воскресенье, 5 декабря 2010 г.

“FÖVQƏLNAZİR”in İSMƏT ABBASOVU BİTİRMƏK PLANI


“Wikileaks” Heydərovların dosyesinin tam mətnini yaydı
Kənd Təsərrüfatı Nazirliyi deputat Eldar İbrahimova verilə bilər: ABŞ-ın Bakıdakı keçmiş müvəqqəti işlər vəkili Donald Lu Ziya Məmmədov barədə də dosye hazırlayıb
ABŞ-ın yüz minlərlə məxfi diplomatik sənədlərini ələ keçirib yaymağa başlayan “Wikileaks” saytı tərəfindən Azərbaycanın hakim elitasının üzvləri barəsində də sensasion məzmunlu hesabatlar açıqlanmaqdadır. Belə dosyelərdən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərov barəsindədir. Xəbər verildiyi kimi, Heydərovlar dosyesi barədə əvvəlcə “Wikileaks”lə məxfi sənədlərin yayılmasında tərəfdaşlıq edən beş qəzetdən biri - İspaniyanın “El Pais” qəzeti yazıb.
Qəzet bu dosyedən bir hissəni dərc etmişdi, oradan məlum olur ki, Heydərovlar ailəsinin özəl “Airbus-319" təyyarəsi var. Həmçinin onun Tale və Nicat adlı iki oğlunun hər biri özlərinə ABŞ istehsalı olan ”Gulfstream" reaktiv təyyarəsi sifariş veriblər. Təyyarələrin biri 20 milyon dollaradır.
Dünən isə Vaşinqtonda yerləşən “AzeriReport.com” bloqu Heydərovlar dosyesinin tam mətnini yayıb. Məlum olur ki, dosyeni yazan ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili olmuş Donald Ludur (onun səlahiyyət müddəti bir neçə ay əvvəl bitib). 01 04 BAKU 000127 İD nömrəli məxfi hesabat belədir (tərcümə qısa ixtisarlarla dərc olunur):
“Bu hesabat Azərbaycanın ikinci ən nüfuzlu ailəsi olan Heydərovlar, onların iqtisadi və siyasi gücü barədədir. Heydərov əvvəllər Dövlət Gömrük Xidmətinin rəhbəri olub. Hazırda Azərbaycanda ən çox korrupsiyalaşmış qurum olan bu agentliyə onun sadiq varisi rəhbərlik edir. Heydərovların imperiyasına Azərbaycanda və onun hüdudlarından kənarda meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlak biznesinə qədər ən müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı şirkətlər daxildir. Kəmaləddin Heydərov ölkənin ən güclü adamlarından biridir, bəzi müşahidəçilər deyirlər ki, o, hətta prezidentdən də nüfuzlu ola bilər (Şərh: hesab etmirik ki, bu mülahizə düzgün ola bilər-D.Lu). Onun atası Fəttah Heydərov dağlıq rayon olan Qəbələdən deputatdır, bu rayon ailənin Bakıdan kənardakı əsas bazasıdır.
Heydərov 9 il ərzində Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. 2006-cı ildə hərbiləşdirilmiş Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb və onun rəhbəri təyin olunub. Bu nazirlik fövqəladə vəziyyətlərin idarə edilməsi üzrə super-federal agentlik kimi fəaliyyət göstərir.
Gömrükdən gələn gəlirlər...
1961-ci ildə anadan olan, bir çox dövlət və özəl müəssislərə rəhbərlik edən Heydərov 35 yaşında Gömrük Komitəsinin sədri təyin edilib. Bu qurumun hətta Azərbaycan standartlarına görə ən korrupsiyalaşmış olduğu hamıya bəllidir. Gömrük Komitəsi Heydərova böyük sərvətlər toplamağa imkan verib, yaxşı düşünülmüş rüşvət və himayəçilik sistemi vasitəsilə bu strukturdan ona aşağıdan yuxarıya “qida zənciri” şəklində qanunsuz vəsaitlər axıb. Çox güman ki, Heydərov indi də Gömrük Komitəsindən böyük gəlir əldə edir, çünki komitəni onun sadiq varisi idarə edir. Komitənin indiki sədri Aydın Əliyev Heydərovun kadrıdır və vəzifəsini saxlamaq üçün ona sədaqət nümayiş etdirir.
Bizim diplomat onunla 2007-ci ildə ilk dəfə görüşəndə Heydərov cəmi bir ildir fövqəladə hallar naziri təyin olunmasına baxmayaraq sinəsi hərbi lentlərlə dolu idi və geyiminə görə Amerika ordusunun birləşmiş qərargahının rəisi ilə rəqabətə girə bilərdi. FHN tədricən Azərbaycanda ən nüfuzlu nazirliyə çevrildi. Bu nazirliyin gəlirlərinin o birlərindən ən yüksək olduğu barədə şübhələr var.
FHN-in öz hərbi qüvvələri də mövcuddur. 2008-ci ildə Heydərov Vaşinqtona səfəri zamanı demişdi ki, Bakı ətrafındakı zenit batareyasını da öz tabeçiliyinə götürüb, hansı ki, sovet dövründə bu batareyada xidmət edibmiş. Onun nazirliyi dövlət taxıl ehtiyatlarına və tikintiyə lisenziya verilməsinə də nəzarət edir (Sonuncu fəaliyyət sferası Azərbaycanda işləyən xarici hüquqi şəxslər üçün ən mühüm ola bilər. Çünki FHN istənilən tikintini “təhlükəli” sayıb dayandırmaq səlahiyyətindədir). FHN əməkdaşları amerikalıları və digər xarici biznesmenləri xəbərdar edirlər ki, az qala günəş altında yer alan nə varsa, hamısına nəzarət edirlər.
Heydərovu zəlzələ də qorxuda bilməz
Azərbaycanda belə zarafat yayılıb ki, əgər məhkəmədə hansısa işi udmaq istəsən, ya hakimlə dost olmalısan, ya da Bencamin Franklini (dollar nəzərdə tutulur) köməyə çağırmalısan. Əlbəttə, siyasi baxımdan güclü olanlar üçün də məhkəmədə qalib gəlməkdə problem yoxdur. Tikilən binaların təhlükəsizliyini sübut etmək üçün də bunlar keçərlidir. 2007-ci ildə Bakıda yeni tikilən çoxmərtəbəli bina yerlə bir oldu və bir neçə fəhlə öldü. 2010-cu ilin yanvarında yeni tikilən binada kran uçdu və 3 fəhlə öldü. Bakıda şübhəli tikintilər geniş yayılıb, şəhərin mərkəzində yeni, çoxmərtəbəli “spekulyativ” binalar geniş yayılıb, ancaq ev alanlar köhnə “stalinkalar”dakı mənzillərə üstünlük verir. Çünki onlar daha etibarlıdır və təhlükəsizdir.
“Gulfstream” şirkəti sorğu göndərir: “Bu pullar sizdə haradandır?”
Bu kimi hallar FHN-in imici üçün yaxşı nümunə deyil. Əgər Bakıda zəlzələ olsa və nəticədə bu cür riskli binalar geniş dağıntılara səbəb olsa, o zaman İstanbul zəlzələsində olduğu kimi məsuliyyət daşıyan məmurlar və şirkətlər hücuma məruz qalmayacaq. Ola bilsin daha aşağı nüfuzlu podratçılar cəzalandırılsın, ancaq Heydərovun FHN-i kimi qurumlar öz resurslarından və dövlət alətlərindən istifadə edib istənilən məsuliyyətdən yayınacaq.
Heydərovun iki oğlu - Tale və Nicat bu yaxınlarda hər biri 20 milyon dollar olmaqla iki “Gulfstream” təyyarəsi sifariş veriblər. Ailəyə həmçinin korporativ “Airbus-319" təyyarəsi məxsusdur. Hansı ki, hazırda İsveçrənin Bazel şəhərində təyyarənin salonunun yığılması başa çatmaq üzrədir. İlkin məlumatlara görə, ”Gulfstream"lar Dubayda Tale və Nicatın adına qeydiyyata alınmış “Shams al Sahra FZCO” şirkəti ilə cənab Mənuçöhr Əhədpur Xanqan arasında bölünür. Onların hər biri təyyarələrin mülkiyyət hüququnun 50 faizini bölüşdürür. M.Ə.Xanqan əvvəllər Səfirliyə məlum olmayıb, lakin “Gulfstream” şirkətindən bizə verilən məlumata görə, onun ikili vətəndaşlığı var - Azərbaycan və İran vətəndaşıdır (onun başqa pasportunun olub-olmadığı məlum deyil).
ABŞ-ın qüvvədə olan Patriotik Aktına əsasən “Gulfstream” Heydərovlardan təyyarəyə ödədikləri vəsaitlərin nə dərəcədə qanuni olduğu barədə izahat istəyib. Heydərovlar “Gulfstream”ə cavab olaraq malik olduqları aktivlərin qısa siyahısını təqdim ediblər. Məlum olur ki, onlara Azərbaycanda başqa heç bir ailənin malik olmadığı qədər şirkətlər aiddir (daha sonra Heydərovların hansı biznes sahələri ilə məşğul olduğu sadalanır). Səfirliyin mənbələrindən biri, Bakıdakı tanınmış İran biznesmeni M.Ə.Xanqanı Heydərovların ailə konqlomeratının “nominal rəhbəri” kimi təqdim edib. Sənədlərdə Xanqan müxtəlif firmaların direktoru kimi təqdim edilir, ancaq Heydəroların əməliyyatlarında onun rolu menecerdən uzağa getmir.
Mənbəmiz Heydərovların biznesini idarə edən Türkiyə vətəndaşı haqda da məlumat verir.
İmperiyanın “subyektləri”
Biznes əməliyyatlarının çoxu “Gilan”, “Qabala”, “Jala” və ya “United Enterprises International” şirkətləri üzərindən həyata keçirilir. Heydərovlar Azərbaycanda meyvə şirələri bazarını inhisara alıb, ölkəyə Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdən daha ucuz şirələrin daxil olmasına imkan vermir, həddən artıq yüksək gömrük haqları qoyur. USAİD Azərbaycanda nar şirəsi istehsalını dəstəkləyən layihə həyata keçirmək istəyəndə dərhal məlum oldu ki, Heydərovların icazəsi olmadan heç kim bu işlə məşğul ola bilməz. Şayiələrə görə, “Pepsi”, “Red Bull”, “British American Tobacco”, “Japan Tobacco” və “Imperial Tobacco” şirkətlərində də Heydərovların maraqları var. Heydərov həm də mədəni sahədə fəaldır, bəstəkardır və Heydər Əliyev barədə mahnı bəstələyib.
K.Heydərovun həyat yoldaşı etnik koreyalıdır, ona görə də onun Koreya ilə sıx əlaqələri var. Koreya diplomatları təsdiq edirlər ki, Heydərov Koreya şirkətləri ilə bir neçə kommersiya sövdələşməsində əsas himayəçi olub, lakin bu sövdələşmələrdən bir çoxu baş tutmayıb. Çünki şirkətlər Heydərovun patronajlığına görə tələb olunan yüksək haqq ödəməyə razılaşmayıblar.
Heydərovlar Qəbələ, Masallı, Lənkəranda daha nüfuzludur. Onun Gömrük Komitəsi ilə yanaşı Vergilər Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə də nəzarət etdiyi güman edilir. Əlbəttə, FHN də Heydərova əlavə gəlir gətirir. Müşahidəçilər qeyd edirlər ki, FHN Bakıda ən yaxşı iş yeri vəd edən qurum kimi tanınır. Heydərov isə işçilərin əmək haqlarını vaxtında, dəqiq ödəyən adam imici qazanıb.
İsmət Abbasovun yerinə Eldar İbrahimov
İsmət AbbasovSəfirliyin mənbələri qeyd edirlər ki, hazırda Heydərov kənd təsərrüfatı naziri İsmət Abbasovla “taxıl uğrunda döyüşə” girib. Kəmaləddin Heydərov İ.Abbasovu vəzifədən uzaqlaşdırıb yerinə öz adamını - parlamentin üzvü Eldar İbrahimovu təyin etmək istəyir. Tarixən Heydərovla döyüşə girənlərin hamısının aqibəti pis olub: Fərhad Əliyev və Heydər Babayev K.Heydərova qarşı çıxdıqları üçün iqtisadi inkişaf nazirləri postlarından uzaqlaşdırılıblar, biznesləri əllərindən alınıb. Onların hər ikisi islahatçı kimi tanınırdı, bəzi müxalifət qəzetləri onları baş nazirliyə namizəd kimi təqdim edirdi. İslahatların təhlükəsini hiss edən Heydərov, deyilənlərə görə, qətiyyət göstərib və hər ikisini hökumətdən uzaqlaşdırıb.
Növbəti hesabat Ziya Məmmədovdan olacaq
Donald Lu daha sonra yazır: “Kim nəyə sahibdir” seriyasından biz növbəti hesabatda nəqliyyat naziri Ziya Məmmədovun və ailəsinin biznesi barədə məlumat verəcəyik. Neft gəlirlərinin böyük hissəsinin infrastruktur layihələrinə qoyulduğu bir vaxtda Məmmədovlar da böyük gəlir mənbələrinə malikdir - Bakıda hər yerdə rast gəlinən avtobuslar onlara məxsusdur. Ziya Məmmədovun “ZQAN-Holdinq”i var, bu holdinqin adı onun özünün və ailə üzvlərinin adlarının baş hərflərindən götürülüb".
M.HÜSEYNLİ
1577 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий