воскресенье, 5 декабря 2010 г.

EYNULLA FƏTULLAYEVİN CƏZASI DAHA 2 İL ARTIRILIB


Görünməmiş hadisə: Ali Məhkəmə Plenumunun qərarı dəyişdirilib
Məhbus baş redaktor Azərbaycan və dünya ictimaiyyətinə müraciət etdi
“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Azərbaycan və dünya ictimaiyyətinə müraciət edib. Bunun səbəbini baş redaktor belə izah edir: “Noyabrın 30-da Avropa Şurası Nazirlər Komitəsinin mənim məsələmlə bağlı toplaşdığı gündə Avropa Məhkəməsinin barəmdə verdiyi 22 aprel 2010-cu il tarixli qərarının icrası məqsədi ilə çağırılmış Ali Məhkəmənin növbədənkənar Plenumunun 11 noyabr tarixli qərarının mətni mənə nəhayət təqdim edildi.
Mətnlə tanış olarkən gözlərimə inanmadım. Mətni təkrar-təkrar, dönə-dönə bir neçə dəfə oxuduqdan sonra dəhşətə gəldim. Plenumun qərarı dəyişdirilib! Hər halda 11 noyabrda Ali Məhkəmənin kürsüsündən səslənən və mətbuatda dərc edilən qərardan əsər-əlamət qalmayıb.
11 noyabrda elan olunan qərara görə, baş prokurorun müavininin vəsatəti ilə Plenum Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr, 2007-ci il tarixli hökmünün vergilərə aid olan hissəsinin sanksiyasını 4 aydan (cəzaların toplanmasında bu cəza 2 aya enmişdir) 2 il 3 aya qədər artırmışdı. Vəkilim Elçin Sadıqovla mən mətbuatda və ictimaiyyət qarşısında etdiyimiz çoxsaylı çıxışlarımızda bunun qanunsuz olduğunu bildirərək Cinayət Məcəlləsində vergi cinayəti ilə bağlı sanksiyanın artırılmasının mənim həbsimdən sonra baş verdiyi, mənim əski CM ilə məhkum olunduğum, qanunlara əsasən cəzanı ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsinin olmaması barədə ətraflı məlumatlar vermişdik. Görünür, bu çıxışlarımız təsirsiz ötüşməyib. Lakin Plenum həbsxanada qanunsuz cəza çəkdiyim müddətin heç olmasa bir hissəsini hüquqi cəhətdən əsaslandırmaq üçün daha əcaib və daha qanunsuz qərara imza atıb".
E.Fətullayev müraciətində yazır ki, 2006-cı ildə daxili işlər naziri barədə yazdığı tənqidi məqalələrin və Hacı Məmmədovun polis-qanqster dəstəsinin cinayət əməlləri haqqında tədqiqatlarının nəticəsi olaraq nazir Ramil Usubov Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdi: “26 sentyabr, 2006-cı ildə Yasamal Rayon Məhkəməsi ”Antibiotikin süqutu" məqaləsinə görə məni 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş və bir neçə dəqiqədən sonra CM-nin 70-ci maddəsini tətbiq edib real cəzanı sınaq müddəti ilə əvəz etmişdi. Azad fikrə və jurnalist təhqiqatı janrına qarşı yönəlmiş bu məhkəmə hökmündən apelyasiya şikayəti verib Avropa Məhkəməsinə qədər yolu qət edəcəyimə qərar vermişdim. Lakin Apelyasiya Məhkəməsi ərəfəsində Ramil Usubovun səlahiyyətli nümayəndəsi, Daxili İşlər Nazirliyinin hüquqşünası Dableykə Quliyev mənə barışıq təklifi ilə müraciət etmiş və Avropa Məhkəməsinə şikayətlə müraciət etməyəcəyim təqdirdə Apelyasiya Məhkəməsində cəzamın 1 ilə qədər azalacağını, bir neçə aydan sonra isə tam ləğv ediləcəyini mənə vəd etmişdi. Biz Dableykə Quliyevlə bir centlmen barışıq sazişi bağladıq və mən hökmdən kasasiya şikayəti vermədim. Sonradan mən başqa ittihamlarla və siyasi sifarişlə həbs edildim. Cəzalar toplananda məhkəmə Ramil Usubovun mənə verdiyi cəzanı ləğv edərək onu 1 aylıq real cəzaya çevirdi və digər cəzalara birləşdirdi. Avropa Məhkəməsinə şikayətlə müraciət edəndə mən Ramil Usubovun cəzasından şikayət vermədim, çünki bu, bizim D.Quliyevlə bağladığımız centlmen razılaşmasını pozmuş olardı. Mən heç vaxt prinsiplərimi pozmamışam və çalışmışam verdiyim sözə sona qədər əməl edim".
E.Fətullayev öz müraciətində iddia edir ki, bunun əksinə olaraq qarşı tərəf bağladığı şərti pozub: “Ali Məhkəmənin Plenumu Apelyasiya Məhkəməsinin 22 dekabr, 2006-cı il tarixli hökmünü ləğv edərək Yasamal Rayon Məhkəməsinin 26 sentyabr, 2006-cı il tarixli hökmü ilə aldığım 2 illik şərti cəzanı real cəzaya çevirib. Məhz bu cəzanı da mənə qarşı tətbiq edib. Amma nədənsə Plenum cəzamın əvvəlini 26 sentyabr, 2006-cı ildən deyil, 3 iyul, 2007-ci ildən hesablayıb. Belə çıxır ki, MTN-in təcridxanasında saxlandığım 9 ay ərzində yaşadığım iztirablar, 12 saylı cəzaçəkmə müəssisəsində keçirdiyim müsibətlər Hacı Məmmədovun dəstəsini və bu dəstəyə himayə edən qüvvələri tənqid etdiyimə görədir. Ali Məhkəmənin Plenumunun qərarından belə nəticə hasil olunur”.
Eynulla Fətullayev yazır ki, bu durumda o, həmin işlə bağlı Avropa Məhkəməsinə müraciət edəcək: “Qoy avropalı hakimlər və hüquqşünaslar Azərbaycan polisi haqqında maraqlı detektivlər oxusun və ədalətli qərar versinlər”.
Baş redaktor yazır ki, bu fakt bir daha hakimiyyət nümayəndələri ilə hansısa centlmen razılaşmalar bağlamağın mümkün olmadığını bir daha sübut edir. Geri çəkilməyəcəyini sərt bir dillə bəyan edən baş redaktorun müraciəti bu cümlələrlə bitir: “İqtidardan soruşmaq ayıb olmasın: növbəti ittiham nə zaman olacaq? Qəlbim yaman qaşınır (ifadə məşhur rus yazıçısı Nabokova məxsusdur) yeni ittiham, yeni cinayət işi üçün... ”
Xəbər xidməti
416 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий