вторник, 7 декабря 2010 г.

biznes müharibəsi


Məmurlar arasında baş qaldırmış biznes müharibəsi iqtidarın daxildən zəifləməsinə gətirib çıxaracaq
Hakimiyyət içində baş qaldırmış narazılıq artıq özünün nə təzlükəli mərhələsinə qədəm qoyur. Parlament seçkilərinə kimi susan və bu mühüm prosesi yola vermək üçün bir birlərinə hücum çəkməyən məmurların seçkilərdən sonra üz-üzə gəlmələri isə işləri daha təhlükəli həddə çatdırıb. Elə buna görədir ki, üz-üzə gəlmələr yekunda bazarlarda bahalaşmanın yaranmasına imkan verib. Sual oluna bilər ki, məmurların toqquşmasından bahalaşmaya nə dəxli?
İnhisarın vurduğu zərbələr
Aydın məsələdir ki, Azərbaycanda qiymətlərə dövlət yox, ayrı-ayrı məmurlar nəzarət edirlər. Hər biri özünə yeni bir sahə tapıb, onu gəlir mənbəyinə çevirdiklərindəndir ki, bazarda tələblə təklif arasında tarazlıq pozulub. Belə ki, gətirilən məhsullara istənilən qiyməti tətbiq edən bu inhisarçılar həmin vaxt qətiyyən əhalinin gəlirlərini fikirləşmirlər. Yəni, bazarda qiymətlər tələbə və ya təklifə əsasən deyil, kimlərinsə istəyinə uyğun şəkildə tənzim olunur.
Qeyd edək ki, hal hazırda vəziyyət elə bu cürdür. Əhalinin etdiyi narazılıqlara rəğmən yenə də qiymətləri tənzimləmək olmur və ya kimlərsə ayağını bir addım geriyə qoymur. Bəzi hallarda son bahalaşmanı Yeni İl Bayramı ilə əlaqələndirirlər. Əslində isə bunun deyilən bayramla heç bir əlaqəsi yoxdur. Daha dəqiq desək, bayramı əlində bəhanə edən inhisarçılar gətirdikləri məhsullara istənilən qiyməti tətbiq edib, onu əhaliyə satmaqda davam edirlər.
Təbii ki, bazara bahalı mal gətirib, onu satan inhisarçıların arxasında məmurlar dayanır. Hazırda vəziyyət belədir ki, az qala hər bir məhsul hansısa məmurun inhisarındadır və ondan başqa kimsə, o məhsulu Azərbaycana gətirə bilməz. Gətirənləri də elə bir hala salırlar ki, böyük zərərlə oyundan çıxmalı olur. İndiki məqamda da durum belədir ki, məmurlar ortalıqda böyük pulların olduğunu görərək, hər biri yeni-yeni sahələri ələ keçirməyə çalışırlar. Amma bu hərəkətlər nəticə etibarı ilə digər məmurlarla üz-üzə gəlməyə qədər təhlükəli işlərə yol açır.
Biznes uğrunda savaş
Bununla bağlı əlimizə keçən məlumatlar kifayət qədər maraqlıdır. Belə ki, TİA.AZ-a verilən informasiyalarda artıq hakimiyyət içində biznes maraqları uğrunda mübarizənin start götürdüyü iddia olunur. Mənbənin iddiasına görə, bir neçə nazir yaranmış əlverişli məqamdan istifadə edərək, özlərinin biznes sahələrini genişləndirməyə çalışırlar. Elə bu səbəbdən də gəlirli sahələr uğrunda tərəflərin üz-üzə gəlməsi halları baş verir. Nəticədə, toqquşan məmurlar bu məsələni daha da böyüdərək, düşmənçilik həddinə qədər çatdırıblar.
Mənbənin sözlərinə görə, bu şəkildə davam edərsə, məmurlar arasında biznes uğrunda baş qaldırmış savaşın yeni mərhələsi qanla bitə bilər. İlkin məlumatlardan belə məlum olur ki, qiymət artımlarının arxasında dayanan əsas amil də bu toqquşma ilə bağlıdır. Məqsədli şəkildə ortaya atılmış və əhalinin talan edilməsinə hesablanmış bu addımın yekun nəticəsi isə kimlərinsə varlanmasına xidmət edir. Elə buna görə də, yeni il öncəsi, yəni, yeni il bayramı ərəfəsində qiymətləri artırmaqla böyük pulların ələ keçirilməsinə nail olmaq üçün əsl mərəkə başlayıb.
Etibarlı mənbələrdən TİA.AZ-a sızan bilgilərdən belə aydın olur ki, hal hazırda üz-üzə gələn məlumatların sayı elə də çox deyil. Onların adları bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr aparılması üzündən indidən onlar haqqında bilgi vermək istəmirik. Yalnız onu deyə bilərik ki, həmin şəxslər ölkədə kifayət qədər ad çıxarıblar və bir çox böyük biznes sahələrinə başçılıq edirlər. Hazırkı plan da ondan ibarətdir ki, ölkəyə gətirilən və daha çox satılan qida məhsullarının qiymətini artırmaq və bununla da varlanmaqdır. Üz-üzə gəlmələr də bu pulların əldə edilməsi üçün həyata keçirilən planların toqquşmasıdır.
Mənbə bildirir ki, qeyd olunan məmurlar bir-birinə bu məsələdə güzəştə getmək fikrində deyillər. Əksinə, onlar mümkün qədər çalışırlar ki, planlarını təkbaşına həyata keçirsinlər. Bu zaman onların qarşısına kimin çıxmasından asılı olmayaraq, həmin şəxsləri sıradan çıxarmaqdan çəkinmirlər. Elə buna görə də, artıq ilkin toqquşmalar baş qaldırıb və bunun yekun nəticədə, yaxşı olmayan hallarla başa çatacağı da istisna edilmir.
Hakimiyyət içindən zəifləyir
Baş verənlərlə bağlı söhbət etdiyimiz ekspertlər də maraqlı açıqlamaları ilə diqqəti çəkirlər. Onlar deyirlər ki, vəziyyətin belə şəkil almasının ən böyük zərəri elə hakimiyyətin özünə dəyəcək. Onlar hesab edirlər ki, biznes uğrunda başlamış mübarizə bir müddətdən sonra şübhəsiz siyasi maraqlara çevriləcək. Belə olan təqdirdə isə daxildə kifayət qədər təhlükəli proseslər baş qaldıracaq ki, bu da toqquşmaların sürətlənəcəyinə imkan yaradacaq.
Ekspertlər hesab edirlər ki, illərdən bəri hakimiyyət içində baş qaldırmış biznes savaşı artıq əmlakın bölüşdürülməsi mərhələsini də keçib. Onlar düşünürlər ki, gedişatın bu formada davamı yeni əmlakların və ya gəlirlərin uğrunda mübarizəni təşkil edəcək. Amma problemi yaradan cəhət odur ki, faktiki dönəmdə Azərbaycanda bütün əmlak bölüşdürülüb və onlar ayrı-ayrı məmurların əlindədir. Belə olan halda isə şübhəsiz toqquşmaların reallaşacağı qaçılmaza çevriləcək.
Bu proseslərin yekunda hakimiyyəti daxildə zəiflədib, sonra da tamamilə zəiflədəcəyini də proqnozlaşdıran ekspertlərin qənaətinə görə, vəziyyətin bu şəkildə uzunmüddət davam etməsi də mümkün deyil. Onların rəyinə görə, əgər hakimiyyətin daxildən zəifləməsi baş verərsə, bunun cəmiyyətə də mənfi təsirləri olacaq və orada da toqquşmaların baş qaldırmasına imkan verəcək.
Baxılıb: 25 | Tarix: 06.12.2010

Комментариев нет:

Отправить комментарий