вторник, 7 декабря 2010 г.

“WİKİLEAKS” HAKİMİYYƏTDAXİLİ CASUSLARI İFŞA ETDİ


6.12.2010

İQTİDAR BUNUNLA BAĞLI GİZLİ ARAŞDIRMA APARIR
 Artıq bir neçə müddətdir ki, dünyanın nəhəng dövlətləri çox ciddi informasiya sızıntısı qalmaqalı ilə üz-üzə qalıblar. Təbii ki, burada ən çox zərər görən məxfi sənədləri ifşa olunmuş Amerika Birləşmiş Ştatlarıdır. Amma bu sənədlər ABŞ-la yanaşı, çox ciddi siyasi çevrələri və dövlətləri də hədəfə çevirdi. Məlumatlara görə, ABŞ-a aid məxfi sənədləri ələ keçirmiş «WikiLeaks» saytına Amerika hökuməti içindən dəstək verənlər var və həmin qüvvələr bugünə qədər mövcud olan və dünya dövlətləri arasındakı münasibətləri tənzimləyən bəlli prinsiplərin darmadağın edilməsini hədəfləyiblər.
 Elə bunu Türkiyə mətbuatına müsahibəsində adı neçə gündür dillərdən düşməyən «Wiki Leaks»-in rəhbəri Culian Assancın özü də dolayı yolla etiraf edib. Açıqlamalarından özünü kifayət qədər məlumatlı olmaqla yanaşı, həm də bir sadəlövh kimi təqdim etməyə çalışan Culian Assanc bildirir ki, o, gücləri əzməyi qarşısına məqsəd qoyub və bu işdən hətta zövq də alır.
 Əlində ABŞ-ın məxfi servislərinə aid 3 milyona yaxın sənədin olduğunu qeyd edən «WikiLeaks» saytının rəhbəri vurğulayır ki, hələ daha tutarlı və təlatümlü faktlar irəlidədir. Elə buna görədir ki, artıq dünyanın çox ciddi ekspertləri və analitik mərkəzləri açıqlanan sənədlərin dünyada növbəti böhranlara səbəb ola biləcəyini vurğulayırlar və hətta bu faktların 3-cü dünya müharibəsi üçün zəmin ola biləcəyini qeyd edənlər də var.
 «Wiki Leaks» və Azərbaycan!
 Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq bizləri daha çox ilgiləndirən sözügedən təşkilatın ölkəmizlə, Azərbaycan iqtidarının ayrı-ayrı simaları ilə bağlı açıqladığı məxfi faktlardır. Doğrudur, bu materialların hamısı demək olar ki, Azərbaycanın rəsmi dairələri tərəfindən təkzib olunub və olunmaqdadır. Qeyd edək ki, eyni addımı gizli işləri ifşa olunmuş digər dövlətlərin rəsmi qurumları da atıblar. Amma onlardan fərqli olaraq, ABŞ-ın rəsmi dövlət qurumları nəinki açıqlanan faktları təkzib etmədilər, hətta kimisə cəzalandırmağa belə həvəsli olmadıqlarını da nümayiş etdirdilər. Əksinə, Culian Assanc hədəf olaraq seçildi ki, bu da əslində, ABŞ-ın menyüsünə əlavə edilmiş növbəti «Ben Laden» obrazından başqa bir əhəmiyyət daşımadı.
 ABŞ-dan fərqli olaraq digər dövlətlər, o cümlədən Azərbaycan dövləti təkzib yolunu seçdi. Halbuki açıqlanan faktlarda bu hakimiyyətin mövqelərini möhkəmləndirə biləcək dəlillər də yetərli idi. Məsələn, «Wiki Leaks» sənədlərindən aydın oldu ki, Azərbaycan prezidenti İlham Əliyev hətta bağlı qapılar arxasında belə ölkəmizin Qarabağ maraqları naminə hər hansı güzəşt haqqında düşünmür. Halbuki bu vaxtaqədərki dövr ərzində həm müxalif, həm də müstəqil mətbuatda bu fakta tamam əks istiqamətdə təbliğat aparılırdı.
 O zaman sual olunur: Nədən hakimiyyət «Wiki Leaks» sənədlərini təkzib etməyə qərar verdi? Sualın cavabı həm sadədir və həm də açıqlanan, açıqlanmaqda olan digər faktlardakı dəlillərdən də aydındır. Hakimiyyət xüsusilə, Türkiyə və Azərbaycanla bağlı olan hissələrlə bağlı təkzib versə də, bu həm də o demək idi ki, rəsmi Bakı «Wiki Leaks»in bütün faktlarını təkzib edir.
 Təbii ki, hansısa məsələyə hansısa formada münasibətin bildirilməsi hər kəsin doğal haqqıdır. Eləcə də Azərbaycan hakimiyyəti bir neçə gündür bütün dünyanı lərzəyə gətirən «Wiki Leaks» sənədlərini təkzib edə bilər. Lakin bir məqam var. Açıqlanan faktlar o qədər inandırıcıdır ki, sübuta belə ehtiyac duyulmur, eyni zamanda açıqlanan faktlar ölkəmizdə ciddi bir casus şəbəkəsinin fəaliyyət göstərdiyini isbatlayır.
 Hakimiyyət ciddi narahatçılıq keçirir!
 Bu da bir faktdır. Redaksiyamıza çox mötəbər mənbələrdən daxil olmuş informasiyalar da təsdiqləyir ki, artıq rəsmi Bakı özünün «WikiLeaks»lə bağlı xüsusi araşdırma qrupunu yaradıb və bir neçə gündür ki, ciddi şəkildə fəaliyyət göstərən qrupda ölkənin xüsusi xidmət orqanlarının nüfuzlu və peşəkar nümayəndələri təmsil olunurlar. Məlumatlı mənbə iddia edir ki, xüsusi araşdırma qrupunun yaradılması ideyası ən yüksək səviyyədə verilib.
Əslində Azərbaycan hakimiyyətinin belə bir addımı atacağı gözlənilən idi də. Çünki söhbət Azərbaycan dövlətinin təhlükəsizlik məsələsindən gedir. İfşa olunan faktlardakı dəlillərin böyük əksəriyyəti Azərbaycanın dövlət sirrləri hesab oluna bilər.
O zaman ortaya daha bir sual çıxır: Necə olur ki, Azərbaycana aid məxfi məlumatlar ABŞ səfirliyinin və yaxud da ABŞ-ın xüsusi xidmət orqanlarına çalışan hər hansı bir şəxsin əlinə keçib? Redaksiyamızı bu barədə bilgiləndirən məlumatlı mənbələr bildirir ki, yaradılmış xüsusi qrup da məhz bu informasiya sızıntısının qaynaqlarını müəyyən etmək üçün fəaliyyətdədir.
İnformasiyaya görə, bu məsələdə çox sərt davranılacaq. Çünki «WikiLeaks»in açıqladığı sənədlərdəki dəlilləri sıradan vətəndaşların bilməsi qeyri-mümkün olduğundan, hakimiyyət təftiş işinin öz daxilində aparılmasına qərar verib. Yəni hansısa məmur və qruplaşma bugünə qədər ABŞ-a aid xüsusi xidmət orqanlarına gizli şəkildə məlumatlar ötürüb. Hakimiyyəti də narahat edən bu məqamdır və yaradılmış xüsusi qrupa həvalə edilmiş missiya da bu məsələdə günahkar olanların aşkarlanmasından ibarətdir.
 «Agent-Məmurlar» cəzalandırılacaq!

Комментариев нет:

Отправить комментарий