воскресенье, 5 декабря 2010 г.

BÖYÜK SİRR


“WikiLeaks” in hədəfi niyə Azərbaycan və onun prezidentidir?
Kompromatların ötürülməsi vahid mərkəzdən idarə edilir, dünyanı qarışdıran saytı bağlamaq mümkün olmur
ABŞ-ın məxfi diplomatik yazışmalarını açıqlamağa başlayaraq dünyada görünməmiş siyasi fırtınaya səbəb olan “Wikileaks.org” saytı dünən səhərdən bağlanıb. Sayt təmsilçiləri “Twitter”dəki mikrobloqları vasitəsilə elan ediblər ki, “Wikileaks.org” domeni Amerikanın “EveryDNS.net” serveri tərəfindən “öldürülüb”. Həmin server sayta DNS xidməti göstərirdi. “Wikileaks” bəyan edib ki, domenin bağlanmasına güclü xaker hücumu səbəb olub. Amerikanın “Amazon” şirkəti də elan edib ki, “Wikileaks” saytına hostinq xidməti göstərməyi dayandırır.
Lakin şirkət rəsmiləri bu qərarın ABŞ administrasiyasının təzyiqləri və ya xaker hücumu ilə bağlı olduğunu inkar edib. Bildirilib ki, sayta həqiqətən güclü hücum edilib, lakin hər dəfə bu hücumların qarşısı uğurla alınıb. “Amazon” bəyan edir ki, “Wikileaks” onlarla bağladığı müqavilə şərtlərini pozduğu üçün hostinq xidməti dayandırılır. Belə ki, saytın ələ keçirdiyi məxfi sənədlər üzərində heç bir müəlliflik hüququ yoxdur, digər tərəfdən heç bir təminat yoxdur ki, bu sənədlər günahsız insanların həyatını təhlükədə qoymamaq üçün diqqətlə redaktə edilib. Az sonra “Wikileaks” elan edib ki, domen adını dəyişdirir və İsveçrə serverinə keçir. Bundan sonra sayta “Wikileaks.ch” ünvanından daxil olmaq mümkün olacaq. Beləliklə, sayt cəmi 1 saatdan sonra fəaliyyətinin bərpa edib.
Culian Assanc: “Bu, hələ heç nədir”
Xatırladaq ki, “Wikileaks” ABŞ-a aid məxfi sənədləri təkcə öz internet ünvanından deyil, beş aparıcı qəzet üzərindən də yayır. Belə ki, yüz minlərlə sənəd əvvəlcədən “The New York Times” (ABŞ), “Le Monde” (Fransa), “El Pais” (İspaniya), “Spiegel” (Almaniya) və “The Guardian” (Böyük Britaniya) qəzetlərinə ötürülüb. Bu qəzetlər saytla razılaşdırılmış şəkildə onları öz internet ünvanlarından yayır. Bu baxımdan “Wikileaks.org” saytının bağlanması heç də məxfi sənədlərin yayılmasının dayanacağı mənasını vermir. Saytın qurucusu Culian Assanc “WikiLeaks”in Rusiyadakı tərəfdaşı olan “Russkiy reportyor” jurnalına müsahibəsində deyib ki, indiyədək yayılanlar onların əlində olan sənədlərlə müqayisədə heç nədir. Assanc deyib ki, hələ onlar özləri də sənədlərin məzmununu ətraflı öyrənə bilməyiblər. Çünki həcm olduqca genişdir: “Biz əlimizdə olan arxivə hələ üzdən yüngülcə nəzər yetirmişik. Gündə bir cild oxusaq belə, onların hamısı ilə tanış olmağa azı 7 il vaxt lazımdır”. Assanc deyib ki, yayılan sənədlərdən ən ciddisini ABŞ dövlət katibi Hillari Klintonun amerikalı diplomatlara BMT-də casusluq fəaliyyəti ilə məşğul olmaq barədə verdiyi tapşırıqdır. Onun fikrincə, bu tapşırığa görə H.Klinton istefaya getməlidir.
ABŞ səfirliyi bəyanat yayıb
Saytın Azərbaycanla bağlı yaydığı son sənədlər barədə xəbər vermişdik. Bu sənədlərdə müdafiə naziri Səfər Əbiyevin 2009-cu ilin əvvəllərində ABŞ səfiri Enn Dersi ilə görüşündə aparılan müzakirələrdən və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Donald Lunun prezident İlham Əliyevin xarakteristikası, onun daxili və xarici siyasətinin təhlilindən söhbət gedirdi. Bu təhlildə müəllif məşhur “Xaç atası” filminin personajları ilə müqayisələr də aparıb və onlardan sitatlar verib.
Dünən ABŞ-ın Bakıdakı səfirliyi “Wikileaks”lə bağlı bəyanat yayıb. Bəyanat rəsmi Vaşinqtonun bu qalmaqalın əvvəlindən ifadə etdiyi rəsmi mövqedən fərqlənmir. Orada deyilir ki, Birləşmiş Ştatlar məxfi məlumatın qanunsuz və ittihamlı yayımını kəskin formada pisləyir.
Amerika səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqin adından yayılan bəyanatda bildirilir: “Bu həftənin əvvəli dövlət katibi Hillari Klinton qeyd etmişdir: "Bu, insan həyatlarını risk altına qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur. Ölkələr arasında ümumi təhlükəsizliyimizin asılı olduğu sülh münasibətlərinə xələl gətirmək heç bir cəsarətli addımı nümayiş etdirmir". Biz məxfi olması nəzərdə tutulan hər hansı məlumatın yayılmasına görə dərin təəssüf hiss keçiririk. ABŞ hökuməti tərkibində məxfi məlumatın olması fərz edilən sənədlərlə bağlı şərh verməyəcəyi və ya onların detallarını təsdiq etməyəcəyi halda, biz diplomatik ictimaiyyətin məxfi sənədləri tərtib etmə və yazma təcrübəsindən danışa bilərik. Bu sənədlər hökumətlərin xarici əlaqələri ilə bağlı müzakirələrinə əsaslanan gündəlik daxili təhlil və səmimi qiymətləndirmələri əks etdirir. Bu sənədlər əksər hallarda xarici siyasətin ilkin və tamamlanmamış ifadələrini özündə cəmləşdirir və onların özü-özlüyündə heç bir mövqeyi yoxdur, yaxud da onlar ABŞ siyasətini əks etdirmir".
Azərbaycana dair daha bir məlumat Vyanadan
Dünən “The Guardian” qəzeti tərəfindən yayılan məxfi sənədlərdən birində Azərbaycanla bağlı yeni məlumatlar da üzə çıxıb. Bu sənəd ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) Vyanadakı Daimi Şurasındakı səfiri Glayn Devis tərəfindən Vaşinqtona göndərilib. Orada Daimi Şurada İranın Qum şəhəri yaxınlığında gizli inşa edilən, ötən il üzə çıxan yeni nüvə mərkəzinə dair müzakirələrdən söhbət gedir. Məlum olub ki, Qərb ölkələrinin bu təşkilatdakı səfirləri yeni obyektin üzə çıxmasını İranın BMT sanksiyalarını birbaşa pozması kimi qiymətləndiriblər, İAEA-dan bu ölkəyə qarşı kəskin addımlar atması barədə müzakirələr gedib. Lakin Azərbaycan nümayəndəsi müzakirələrdə İranın maraqlarını müdafiə edərək yeni nüvə mərkəzinin aşkarlanmasının təhlükəli olduğu barədə mövqeləri bölüşməyib. “Azərbaycan Qum yaxınlığında yeni obyektin aşkarlanması ilə bağlı deyib ki, əgər orada araşdırmalar aparılsa, bu obyektin də Natanz nüvə mərkəzi kimi təhlükəli olmadığı müəyyən olunacaq. Bununla da Azərbaycan 2006-cı ildə İranın nüvə fəaliyyətlərinə dair etirazlarını geri götürüb, konstruktiv yanaşma tərəfdarı olub və əsasən, İran xəttinə üstünlük verib” - deyə, sənəddə bildirilir.
Qeyd edək ki, “Wikileaks” saytı hələ İraq və Əfqanıstana dair yüz minlərlə məxfi sənədləri yayanda dünyada bunun əslində ABŞ-ın “öz oyunu olduğu” barədə şübhələr yarandı. Bu cür şübhələr diplomatik yazışmalara dair məxfi sənədlərin ortaya çıxmasından sonra da aktuallığını saxlayıb. Həmçinin bu dəfə belə fərziyyələr var ki, bu sənədlərin yayılmasında ABŞ-ın xarici siyasətini dəyişdirmək istəyən güclərin əli var. Bütün bunlar ancaq fərziyyələr olaraq qalır. Lakin saytın dekabrın 1-dən başlayaraq qopardığı fırtınanın yaratdığı nəticələr, ortaya çıxan məxfi məlumatlar və onların xarakteri, hansı dövlətlər və prezidentlər barədə hansı məzmunlu sənədlərin yayılması müəyyən təhlillər aparmaq üçün ciddi əsaslar verir.
Bu günədək açıqlanan sənədlər sayəsində ortaya çıxan, dünya mətbuatında ən çox müzakirə olunan nəticələr belədir: 1)Səudiyyə Ərəbistanı, İordaniya, Misir kimi ABŞ-ın müttəfiqi olan ərəb ölkələri İranın nüvə fəaliyyətlərinin hərbi yolla dayandırılmasına dəstək verir. Nəinki dəstək verir, üstəlik ABŞ-a da təzyiq edirlər ki, İranı mümkün qədər tez vursun; 2) Türkiyə İranın beynəlxalq sanksiyaların təsirindən yayınmasında mühüm rola malikdir; 3) Prezident Obama Rusiya ilə ABŞ arasında münasibətləri yenidən başladaraq Moskvaya dair yumşaq siyasət yeridir, ancaq bu ölkədə korrupsiyalaşmış, kriminal qruplaşmalarla əlbir olan, fürsət düşdükcə ABŞ-ın maraqlarına zərbə vuran rejim hakimiyyətdədir; 4) Azərbaycan rəsmən ABŞ-ın İran planlarında yer almır, ancaq məxfi söhbətlərdə Vaşinqtonu Tehrana qarşı siyasəti sərtləşdirməyə çağırır, eyni zamanda İranın mümkün cavab zərbələrindən narahatdır.
7-i sənədin 5-i İranla birbaşa bağlıdır
“Wikileaks” saytı dünənə qədər Azərbaycanla bağlı 7 sənəd açıqlayıb ki, onlardan 5-i birbaşa İranla bağlıdır. Sənədlərdən birində Azərbaycan hakimiyyətinin ABŞ-ın İrana dair qətiyyətsiz siyasətindən narazı olduğu, Tehranın Bakı üçün yaratdığı təhdidlərdən söhbət gedir. Digər sənəddə İranın İnqilab Keşikçiləri Korpusunun agentlərinin Bakıdakı fəaliyyətindən, Azərbaycan üzərindən çirkli pulların yuyulmasından, bu işdə bir sıra yerli məmurların da rol almasından bəhs edilir. O biri sənəddə Bakıda əslən iranlı olan, ABŞ-a işləyən agentlərin ötürdüyü məlumatlardan bəhs edilir. Sənədlərdən birində də Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətin Azərbaycan üzərindən İrana nüvə materialları ötürməsinə dair şübhələr yer alır. Növbəti sənəddə isə Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavini ilə İrandakı vəziyyəti müzakirə edir. Təkcə bu məlumatlar Azərbaycan hakimiyyətini regionun bir neçə ölkəsi-Rusiya, İran və Türkiyə qarşısında əlverişsiz vəziyyətə düşməsinə səbəb olub. Rəsmi Bakı yaranmış vəziyyətdən təkzib yaymaqla çıxmağa çalışır, ancaq bu variant o qədər də effektli deyil. Heç şübhə yoxdur ki, məxfi sənədlərdə yer alan məqamlar rəsmi səviyyədə münasibətlərdə təzahür etməsə də, Azərbaycanın sözügedən ölkələrlə münasibətlərində iz buraxacaq. Elə yayılan sonuncu iki sənəd də Azərbaycan hakimiyyətinin və onun rəhbərliyinin hədəfdə olduğunu göstərir.
Sərkisyandan niyə kompromat yoxdur?
Müqayisə üçün qeyd edək ki, hələlik Sərkisyan və Saakaşvili ilə bağlı rezonansa səbəb olan sənədlər üzə çıxmayıb. Bəlkə Ermənistan prezidenti Serj Sərkisyan və ya Gürcüstan prezidenti Mixail Saakaşvili barədə belə sənədlər yoxdur? Əlbəttə var və 3 milyona yaxın məxfi sənəd arasında belə yazışmaların olmaması sadəcə mümkün deyil. Xüsusən ona görə ki, ABŞ-ın İrəvandakı diplomatları xirtdəyəcən zibilin içində olan, beynəlxalq səviyyədə kriminal qruplaşmalarla əlbir işləyən Sərkisyan barədə qalmaqallı kompromatlardan ibarət məxfi hesabatlar yazmaqda çətinlik çəkməzdilər. Ermənistanla bağlı üzə çıxan sənədlərdə diqqəti cəlb edən ancaq budur: İrəvan Tehrana gizlicə silah satıb və buna görə ABŞ Sərkisyana bərk qəzəblənib (Yenə də İran məsələsi!). Belə təəssürat formalaşır ki, “Wikileaks”in ələ keçirdiyi sənədləri yayanlar heç də hansısa fanatiklər və ya anarxistlər deyil, dünya siyasətindən baş çıxaran, kimin pərdəarxasında hansı oyunlar apardığını mükəmməl bilən gözəgörünməz qüvvədir. Bu qüvvə sanki ABŞ-ın İranla bağlı planlarını əngəlləyənlərdən, Ermənistan-Türkiyə yaxınlaşmasını pozanlardan qisas alır, İranın hər tərəfdən düşmənlərlə əhatə olunduğunu Tehranın diqqətinə çatdırır, ABŞ-ın dünyada tək güc olmaq üçün Rusiya ilə yenidən “soyuq müharibə”yə girməsinə nail olmaq istəyir və digər bu kimi uzaqgedən məqsədləri qarşıya qoyub.
“Milliyət” qəzeti: “Sənədlər Ağ Evin süzgəcindən keçib yayımlanır”
Sənədlərin təsadüfi qaydada seçilib yayımlanmadığına dair şübhələri gücləndirən xəbərlərdən birinə görə, “New York Times” əlindəki sənədlərdən hansını yayıb-yaymamaq barədə ABŞ hökuməti ilə məsləhətləşir. Ağ Ev məsləhət bilmədiyi sənədlərin yayımlanmasını istəmir, bəzi sənədlərdən isə müəyyən fikirlər, adlar çıxarılır, həmin hissə xxxxx-lərlə işarələnir (Donald Lunun Əliyev barədə təhlilində də bir neçə yerdə xxxx-lərə rast gəlinir). Daha sonra qəzet Ağ Evin çıxarılmasını istədiyi hissələri “Wikileaks”ə göndərir. Saytın qəzetdən gələn tövsiyələrə nə qədər əməl etdiyi məlum deyil. Lakin “Milliyət” qəzeti yazır ki, sənədlərin Ağ Evin süzgəcindən keçdiyi bəllidir. Digər maraqlı məqam: yayılan sənədlər arasında “Tam məxfi” qrifi altında bir dənə də sənəd yoxdur. ABŞ kəşfiyyatının hansı ölkədə hansı gizli əməliyyatları həyata keçirdiyi barədə də heç bir sənəd yayılmır. İsrailə qarşı da sənəd yoxdur. Hələ sənədlər yayımlanmazdan əvvəl İsrail baş naziri Benyamin Netanyahu elan etmişdi ki, onlar narahat deyillər və arxayındırlar. Bütün bunlar “Wikileaks” qalmaqalının arxasında hansısa xakerin və ya dünyada ədaləti bərpa etməyi qarşıya məqsəd qoyan jurnalist - fanatın deyil, daha güclü qüvvələrin dayandığını, hədəfdə konkret şəxslərin və ölkələrin olduğunu ehtimal etməyə güclü əsaslar verir.
Siyasət şöbəsi
2816 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий