суббота, 5 февраля 2011 г.

Kərəm Həsənovun


04 -02 -2011 . Kərəm Həsənovun «terrorçu» əməliyyatı

Komitədə hər işə girənə həm də işdən könüllü çıxmaqla bağlı ərizə yazdırırlar

Komitə sədrinin repressiyalarından bezən şikayətçi ölkədən sürgün ediməsini istəyir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasından sonra dövlət qurumları kollegiya toplantıları keçirərək nöqsanlarını etiraf etməyə başladılar. Onlardan biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi oldu. Komitə sədri Kərəm Həsənov özbaşınalıq faktları ilə bağlı 15 nəfərin işdən çıxarıldığını bəyan etdi.
Kərəm Həsənovun şousu
Yeri gəlmişkən, ötən saylarımızın birində korrupsiya və rüşvət girdabında üzən dövlət qurumları ilə bağlı yazımızda (yazının adı «Quzunu qurda tapşırıblar») ƏMDK ilə bağlı faktlar təqdim etmişdik. Araşdırmalar azamanı Kərəm Həsənovun işçilərinin vətəndaşlarla ən amansız rəftar edən məmurlardan olduğu məlum olmuşdu. Ən yüksək rüşvəti məhz bu qurumda tələb edirlər.
Faktlardan biri kimi Badamdar qəsəbəsində ikimərtəbəli evin sakini L.Q.-dən mülkini özəlləşdirmək üçün 25 min manat tələb olunduğunu götərmişdik. Xanım etiraz edəndə onu hədələyiblər ki, əgər pul verməsə və hər şeyin qanun əsasda olmasını tələb etsə, onun həyətində quyu qazılacaq. Bundan qorxan xanım BTİ əməkdaşına 25 min manat ödəyib. Halbuki bu kimi özəlləşdirmənin dövlət rüsumu 600-1000 manat həcmindədir.
Əmlak Komitəsində işə qəbul olunanda 2 ərizə yazdırırlar…
İndi təqdim etdiymiz şikayətdə isə göstərilir ki, Kərəm Həsənovun 15 nəfər özbaşınalığa görə işdən çıxarması əslində şoudur. 
Redaksiyamıza şikayət edən ƏMDK-nin 3 saylı ərazi şöbəsinin sabiq baş mühasibi Oruc Orucov pul maxinasiyalarına görə komitədən uzaqlaşdırılıb. Onun sözlərinə görə, 5 yanvar 2006-ci ildə DƏİEDK-də (indiki Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) işə qəbul olunarkən onlara iki ərizə yazmağa məcbur ediblər. Biri işə qəbul, digəri öz xahişləri ilə işdən çıxmaqla bağlı. İkinci ərizə işçini daim təzyiqdə saxlanması üçün yazdırılır.
Komitə rəhbərliyi işçisinin pulunu, torağını alıb, işdən çıxarıb
Şikayətçi deyir ki, ev tikmək məqsədilə Sabunçu rayonunun Ramana qəsəbəsində 38 min 500 manat dövlət rüsumunu DƏİEDK-nin hesabına keçirərək 0.43 ha torpaq sahəsi alıb. Bu barədə əlində qəbz də var. Şikayətçi pulun bir hissəsinin özünün, qalanının isə qohum-əqrəbasına məxsus olduğunu bildirdi: «Amma Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov məni gözümçıxdıya salıb. Ədalətsizliyə yol verərək sözügedən sahənin vətəndaş Famil Orucovun adına özəlləşdirilməsinə yardımçı oldu». O, sədr müavininin ona qarşı etdiyi haqsızlığın kökündə də rüşvət tələbinin durduğunu söylədi. Şikayətçi ödədiyi 38 min 500 manat rüsumun geri qaytarılmasını tələb etsə də, rəis müavini vəsaitin geri qaytarılmayacağını deyib: «Çünki verdiyim pullar Səttarxan adına zavodun həyətində inşa edilən Heydər Əliyev muzeyinə sərf olunub. O zaman özbaşınılıqla bağlı Respublika Prokurorluğuna müraciət etdim. Amma R.Cəlilovun məsələyə müdaxiləsi nəticəsində proseslər mənim əleyhimə yönəldi. Yəni mənə qarşı cinayət işi qaldırıldı. Bunu əsas tutan ƏMDK rəhbərliyi məni 2008-ci il  noyabrın 18-də tutduğu vəzifədən azad edib». Şikayətçi vurğuladı ki, barəsində cinayət tərkibli əməl tapılmadığından ona xitam verilib.
Kərəm Həsənov şikayətçini necə tutdurub?
Artıq iki ildir ki, Orucov Kərəm Həsənova dəfələrlə işə bərpa olunması ilə bağlı müraciət etsə də, hər dəfə rədd cavabı alır: «İşə bərpa ilə bağlı Azərbaycanın bütün məhkəmə instansiyalarını keçmişəm, hamısı rədd edib. İndi şikayəti Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəm.  Məni hər dəfə komitədən çağırırlar ki,  vakanisiya yerlərimiz olan kimi işə götürəcəklər. Son olaraq, eşitdim ki, guya 15 nəfər işdən çıxarılıb. Quruma müraciət etdim ki, vakant yer qalıb, məni işə bərpa etsinlər. Aparatın rəhbəri fevralın 1-də məni çağırdı. Komitəyə gedəndə başqa mənzərə gördüm. Aparatın rəhbəri İlqar dedi ki, Kərəm Həsənov mənə qarşı bərk qəzəbləndiyinə görə iş vermək istəmir. Soruşdum ki, bəs məni niyə 2 ildir iş verəcəyi vədi ilə süründürür. Orada  Kərəm Həsənovun zülmündən bezib üstümə benzin töküb yandıracağımı dedim. Məni dilə tutudu ki, qoy müavinlə söhbət eləsin, nəticəsini desin. Söhbətdən 2 saat keçmişdi, gözləmə zalında oturmuşdum, bidən bir neçə polis içəri girdi və qollarımı qanddalladılar. Xətai rayon 37-ci polis bölməsinə apardılar. Üzərimdə partlayıcı axtarmağa başladılar. Polislər dedi ki, guya mən hədə-qorxu gəlmişəm ki, binanı partladacağam. Sən demə, Kərəm Həsənov polisə zəng edib ki, bir nəfər binanı partlatmaq istəyir. Hüquq müdafiəçisi Mətləb Mütəllimlinin müdaxiləsindən sonra  5 saat saxlayıb buraxdılar».
«Məni ailəmlə birlikdə Azərbaycandan sürgün edəsin»
Şikayətçi deyir ki, bununla bağlı şikayət etmədiyi təşkilat qalmayıb. Hətta prezidentə də bir neçə dəfə müraciət edib. Lakin şikayəti hər dəfə ƏMDK-də baxmağa göndərirlər: «Ölkədə hüquqlarımın qorunması müşkilə çevrilib. İşsizlikdən ailəm səfalət içərisində yaşayır. Başda Kərəm Həsənov olmaqla kimə müraciət edirəmsə, işlə təmin etmirlər. 6 nəfərlik ailəmi necə dolandıracağımı bilmirəm. Yeganə bir çıxış yolum qalıb.
1937-ci ildə sürgün edilmiş validyenlərim kimi, məni də ailəmlə birlikdə Azərbaycandan rəsmi şəkildə sürgün edəsiniz».
Məsələni aydınlaşdırmaq üçün ƏMDK ilə əlaqə yaratmağa çalışsaq da alınmadı. Operator hər də qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun yerində olmadığını bildirdi.
Vüsalə RÜSTƏMOVA

Комментариев нет:

Отправить комментарий