воскресенье, 12 декабря 2010 г.

“EMBAWOOD” SAHİBİNİN BACISI OĞLUNUN...........


“EMBAWOOD” SAHİBİNİN BACISI OĞLUNUN İNTİHARI İLƏ BAĞLI ŞOK MƏLUMATLAR
Masallıdakı ölüm işinə görə polis şöbəsinin əməkdaşı saxlanıb
Dünən Masallı Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov saxlanılaraq Bakıya aparılıb. Onun Bakıya aparılmasının səbəbi kimi tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Məşur Məmmədovun bacısı oğlu Sərraf Əliyevi özünə qəsd həddinə çatdırmasıdır. Bu barədə bütün Masallı camaatı danışır. Bu barədə redaksiyamıza Masallıdakı mənbələrdən xəbər veriblər. Bildiriblər ki, noyabrın 24-də baş vermiş olayla bağlı Masallıya Bakıdan xüsusi istintaq qrupu göndərilib. Özünəqəsd hadisəsi ilə bağlı cənub bölgəsinin ən tirajlı qəzeti olan “Cənub xəbərləri”ndə geniş yazı dərc olunub.
Həmin yazıda yer alan bir çox maraqlı iddia və fikirləri diqqətinizə çatdırırıq. Qəzetin təsisçisi və baş redaktoru Zahir Əmənov Kalinovka kənd sakini olan 24 yaşlı, 2 uşaq atası Sərraf Azad oğlu Əliyevin yaxınları ilə görüşərək onlardan hadisənin təfərrüatları barədə məlumat almaq istəyib. Lakin mərhumun yaxınları intiharın detallarını şərh etmək istəməyiblər.
Müəllif yazır ki, S.Əliyev özünə məxsus fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb: “Sərraf Əliyev Masallı şəhərində, xəstəxananın yanında, əlillər üçün tikilmiş evdə yaşayırmış. Noyabrın 23-də həmin şəxs bu evdə 14 yaşlı bir qızla yaxalanıb. Yayılan söhbətlərdə isə bildirilir ki, bu, xüsusi quraşdırılmış, mərhumdan pul qopartmaq üçün təşkil edilmiş bir təxribatdır. Həmin mənbələrin bildirdiyinə görə, intihar edən gəncin evinə göndərilən qızın Sərrafın yaşadığı evə girişindən dərhal sonra Vüqar adlı bir kişi və iki qadın, daha doğrusu, qızın anası və qonşu qadın (bu qadınların kimliyi redaksiyaya məlum olsa da, biz hələlik onların adını çəkməyi lazım bilmədik) böyük hay-küylə qapını döyməyə başlayıb və deyilənə görə, qapını sındırıblar. Onların hücumundan heç 5 dəqiqə keçməmiş, sanki hazır dayanıblarmış kimi, polislər hadisə yerində peyda olurlar. Polis əməliyyatına Masallı Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Halbuki həmin vəzifə sahibi belə əməliyyatlara getmir, şöbəyə daxil olmuş işləri təhqiq edir. Beləliklə, polislər hadisə yerində yaxalanan “günahkarı”, Sərraf Əliyevi şahidlərlə birgə polis şöbəsinə gətirirlər. Mənbə onu da bildirir ki, bu qadınlar və Vüqar adlı kişi əvvəllər də həmin azyaşlıdan alət kimi istifadə edərək polislə əlbir olub, bir neçə şəxsi də bu yolla şərləmiş və pul qoparmışlar.
Başqa bir mənbənin bildirdiyinə görə, intihardan qabaq Sərraf Əliyev yaxınlarına danışıb ki, polisdə ona ciddi psixoloji təzyiqlər edilib. Ona bildiriblər ki, ailəli adamsan, səni rayonda biabır edəcəyik ki, azyaşlı qızın bakirəliyini pozubsan. Onun yanında guya bir neçə telekanalla telefon əlaqəsi saxlayıb, onları polisə dəvət ediblər ki, gəlin bu rüsvayçılığı çəkin. Sonra da guya xahiş ediblər ki, hələ gəlməyin. Həmçinin onu hədələyiblər ki, səni içəri atdırıb, başına orada min oyun açdıracağıq və sairə. Daha sonra şərt qoyublar ki, bütün bunları istəmirsənsə, imkanlı qohumlarından bizim üçün 100 min manat pul təşkil elə. Daha sonra qızın bakirə olduğu aşkarlananda haqq-hesab 100 mindən 50 min manata enib. Hətta Sərrafa şəxsi minik maşınını satıb bu işi “bağlamağı” təklif ediblər. Bununla kifayətlənməyib onun maşınına müştəri də tapıblar. Lakin notariat kontoru saat 18:00-dan sonra başlandığı və alqı-satqını rəsmiləşdirmək mümkün olmadığı üçün bu işdən vaz keçiblər. Sərraf Əliyevə təklif ediblər ki, istənilən pulu təcili düzəltmək üçün get, fermandakı inəkləri 2 saata sat, heç olmasa, 25 min manat gətir. Sonda Sərraf Əliyevin yaxın qohumu onu zaminə götürərək vaxt istəyib ki, onlara pulu düzəltmək üçün möhlət versinlər, istənilən məbləği düzəldib bir neçə saatdan sonra ünvanına çatdırsınlar. Beləliklə, Masallı Rayon Polis Şöbəsində 100 min manatdan başlayan “bazarlıq”dan sonra “günahkarı” evə buraxırlar. Düşdüyü vəziyyətdən çıxış yolu axtaran Sərraf rəhbərlik etdiyi fermaya qəssab gətirib, buradakı mal-qaranı dəyər-dəyməzinə satmaq istəyib. Lakin qəssab onun çaşqın vəziyyətdə olduğundan, bu qədər mal-qaranın ucuz qiymətə satılması təklifindən şübhələnərək həmin alverə qol qoymayıb. Pul üçün bir neçə qohum-qardaşa da müraciəti boşa çıxandan sonra Sərraf çıxış yolu tapmayaraq elə həmin axşam 10-11 radələrində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb".
Qəzet yazır ki, yuxarıda qeyd olunan bütün bu işlərə polis şöbəsindən təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov başçılıq edib. S.Əliyevi dindirənlərdən biri Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov olub. Tibbi ekspertiza zamanı isə S.Əliyevin həmin 14 yaşlı qızla nəinki intim, heç fiziki yaxınlığı ilə bağlı hər hansı hal da müəyyənləşməyib.
Baş Prokurorluğun mətbuat xidmətinin olayla bağlı yaydığı məlumatda deyilir ki, noyabrın 30-da qeyd edilən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə tapşırılmışdır. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
E.QƏDİMOV
2617 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий