суббота, 5 февраля 2011 г.

Sahibkarlıq


 Sahibkarlıq
Azərbaycan Sahibkarlar Konfederasiyası əsassız yoxlamaların ləğvini təklif edir

         



[ 04 Fevral 2011 13:16 ]
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) sahibkarlıq subyektlərində əsassız yoxlamaların azaldılması və bu sahəyə ictimai nəzarətin gücləndirilməsi məqsədilə aparılan yoxlamalarda təşkilatın nümayəndələrinin də iştirak etməsini təklif edir.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə bu gün təşkil olunan mətbuat konfransında ASK-nın rəhbəri Məmməd Musayev bildirib: «Qanuna görə, yoxlamalar İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə olmalıdır. Təklif edəcəyik ki, yoxlamalarda biz də iştirak edək. Söhbət təkcə konfederasiyadan deyil, digər sahibkarlıq təşkilatlarının da yoxlamalara qatılmasından gedir».
ASK sədrinin sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələrdə 20-yə yaxın dövlət qurumu yoxlamalar aparır ki, bu da sahibkarların vaxt itkisinə səbəb olur: “Bu qurumların hərəsi ildə bir dəfə yoxlama aparsa, deməli, hər ay sahibkarlar 1,5 dəfə yoxlanılır. Bunların sistemli olması, yoxlamaların sayının azaldılması və ya birləşdirilməsi müsbət addım olardı. Hazırda, məsələn, məhsulun keyfiyyətinin standarta olmasına 3 qurum nəzarət edir - İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin qurumları, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi. Bunların hər üçünü bir formada birləşdirmək mümkündür ki, bu da sahibkarlara kömək olardı».

Yoxlamaların ən çox hansı qurumlar tərəfindən aparıldığını deməyə çətinlik çəkən M.Musayev bildirib ki, bu məsələ araşdırılacaq: “Biz beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə belə bir araşdırma aparmaq niyyətindəyik ki, ən çox yoxlamalar hansı sektorlardadır, sahibkarları ən çox nə narahat edir və s. Bu məsələlər aydınlaşandan sonra ASK Azərbaycan hökuməti ilə bağlanmış baş sazişə uyğun olaraq bu barədə hökumət qarşısında məsələ qaldıracaq”.
Bununla yanaşı, konfederasiya sədri bildirib ki, əslində yoxlamaların tamamilə ləğv edilməsi mümkün deyil: «Yoxlamalar bütün dünyada var, söhbət onların səmərəliliyini artırmaqdan, sahibkarların işinə mane olan yoxlamaların ləğvindən gedir. Ümumi işə kömək edən yoxlamaların isə tərəfdarıyam”.
M.Musayevin sözlərinə görə, ötən il sahibkarlar arasında aparılan araşdırmalar yoxlamaların sayının artdığını göstərib və bununla bağlı konfederasiyaya şikayətlər daxil olub: «Bu nəticələr ümumiləşdirilərək hökumətə təqdim olunub və prezidentin bu barədə fərmanı da imzalanıb».
Həm də Aqrar-Kredit Təşkilatının sədri olan M.Musayev rəhbərlik etdiyi qurumda əsassız yoxlamalar aparılmadığını bildirib: «Məsuliyyətlə deyirəm ki, Aqrar-Kredit Təşkilatında əsasız yoxlamanın şahid olmamışam. Bizim işimiz şəffafdır. Müvafiq qurumlar vaxtı çatanda gəlib yoxlamalar aparırlar, amma bizim işimizə müdaxilə və buna bənzər halın şahidi olmamışam».

Комментариев нет:

Отправить комментарий