, Ramil Usubov, Ziya Məmmədov və digər yüksək vəzifəli şəxslər K. Heydərovun ailə hakimiyyəti üçün çox təhlükəli fiqura çevrilməsi barədə obrazı yaradaraq onu sıradan çıxarmağa nail olublar. Əldə etdiyimiz məlumatlar da təsdiq edir ki, yuxarıda adlarını çəkdiyimiz şəxslər K. Heydərov haqqında ölkə prezidentinə kifayət qədər təsdiqlənmiş ciddi məlumatlar veriblər.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, artıq bir neçə aydır ki, ölkə prezidenti K. Heydərovu yaxına buraxmır. Son iki ayda K. Heydərovun prezident tərəfindən müxtəlif motivli hadisələrlə bağlı bir neçə dəfə sorğu - sual edildiyi və ciddi təpgi ilə üzləşdiyi bildirilir. Hər tərəfdən mühasirəyə alınan K. Heydərovun hazırda bütün hərəkətlərinin nəzarət altına alındığı və MTN tərəfindən əmlakının gizli “uçotu”nun aparıldığı deyilir. Mənbə son zamanlar FHN - nin bütövlükdə fəaliyyətinə nəzarətin ciddi şəkildə gücləndirilməsini K. Heydərovun vəzifədən qəflətən götürülməsi ilə nəticələnə biləcəyi ehtimalını da istisna etmir.
Göründüyü kimi, ölkənin ən nüfuzlu və önəmli fiqurlarından biri olan “Fövqəlnazir” ətrafında olduqca xoşagəlməz şayiələr dolaşmaqdadır. Atalar yaxşı deyib ki, “ od olmasa, tüstü çıxmaz!”. Yəqin deyilənlərin hamısı gerçək olmasa da, müəyyən qismi reallığın əlamətidir. Hadisələrin gedişi və ortada gəzən söz - söhbətlər K. Heydərovun çoxdan arzuladığı Baş nazir postuna gedən yolun bağlandığına dəlalət edir.
Amma belə getsə, deyəsən, Baş nazir kreslosunda əyləşən Artur Rasizadə çoxlarının ümidlərini puça çıxaracaq. O, hələ də Aeroporta gedib prezidenti xaricə yola salır və qayıdanda da çox həvəslə qarşılayır! Heç xəstə və qoca adam təsiri də bağışlamır!..

Mirdaməd

Комментариев нет:

Отправить комментарий