вторник, 21 декабря 2010 г.

“BİNƏ” İLƏ “SƏDƏRƏK”in BELİNİ QIRACAQ BAZAR AÇILIR İlqar Əliyev “Karvan” ticarət mərkəzi adlı yeni projesini gerçəkləşdirir




“BİNƏ” İLƏ “SƏDƏRƏK”in BELİNİ QIRACAQ BAZAR AÇILIR
İlqar Əliyev “Karvan” ticarət mərkəzi adlı yeni projesini gerçəkləşdirir
Məmurların və onların yaxınlarının ölkədəki mülkləri, obyektləri, bahalı əyləncə və ticarət mərkəzləri haqqında dəfələrlə yazmışıq. Məlum olduğu kimi, bizdə məmurların gəlir mənbələri yalnız öz işləri ilə bağlı deyil. Bakıda və ölkənin bir çox yerlərindəki iri ticarət mərkəzləri də məmurların nəzarətindədir. Bir müddət sonra hakimiyyətə yaxın şəxslərə məxsus belə gəlirli obyektlərə biri də əlavə olunacaq. Belə ki, iddialara görə, prezidentin əmisi oğlu İlqar Əliyev “Binə” və “Sədərək” ticarət mərkəzləri arasındakı boş sahədə “Karvan” adlı yeni bir ticarət mərkəzi inşa etdirir.
Yeni obyekt haqda orada hələ inşaat işləri başlamazdan əvvəl məlumat vermişdik. Bir müddət əvvəl isə sözügedən ərazidə inşaat işlərinə başlanıb, ticarət mərkəzinin böyük bir hissəsi artıq hazırdır. “Binə” ticarət mərkəzi ilə üzbəüz tikilən yeni bazar haqda daha ətraflı məlumat almaq üçün ora yollandıq.
Tikilməkdə olan ticarət mərkəzinin ətrafında dolaşıb şəkil çəkərkən burada çalışan işçilərin aqressiv münasibətinə tuş gəldik. Jurnalist olduğumuzu öyrənən kimi eyni anda bir neçə nəfər “şəkil çəkmək və məlumat almaq qadağandır”, - deyə bizi tikinti meydançasından uzaqlaşdırmağa çalışdı. Bizimlə söhbət edən Rauf adlı şəxs isə yeni obyekt haqda yalnız rəhbərlikdən məlumat ala biləcəyimizi deyərək şəkil çəkməyimizə əngəl olmağa cəhd göstərdi.
Yeni tikilən obyektdə çalışanların çəkilişlərdən bu qədər narahat olmasının səbəbini isə ətrafdakı adamlar açıqladı: “Burada tikilən ticarət mərkəzi elə-belə adamın deyil, onu prezidentin əmisi oğlu tikdirir. Xeyli vaxtdır inşasına başlansa da bura hələ bir dəfə də olsun jurnalist buraxılmayıb və bura haqda heç kəsə məlumat verilmir. Yəqin ki, ticarət mərkəzi bir ilə istifadəyə veriləcək, bura istifadəyə veriləndən sonra ”Binə" ilə “Sədərək”in bazarı bağlanacaq".
Aldığımız məlumata görə, “Sədərək” ticarət mərkəzində yerləşən “Şirniyyat bazarı”ndakı iş adamları artıq “Karvan” ticarət mərkəzinə köçmək üçün buradan yer alırlar. “Şirniyyat bazarı”nda çalışanların çox hissəsi bura köçəcək, beləliklə, “Sədərək” bazarına gəlir gətirən ən böyük ticarət sahələrindən biri çökdürüləcək. “Şirniyyat bazarı”nın satıcıları ilə söhbət zamanı onlar da deyilənləri təsdiqlədilər.
4 ildən artıqdır şirniyyat satışı ilə məşğul olan İlyas bəy yeni ticarət mərkəzində yer haqlarının az olacağını deyir: “Uzun müddətdir ki, ticarətlə məşğulam. Təcrübəmə əsasən onu deyə bilərəm ki, satış nə qədər yaxşı olsa da yer haqqı ödəyəndə çox az gəlir əldə edirik. Burada hər ay 2 min manata yaxın yer pulu ödəyirəm, amma yeni açılacaq ticarət mərkəzində yer haqları çox aşağı olacaq. Çünki oranın sahibi dövlətə vergi verməyəcək, nəticədə isə qazanan biz olacağıq”.
“Şirniyyat bazarı”nın digər satıcısı Qənirə xanım yeni ticarət mərkəzində qiymətlərin ucuz olmasının səbəbini başqa cür izah etdi: “Bizim bazarın satıcılarının çoxu yeni ticarət mərkəzində yer alıb, mən də almaq niyyətindəyəm. Çünki orada yer haqları çox az olacaq, hətta ilk 6 ay heç yer haqqı da verməyəcəyik. Amma qiymətlərin bu qədər ucuz olmasının səbəbi satıcılara xeyir vermək deyil. Oranın sahibi ”Binə" və “Sədərək” bazarlarını da yeni obyektinə birləşdirib ölkədəki ticarət obyektlərini öz əlində birləşdirməyə çalışır. Mənə elə gəlir ki, ağıllı addımdır. Əgər elə olsa, hər gün bizim yer haqlarımızın qiymətini qaldırmazlar".
“Karvan” ticarət mərkəzində yer almaq üçün növbəyə duranlar təkcə “Şirniyyat bazarı”nın satıcıları deyil. “Binə” və “Sədərək” ticarət mərkəzində paltar və məişət əşyaları satışı ilə məşğul olan iş adamları da yeni açılacaq obyektdə yer almaq üçün sıradadır. Onlar da öz yerlərini dəyişmək istəmələrinin səbəbini orada yer haqlarının ucuz olması və vergi vermək məcburiyyətinin olmaması ilə izah edirlər.
Qeyd edək ki, “Türk Dünyası-Riyad” ticarət mərkəzi də İlqar Əliyevə məxsus idi. Bir neçə ay əvvəl obyektin açılışında bildirilmişdi ki, ticarət mərkəzində işləyən türklərdən 6 ay icarə haqqı alınmayacaq. Sonrakı aylarda isə kirayə hər kvadratmetr üçün 10 dollar olacaq. Ticarət mərkəzində işləyən türk iş adamlarına vergi endirimi, viza, gömrük və pul transferində güzəştlər ediləcək. Belə asan şərtlərə Azərbaycanda ticarətə girişən türklər hakim ailə üzvü ilə iş qurmağın daha asan olacağını düşünsələr də, artıq məlumdur ki, onların böyük ticarətlə bağlı ümidləri puça çıxıb.
Şahnaz NOVRUZQIZI
5901 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий