воскресенье, 5 декабря 2010 г.

ABŞ Vikiliks-i təsdiqlədi


image
Vaşinqtonun və səfirliyinin bəyanatlarındakı aşkar incəliklər
“Vikiliks əməliyyatı” davam edir. Bunun rəsmi, yoxsa qeyri-rəsmi dəstəklə həyata keçirildiyi hələ ki, aydın deyil.  Saytın sahibini həbs etmək, ya da onun fəaliyyətini dayandırmağın mümkünsüzlüyü davam edir. Hamı bu elektron mərkəzin yaydığı məlumatları müzakirə edir. Əlbəttə, yayılan  bilgilər diqqətəlayiqdir. Burada bir incə detalı demək yerinə düşər.
Bəziləri bu məlumatları təqdim edərkən “sızma” sözündən istifadə edirlər. Ancaq mənə elə gəlir ki, söhbət sözün həqiq mənasında “axın”dan gedir. Siyasi liderlərin, varlı adamların, hökumət üzvlərinin qarşılıqlı və birtərəfli mövqeləri çap olunmaqdadır. Bir-birlərinə qarşı üzdə gülümsəyənlərin arxada bütün potensiallarından istifadə edib mane olmaq cəhdləri və fəaliyyətləri ifşa olunduqca onlar bunu təxribat adlandırırlar. Ola bilsin ki, burada həqiqətən təxribat var. Amma söhbət təkcə bu sənədlərin üzə çıxmasından getmir. Maraqlı burasıdır ki, dünyanın xeyli hissəsində qeyri-ciddi siyasətçilər, bu peşənin əlifbasını bilməyən adamlar hakimiyyətdədirlər. Onların bu statusa gəlmələri hansı proseslərin nəticəsi kimi meydana çıxıb, özü ayrıca bir sualdır? Amma bu ifşaların məqsədi hələ də onu təşkil edən tərəfdən açıqlanmayıb. Azərbaycan rəhbərliyi bu məlumatların yayılmasını təxribat adlandırır. Əli Həsənov bir az da qabağa boylanıb bu işin arxasında böyük qüvvələrin olduğunu deyib. Onu qınamaq da olmur. Milyardları, orduları olan siyasətçilərin dövlət təmsilçilərinin qanuni, qeyri-qanuni fəaliyyətlərinin, danışıqlarının bu cür ifşası durdurula bilmirsə, deməli, bunun arxasında böyük qüvvələr durur. Biz bu nəzəri böyük qüvvənin kim və ya kimlər olduğunu araşdırmaq istəmirik. Amma fakt var ki, bu sənədlər ABŞ-ın xarici siyasət adamlarının ölkələrdəki görüşlərinin və informativ fəaliyyətlərinin nəticəsində hazırlanıb. Yəni mənbə ABŞ Dövlət Departamentidir. Başqa sözlə, ABŞ xarici siyasət idarəsi... Indi heç kim bir başqasına siyasi səriştəsiz deyə bilməz... Müdrik və səriştəli siyasət ortadadır. Biz bunu şərh edəcəyik...
Kim kimə və niyə məlumat verir?
Səfər Əbiyev rusiyalı həmkarı ilə söhbətlərini ABŞ səfirinə olduğu kimi danışıb. Hətta Serdyukovun mıqqıltılarını da xanım Dersiyə çatdırmağı özünə borc bilib. Bu çox ciddi psixoloji situasiyadır. Daha doğrusu, əzilməkdir. Rusiyaya gedib-gələndən sonra ABŞ-ın könlünü almaq üçün orda içdiyi arağın neçə dərəcə etil olduğunu da deməkdən başqa yol qalmır. Hələ nələr, daha necə biabırçılıqlar. Təxribat əslində budur. Dövlətin imicini, sayğısını bir şüşə arağa qədər endirmək. General ikən ƏSGƏR ola bilməmək. Nazir ikən fağır olmaq. Təxribat budur, cənab Həsənov. Nə qədər ona-buna hesabat verəcək bu dövlət? Xalqa hesabat verməyənin bundan üstün güzəranı yoxdur. Amma o sənədlərdə üzə çıxır ki, ABŞ dövlət adamı Gürcüstan prezidentini məlumatlandırır; Rusiyanın Osetiyada və Abxaziyadakı fəaliyyətləri ilə bağlı. Bu müqayisə sizi hansısa hisslər keçirməyə vadar etməlidir, məncə.
ABŞ səfirliyi təkzib etmədi...
Hər kəs gözləyirdi ki, baş verənlərə ABŞ dövlətinin reaksiyası diplomatik olacaq. Məsələn, onlar artıq yayılmış məlumatların həqiqətəuyğun olmadığını deyəcəklər. Amma bu baş vermədi. Əksinə ABŞ dövlət katibi bu faktların yayılmasından təəssüf etdiklərini vurğuladı. Bu bəyanat bir çoxlarının başa düşüb də özlərini o yerə qoymamalarına mane ola bilmədi. Yetərincə diplomatik cümlənin içərisində “fakt” sözünü işlətməklə ABŞ rəsmiləri ifşa olunanlara prosesin arxasından qaçmayacaqlarına dair işarə vurublar. Amma bəzi hökumətlər özlərini yenə bilməməzliyə vurdular. Bu dəfə isə tamam başqa stil seçildi: “Bu sənədlər hökumətlərin xarici əlaqələrilə bağlı müzakirələrinə əsaslanan səmimi qiymətləndirmələri əks etdirir”. Bu ifadənin yer aldığı bəyanatı isə ABŞ-ın Azərbaycandakı səfirliyi yaydı. Bu bəyanatda isə diqqəti başqa iki ifadə çəkdi. “Hökumətlərin  xarici əlaqələri” və “səmimi qiymətləndirmələr”. Birinci ifadə o deməkdir ki, yazılanlar rəsmi siyasətin real tərəfidir. Ikinci ifadə isə bu sənədlərdə başqalarının arxasınca danışmış siyasilərə sonradan zəng edib, üzr istəmək imkanı verməmək üçün seçilib. Yəni bu söhbətlərin tam səmimi ortamda keçdiyini deməklə, ABŞ diplomatları boyun qaçırmağın yersiz olduğunu bildirmiş olurlar. Bu, eyni zamanda avtoritar, buna görə də qəzəbli rəhbərlərin bir-birlərinə “rəğbətini” alovlandırmaq, əlaqələrini “bərkitməy”ə təkan üçün seçilmiş ifadədir. ABŞ-dan təkzib gözləyənlər isə bir daha məyus oldular. Amma ehtimal olunur ki, bu yazışmaların hələ daha prinsipial məqamları arxadadır. Avtoritar qaydalarla idarə olunan ölkələrin bir çoxunda üstü açılmayan ictimai cinayətlər, siyasi qətillər mövcuddur. Bu olaylarla bağlı bu və ya başqa sızmaların olmadığı da hələ bəlli deyil. Ola bilsin ki, ABŞ səfirliyinin bu açıqlaması həm də o deməkdir ki, Vaşinqton bundan sonra heç bir faktı pərdələmək fikrində deyil. Yəni hər kəs olanları etiraf edib, gərəkən addımları atmalıdır. Məsələn, almaniyalı nazir istefa verdi. Bu o deməkdir ki, həmin sənədlərin təkzibi haqında danışmaq bataqlıqda çabalamaqdır. Yəni daha dəhşətli faktlar üzə çıxa bilər. Söhbət hansısa yalandan getsəydi, bunu Almaniyanın sübut etmək imkanları hər kəsdən daha çoxdur.
Niyə daha çox Azərbaycan?
ABŞ-ın keçmiş diplomatlarından Devid Kramer dövlət katibi Hillari Klintonun Bakı səfərindən dərhal sonra dedi ki, Ilham Əliyev ABŞ dövlət katibinə hörmətsizlik edib. Bu bəyanatı təsadüfi saymaq olmaz. Həm də ona görə ki, Qərbdə belə bir fikir bərkiməkdəydi: Azərbaycan hakimiyyətində heç kim diplomatik işarəni anlamaq istəmir. Ona görə də məhz müxtəlif münasibətləri ifşa eləməklə rəsmi Bakının Qərbə dirəniş göstərmək üçün söykəndiyi dirəklər baltalandı. Özü də azərbaycanlı rəhbərlərin əli ilə. Ilham Əliyev, Səfər Əbiyev bu sırada əsasdırlar. Paşayevlər və Heydərovların sərvətlərinə dair hesabatlar isə “biz sizlə dəqiq məşğuluq” mesajıdır. Ciddiyə almamaq da olar... Münkünsə...
Seymur Həziyev

Комментариев нет:

Отправить комментарий