вторник, 7 декабря 2010 г.

«ƏDALƏT» CARÇISI


«ƏDALƏT» CARÇISI
7.12.2010
 SİMA
“RUS BEYİNLİ” AZƏRBAYCAN SİYASƏTÇİSİ
Dosye:
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru olmuşdur.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
1992-1994-cü illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professordur.
1997-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası ilə birləşmiş, İ.İsmayılov həmin partiyanın sədri seçilmişdir. 2000-ci ildə Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir. "Xalqlar dostluğu" ordeni ilə təltif olunub. Ailəlidir. İki övladı var.
İlyas İsmayılovu Azərbaycan siyasətinin veteranlarından hesab etmək olar. O AXC-nin şinelindən çıxmayıb. Kommunist partiyasının və hətta əminliklə demək olar ki, Brejnevin şinelindən çıxıb.
Başqa siyasətçilər kimi İlyas İsmayılov da siyasətə 1990-cı il xalq hərəkatının dalğasıyla gəlib. Amma başqalarından fərqli olaraq, o, xalq hərəkatında iştirak etməyib. Onu bu dalğaların içinə Əbürrəhman Vəzirov və Ayaz Mütəllimov atıb. 
Bəlkə də elə buna görə də İlyas İsmayılov bir siyasətçi kimi özünü həmişə təcrid etməyə çalışıb. Hərəkatçılarla mayası uyuşmayıb. Özünü onların içində yad hesab eləyib. Hakimiyyət qanadı da heç bir zaman İlyas İsmayılova güvənməyib və İlyas İsmayılov nə qədər cəhd etsə də, onu özünə yaxınlaşdırmayıb. Yəqin ki, bu 1990-93-cü illərdə İlyas İsmayılovun mərhum H. Əliyevə dəstək verməməsi ilə əlaqədardır.
Ona görə də İlyas İsmayılov Rəsul Quliyevlə tandem yaradıb.
«BƏŞƏRİN VİCDANI… PARTİYAMIZDIR»
İlyas İsmayılovun şanlı kommunist keçmişi var. O, 1970-ci ildən başlayaraq Respublika prokurorluğunda və Azərbaycan KP-nın MK-də məsul vəzifələrdə çalışıb. Demək olar ki, 25 ilə yaxın bir dönəmdə Azərbaycanın hüqüq sisteminə nəzarət edən adamlardan biri olbub. 1970-ci illərdə iki il Respublika Prokurorunun köməkçisi olaraq çalışıb. İki il sonra Azərbaycan KP MK-də İnzibati Orqanlar üzrə şöbədə fəaliyyət göstərib. Yəni o dönəmdə Respublikanın bütün hüquq sistemini nəzarətdə saxlayan və yönləndirən şəxslərdən biri olub.
1978-ci ildə Respublika Pokurorunun müavini işləyib. 1985-ci ildə isə Respublika Prokuroru təyin edilib. Yəni İlyas İsmayılov karyerasının bütün yüksəliş dönəmləri mərhum president H.Əliyevin birinci hakimiyyəti zamanını əhatə edir. Bu dönəmdə İlyas İsmayılov H.Əliyevin kadrı kimi tanınıb. Görünür, elə ona görə də Əbürrəhman Vəzirov və Ayaz Mütəllibov onu gözüm çıxdıya salmağa çalışırdılar. Lakin Moskvada güclü əlaqələrinin olması İlyas İsmayılova imkan verdi ki, Respublika Prokuroru vəzifəsində 1990-cı ilin sentyabrına qədər qala bilsin.
Vəzifədən çıxarılan kimi İlyas İsmayılov Moskvaya üz tutur. SSRİ dağılana qədər imperiya prokurorluğunda şöbə rəisi olaraq çalışır.
H. Əliyev M. Qorbaçov tərəfindən tutduğu vəzifələrdən azad olunduqdan sonra İlyas İsmayılov onunla əlaqə qurmaqdan çəkinir. Hətta 1992-93-cü illərdə belə o, H. Əliyevə dəstək vermək istəmir.
«RUSİYANIN ADAMI»
SSRİ dağıldıqdan sonra İlyas İsmayılov Bakıya qayıdır və aktiv siyasətlə məşğul olmağa başlayır. «Ədalət» Partiyasını təsis edən keçmiş Baş Prokuror ölkədə hakimiyyətə iddiasını irəli sürür. Bu dönəmdə Azərbaycanda siyasi vəziyyət elə idi ki, hər kəs bulanıq suda balıq tutmağa çalışırdı. Siyasi xaosun hökm sürdüyü bir ortamda kimin kim olduğunu təyin eləmək çox çətindi. Çünki avantüra arxasınca qaçan siyasətçilər çox tez-tez kurslarını dəyişirdilər.
İlyas İsmayılov Rusiyadan gəldiyinə və Rusiyanın siyasi dairələrində əlaqələri olduğu üçün Azərbaycanda hamı onu Rusiyanın adamı kimi tanımladı. Lakin sonradan məlum olacaq ki, Rusiya heç bir zaman İlyas İsmayılova birmənalı dəstək verməyib, sadəcə onun vasitəsi ilə belə bir görüntü yaradaraq bəzi siyasətçilərə təsir etmək niyətində olub. Ümumiyyətlə, Rusiya İlyas İsmayılova heç bir zaman ciddi siyasi fiqur kimi yanaşmayıb, sadəcə Azərbaycanda hakimiyyətdə olan şəxslərlə münasibətlərdə belə bir fon yaratmağa çalışıb ki, İlyas İsmayılov onun ehtiyat variantıdır. 
Görünür ki, 1992-ci ildə İlyas İsmayılovun Ədliyyə Naziri təyin olunmasında da bu faktor rol oynamışdı. İlyas İsmayılov Rusiyanın adamı kimi görünməsinə baxmayaraq, daha sakit və təmkinli siyasi fiqur rolunda çıxış edirdi. Belə zənn etmək olar ki, o, hakimiyyətin Rusiya ilə münasibətlərini normal axında yürüdə bilməsi üçün bu vəzifəyə gətirilmişdir. Elə eyni səbəbdən də Elçibəy hakimiyyətində öz postunu qoruyub saxlaya bilmişdi. Lakin o, heç bir zaman Elçibəy komandasına aid edilməmişdi. İlyas İsmayılov özü də heç bir zaman özünü Elçibəy komandasının üzvü olaraq tanıtmağa cəhd göstərməyib. Bu daha çox onun daha böyük iddialara sahib olmasının nümayişi idi.
PREZİDENTLİYƏ NAMİZƏD
1992-ci il prezident seçkiləri yəqin ki, Azərbaycanda heç bir zaman unudulmayacaq. İlyas İsmayılov bu seçkilərdə yüksək dövlət postuna iddalılar arasında daha çox sakit davranışları və populizmdən uzaq çıxışları ilə yadda qaldı. Ümumiyyətlə, İlyas İsmayılov hər zaman imkanları daxilində populizmdən uzaq olmağa cəhd göstərən siyasətçilərdəndir. O, həmişə avantürist görünməməyə çalışıb. O, daha çox adamayovuşmamazlığı ilə fərqlənib və özü üçün demək olar ki, “yalquzaq siyasətçi” imici formalaşdırıb. Onun bütün aurası tərəfdaşına inamsızlıq nümayiş etdirir. Ona görə də ona inanlar da çox azdır. Digər tərəfdən o, hər zaman özü üçün müstəqil bir dairə çizməyə cəhd göstərib.
Sonradan bu, özünü Rəsul Quliyev və Cəlaloğlu qardaşları ilə olan məcburi ittifaqında da göstərdi.
1992-ci il seçkilərdə İlyas İsmayılov ciddi bir uğur qazana bilməsə də, Azərbaycanda kifayət qədər tanındı. Ona görə də 1992-ci il seçkilərini onun siyasi həyatının başlanğıc nöqtəsi kimi İlyas İsmayılov üçün ən uğurlu seçki adlandırmaq olar.
«ƏDALƏT» CARÇISI
Elçibəy Kələkiyə getdikdən və mərhum H. Əliyev hakimiyyətə gəldikdən sonra İlyas İsmayılov yeni komandaya aid edilmədi. Bu da təbii idi. Çünki İlyas İsmayılov özünü müstəqil adam kimi aparırdı.
1994-cü ildə Ədliyyə Naziri postunu tərk etdikdən sonra İlyas İsmayılov yenidən aktiv müxalifətə qayıtdı və «Ədalət» partiyasını elan etdi. O dövrdə Azərbaycanda cırtdan partiyaların əlindən siyasətdə ayaq basmağa yer yox idi. İlyas İsmayılovun «Ədalət»i heç bir zaman böyük partiyalar sırasına girə bilməsə də, Azərbaycan siyasətində özünə yer tuta bildi. İlyas İsmayılovun özü də liderlər qrupuna girə bildi və müxalifət düşərgəsinin önəmli simalarından birinə çevrildi.
ZORƏN İTTİFAQ
1997-ci ildə İlyas İsmayılov Cəlaloğlu qardaşları ilə siyasi ittifaqa getdi. «Ədalət» partiyası ADP ilə birləşdi. Ədalət partiyası ortadan qaldırıldı və İlyas İsmayılov bunun müqabilində ADP sədrliyinə gətirildi.
Əslində, bu, o dövrdə siyasi qüvvələrin konselidasiyası baxımından çox müsbət hal idi. Çünki o dövrdə xalq kifayət qədər aktiv olmasına baxmayaraq, siyasi qüvvələr çox dağınıqdı. Ona görə də ortada olan enerji boşuna sərf edilirdi.
Lakin çox keçmədi ki, Cəlaloğlu qardaşları ikinci mühüm ittifaqa imza atdılar. Sabiq spiker, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev ADP ilə birləşdi və ADP-də həmsədrlik institutu yaradıldı. Bu birləşmə ADP-ni Azərbaycanda üçüncü ən böyük müxalifət partiyası halına gətirdi. Lakin İlyas İsmayılovun Rəsul Quliyevlə münasibətləri heç zaman normal görünmədi. Çox tez bir zamanda Rəsul Quliyevin şəxsiyyəti ADP-də önə çıxdı və faktiki olaraq ADP-nin tək liderinə çevrildi. İlyas İsmayılov ADP-də artıq adam kimi görünməyə başladı. Rəsul Quliyevin arxasında görünən, yəni partiyanın faktiki ikinci adamı Sərdar Cəlaloğlu idi. İlyas İsmayılovun ADP-nin həmsədri kimi funksiyası faktiki olaraq görünmürdü. ADP-ni Rəsul Quliyevin direktivləri ilə Sərdar Cəlaloğlu idarə edirdi.
“ÜÇ BAŞLI PRAMİDA”NIN ÇÖKÜŞÜ
1998-ci il prezident seçkilərində müxalifət partiyalarının vahid namizəd ətrafında birləşməsi ideyası ətrafında qızğın müzakirələr gedirkən, üç partiyanın birləşməsi ilə güclü görünən ADP bir anormallığa imza atdı. Bu birləşmənin Azərbaycan müxalifətinin birləşmə ideyalarına stimul verə biləcəyini düşünənlər fəna şəkildə yanıldılar. ADP prezident seçkilərinə iki namizədlə qatıldı. İlyas İsmayılov Rəsul Quliyevə güzəştə getməkdən tamamilə imtina etmişdi.
Bu durum ADP-nin içindəki anormal vəziyyəti ortaya qoydu. Tezliklə Ə. Elçibəyin Kələkidən söylədiyi, «iki başlı piramidalar çökəcək» proqnozu özünü doğrultdu. Prezident seçkilərindən sonra ADP daxilində parçalanma meylləri açıq şəkildə özünü göstərdi. İki qoç başının bir qazanda qaynaması imkansız olduğu halda, ADP üç başı bir qazanda qaynatmağa cəhd göstərirdi. Artıq İlyas İsmayılovun münasibətləri Sərdar Cəlaloğlu ilə də kifayət qədər korlanmışdı.
2000-ci il parlament seçkilərindən sonra İlyas İsmayılov ADP-dən ayrılaraq «Ədalət» Partiyasını yenidən bərpa etdi. Bu, onun bütün siyasi fəaliyyəti dövründə Hakimiyyət qarşısında göstərdiyi əsas xidmətlərdən biri və birincisi oldu.
KEÇİD DÖNƏMİ
2003-cü il prezident seçkilərində müxalifət sonunda hakimiyyətə gələ bilmək üçün əlinə tarixi fürsətin keçdiyindən əmindi. Ona görə də prezidentliyə namizədlər arasında vahid namizəd məsələsi gündəmin bir nömrəli məsələsinə çevrilmişdi. İsa Qəmbərin vahid namizədliyi üzərində aparılan müzakirələrdə bir sıra uğurlar əldə olundu. Hər kəsdən fərqli olaraq, İlyas İsmayılov istər İsa Qəmbərə, istərsə də Etibar Məmmədova dəstək verməkdən imtina etdi. Bu, artıq onun hakimiyyətə göstərdiyi ikinci xidmət idi.
Seçkilərdən sonra baş verən kütləvi qarşıdurmaya münasibətdə İlyas İsmayılov hakimiyyətə kifayət qədər loyal davrandı. O, susdu və bu susqunluğu ilə faktiki olaraq, hakimiyyət düşərgəsində yer aldığını nümayiş etdirdi.
ARZUSUNA ÇATAN ADAM
2005-ci il parlament seçkiləri zamanı İlyas İsmayılov son illərdə göstərdiyi xidmətlərə görə hakimiyyət tərəfindən mükafatlandırıldı. O, mandat sahibi oldu və bundan sonra demək olar ki, İlyas İsmayılovun səsi kəsildi. Siyasi kluarlarda demək olar ki, görünmədi. Hər halda o, uzun illərdən sonra hansı əziyyətlər hesabına hakimiyyətin mərhəmətinə sahib olduğunu unutmadı. İlyas İsmayılov yaxşı bilir ki, bir daha səhv edərsə, bunu ona bağışlamayacaqlar .
Və o, səhv etmək fikrindən tamamilə uzaqdı. Bunu ikinci dəfə mandat alması ilə bir daha sübut etdi. 
Poliqon Araşdırmalar Mərkəzi

Комментариев нет:

Отправить комментарий