суббота, 5 февраля 2011 г.

VERGİLƏR NAZİRLİYİNDƏ YENİ RÜŞVƏT QAYNAĞI


FAZİL MƏMMƏDOV YENİDƏN XƏRAC TOPLAYIR

Dünən məlumat verərək bildirmişdik ki, birbaşa olaraq prezidentin göstərişinə əsasən, Vergilər Nazirliyi tərəfindən ayrı-ayrı obyektlərdən yığılan illik qeyri-qanuni rüsum ləğv edilib.

Bildirək ki, bu məlumatımız həm ictimaiyyət və həm də aidiyatı olan çevrələr tərəfindən maraqla qarşılanıb. Hətta bu hadisə bir sıra kuluarlarda ciddi şəkildə müzakirə də olunub.

Məlum olur ki, artıq VN rəhbəri Fazil Məmmədov böyük bir gəlir ünvanını əlindən çıxarıb. PİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Fazil müəllim alternativ gəlir qaynaqlarının yaradılması ilə bağlı yeni addımlar atmağa başlayıb.

Bu barədə məlumatı verən mötəbər mənbə vurğulayır ki, yeni qərara əsasən VN əməkdaşlarına nəzarət etdikləri ərazilərin yenidən dislokasiyasının müəyyənləşdirilməsi adı altında pul toplamalıdırlar: «Artıq paytaxtın mərkəzi rayonlarında VN əməkdaşları obyektlərə «hücuma keçiblər». Kimin ki, arxasında himayədarı var, onlar canlarını qurtarır. Yerdə qalanlar isə özlərinin də anlamadıqları bir prosesə (çünki VN əməkdaşları baş çəkdikləri obyektlərin sahiblərinə əslində, hansı məqsədlə gəldiklərini izah etmirlər, sadəcə olaraq VN-dən gəldiklərini bildirirlər –red.) görə pul verməli olurlar».

Məlumatlı mənbəmiz bildirir ki, «yeni dislokasiya müəyyənləşməsi» hər bir sahibkara obyektinin profili və miqasından asılı olaraq 2-5 min manat və 10-50 min manat arası dəyişir: «Bu isə əslində ləğv edilmiş qeyri-qanuni illik rüsumun alternativi kimi də qəbul edilə bilər. Doğrudur, bu «rüsum» əvvəlkindən azdır, amma fakt faktlığında qalır ki, Fazil Məmmədov yenə də obyektlərdən xərac toplama həvəsindən qalmaq niyyətində deyil».

Комментариев нет:

Отправить комментарий