воскресенье, 12 декабря 2010 г.

RƏQQASƏ FATİMƏ


İqtisadiyyat
RƏQQASƏ FATİMƏ VƏ 8 MƏMUR...
Hökumət iri vergiödəyicilərinin 2 milyarda yaxın borcunu qoyub müğənnilərdən qəpik-quruş istəyir
Xəbər verildiyi kimi, Azərbaycan şou-biznesinin bir neçə nümayəndəsi məhkəməyə verilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nərimanov rayon şöbəsi dövlət sosial sığorta haqqını ödəmədiyinə görə müğənnilər Xatirə İslam, Vasif Məhərrəmli və rəqqasə Fatimə Abdullayevaya qarşı iddia ilə çıxış edib. İddia sənədlərinə görə, onların hər birinin sözügedən quruma 1500 manata yaxın (1431 manat) sosial sığorta borcu var. Hazırda Xatirə İslam və rəqqasə Fatimə ilə bağlı şikayətə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində ayrı-ayrılıqda baxılır. Vasif Məhərrəmliyə qarşı olan iddia əsasında isə məhkəmə prosesi başa çatıb və məhkəmə müğənninin iddiada göstərilən borcu ödəməsi barədə qərar qəbul edib.
Məsələ ilə bağlı adları çəkilən sənət adamlarının mövqeyi birmənalı olmayıb. Ən maraqlı reaksiya isə rəqqasə Fatimədən gəlib. O, məhkəmə işindən xəbərdar olduğunu deyib: “Dövlət Muğam Teatrının işçisi kimi hər ay əmək haqqımdan pul çıxılır. Mən bugünkü gün işləyib qazanıram və tək başına uşağımı saxlayıram. Heç ”aliment" almıram. Birdən-birə mənə gəlib dedilər ki, sənin bu qədər borcun var. Mən bu pulu niyə ödəməliyəm ki? Ona görə də heç arxasınca belə getmirəm. Bu işin dalınca düşməyəcəyəm".
Açıqlanan fakt yada 8 iri vergi ödəyicisinin büdcəyə olan borcunu salır. Xatırladaq ki, qeyri-neft sektorunun özəyini təşkil edən 8 iri qurumun büdcəyə olan borcu haqda məsələyə Milli Büdcə Qrupunun (MBQ) 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəydə toxunulmuşdu. Rəydə bildirilirdi ki, ötən il “Azərenerji”, Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Dəmir Yolu İdarəsi, “Azəriqaz”, “Azərkimya”, (sonuncu iki qurum ötən il müstəqil olub-H.A), “Azərsu”, Bakı Metropoliteni və AZAL kimi 8 iri vergiödəyicisinin vergilərdə payı cəmi 2 faiz təşkil edib. Üstəlik, bu qurumların büdcə ödəmələri nəinki azalıb, hətta bunların bəzilərinə hökumət büdcədən kömək etməyə məcbur olub. Vurğulamaq yerinə düşər ki, ümumilikdə Azərbaycanda 9 qurum ən iri vergiödəyicisi hesab edilir ki, bunlardan biri də Dövlət Neft Şirkətidir (ARDNŞ).
Bu qurumlar hesabatlılıq, cavabdehlik və şəffaflıq baxımından ciddi suallar doğuran mühitə malikdirlər. Daha maraqlısı isə odur ki, adi müğənnilər, şou əhli məhkəməyə çəkildikləri bir vaxtda adları çəkilən qurumlar getdikcə məsuliyyətsizləşirlər. Bunu rəqəmlər də sübut edir. 2009-cu ildə Dövlət Dəmir Yolunun vergi ödəmələri 2008-ci illə müqayisədə 20,3 faiz, Xəzər Dəniz Gəmiçiliyinin vergi ödəmələri 62,4 faiz, Azərbaycan Hava Yolları QSC-nin vergi ödəmələri isə 40,8 faiz azalıb. 2009-cu il üzrə vergi daxilolmalarında bu ödəyicilərin payına diqqət yetirdikdə isə bu və digər bu tipli korporasiyaları yalnız simvolik şəkildə iri vergi ödəyiciləri adlandırmaq olur. Ekspertlər hesab edirlər ki, böhranın buna heç bir təsiri yoxdur, çünki həmin qurumlar onsuz da həmişə simvolik vergi ödəyiblər. Əslində hökuməti rəqqasə Fatimənin, yaxud müğənni Xatirə İslamın, Vasif Məhərrəmlinin 1500 manatı yox, iqtisadiyyatın bel sütununu təşkil edən 8 iri vergi ödəyicisinin vergilərinin bu qədər az olması düşündürməlidir. Öz zəhməti ilə pul qazanan insanlar haqda vergi, sosial sığorta borcuna görə məhkəmə iddiası qaldırılır, amma onların oxuyub-oynadıqları restoranlara “gözün üstə qaşın var” belə deyən yoxdur. Restoranları, şadlıq evlərini, əyləncə mərkəzlərini vergiyə cəlb etmək müşkülə çevrilib. Hər obyektin arxasında elə həmin “iri vergi ödəyiciləri”nə rəhbərlik edən məmurlardan biri dayanır. Belə çıxır ki, Etibar Pirverdiyev (“Azərenerji”nin prezidenti), Arif Əsgərov (DDY), Cahangir Əsgərov (AZAL), Aydın Bəşirov (XDG), Tağı Əhmədov (Metropoliten), Nizaməddin Quliyev (“Azərsu”), Məcid Kərimov (“Azərkimya”nın keçmiş prezidenti), Əlixan Məlikov (“Azəriqaz”ın keçmiş prezidenti), Rövnəq Abdullayev (ARDNŞ) kimi arxalı məmurlara bata bilməyən dövlət qurumları onlardan yaranan kəsirləri rəqqasə Fatimə kimilərinin hesabına doldurmaq fikrindədir. Biz heç də vətəndaşların vergiyə, sosial sığortaya cəlb olunmasının əleyhinə deyilik, amma bu, hamını əhatə etməlidir.
“İri vergi ödəyiciləri” adlandırılan təsərrüfat hesablı dövlət müəssisələrinin isə dövlət büdcəsinə vergi ödəmələri sahəsində ciddi problemlərin mövcudluğuna, həmin müəssisələrin gəlir və xərcləri ilə bağlı məlumatların ictimaiyyət üçün tam qapalı olmasına baxmayaraq, büdcədən həmin müəssisələrə böyük həcmli vəsaitlər ayrılır. 2009-cu ildə büdcənin Ehtiyat Fondundan, Prezidentin Ehtiyat Fondundan, investisiya xərclərindən və ayrı-ayrı funksional bölmələrdən həmin qurumlara 921 213 min manat vəsait ayrılıb. Nə hökumətin hesabatında, nə də Hesablama Palatasının rəyində bu ayırmaların zərurəti göstərilməyib. Görünür, büdcə qanunvericiliyinə və büdcə proseslərinə qeyri-ciddi münasibətin ciddi xarakter aldığını söyləyən ekspertlər kifayət qədər haqlıdırlar.
Dövlət Sosial Müdafiə Fonduna yuxarıda adları çəkilən qurumların sosial sığorta borcları haqda sorğu ünvanlasaq da, cavab ala bilmədik. Fondun mətbuat xidmətindən bildirildi ki, hazırda müvafiq şöbənin müdiri ölkədə olmadığından bizi maraqlandıran rəqəmləri tapmaq mümkün olmayacaq.
Həbibə ABDULLA
1179 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий