пятница, 3 декабря 2010 г.

Masallıdakı intiharla bağlı yeni təfərrüatlar


Masallıdakı intiharla bağlı yeni təfərrüatlar
2010-12-02
«Embawood»un sahibi Məşhur Məmmədovun özünü asan bacısı oğlunun cibindən nə tapılıb?
“Embawood” şirkətinin sahibi, iş adamı Məşhur Məmmədovun bacısı oğlu Sərraf Əliyevin intiharı ilə bağlı yeni məlumatlar almışıq. Xatırladaq ki, Sərraf Əliyev noyabrın 23-də Masallının Kalinovka kəndində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb.
“Cənub xəbərləri” qəzetinin məlumatına görə, Sərraf Əliyev Masallı polisinin qurbanı olub. Qəzet yazır ki, noyabrın 23-də Sərraf Əliyevə iyrənc tələ qurulub. O, yaşadığı evdə 14 yaşlı bir qızla “yaxalanıb”. Sərraf Əliyev evə daxil olarkən Vüqar adlı bir kişi və iki qadın (qızın anası və qonşusu) hay-küylə qapını sındıraraq içəri keçiblər. Bir neçə dəqiqə sonra isə hadisə yerinə polislər gəlib. “Əməliyyat qrupu”na Masallı rayon Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Sərraf Əliyev “şahidlərlə” birgə polis şöbəsinə gətirilib. Şöbədə ona bildirilib ki, 100 min manat pul verməsə, həbs olunacaq və biabır ediləcək. Danışıqlar xeyli davam edib, nəhayət məbləğ 25 min manata enib. Qohumu tərəfindən zaminə götürülən Sərraf Əliyev pul dalınca gedib. Lakin həmin gün səhər saatlarında onu asılmış vəziyyətdə tapıblar.
Əldə etdiyimiz yeni məlumatlara görə, Sərraf Əliyevin üzərindən 25 min manat pul və məktub tapılıb. Həmin məktubda intiharın səbəbi açıqlanır. Səbəb də yuxarıda qeyd etdiyimiz iyrənc tələdir.
Məlumatlarda həmçinin vurğulanır ki, Sərraf Əliyevin qohumları günahkarların cəzalandırılması üçün bütün səylərini səfərbər ediblər. Nəzərə alsaq ki, mərhumun dayısı Məşhur Məmmədov tanınmış iş adamıdır və hakimiyyətin yuxarı eşalonunda təmsil olunan müəyyən şəxslərlə, xüsusilə prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla münasibətləri var, onda Sərraf Əliyevi intihara vadar edən şəxslərin cəzasız qalmayacağını düşünmək olar. Hətta bu məsələdə Masallının polis rəisi də cəzalandırıla bilər. Doğrudur, o, olaydan xəbərsiz olduğunu iddia edib. Lakin bu, inandırıcı görünmür. Bundan başqa, belə iddiala səslənir ki, Sərraf Əliyevə qurulmuş tələdə rəisin də rolu var. Hər halda bu hadisəylə bağlı Masallı polisində ən yaxşı halda istefaların olacağını gözləmək olar.
İnformasiya şöbəsi

Комментариев нет:

Отправить комментарий