воскресенье, 5 декабря 2010 г.

Gübrə bazarında şok maxinasiyalar


«Aqrolizinq» ASC dövlətə və fermerlərəkələk gəlir, milyonlarla vəsait açıq-aşkar oğurlanır
(əvvəli ötən sayımızda)
Ölkəyə, əsasən, 15 ölkədən gübrə gətirilir. Onların sırasına Rusiya, Çin, Qazaxstan, Finlandiya, İngiltərə, Polşa, Belarus, Ukrayna, İtaliya, Almaniya, Avstriya, Türkiyə, İran, Yaponiya və Özbəkistan daxildir. Superfosfat gübrəsi Ukraynanın Sumi Kimya Kombinatından, azot gübrəsi Rusiyanın kimya kombinatlarından qismən də Qazaxıstan və Özbəkistandan, kimyəvi preparatlar isə  Almaniyadan idxal olununur. Bu sahədə yerli istehsal isə sıfır vəziyyətdədir
Gübrə, Toxum və Pestisid Ticarətçiləri Assosasiyasının nümayəndəsi Nizami Qarayev deyir ki, hazırda Azərbaycanda heç bir gübrə istehsal olunmur: «Vaxtilə Sumqayıt Sperfosfat Zavodunda fosfor, Gəncə Alüminium Zavodunda isə kalium-sulfat istehsal olunub. Hətta sovet dönəmində kalium-sulfat başqa birlik dövlətlərinə də ixrac olunub. Hazırda hər iki zavodun bu istiqamətdə fəaliyyəti dayandığından, gübrəni idxal etməyə məcbur olmuşuq. Belə olan təqdirdə dünya bazarından asılı vəziyyətə düşürük».
Hansı ölkənin gübrəsinin keyfiyyətli olmasına gəlincə, fermerlər Özbəkistandan gətirilən gübrələrə maraq göstərmədiklərini deyirlər. Avropadan idxal olunan gübrələr keyfiyyətli olsa da, qiymətlərin baha olması kəndliləri çətin vəziyyətə salır. «Aqrolizinq» ASC-nin sədr müavini Elsin Mirzəyev bildirir ki, fermerləri daha çox maraqlandıran Rusiya zavodlarının istehsal etdiyi gübrələrdir. Bazarda xaos hökm sürür
Gübrə bazarında başqa bir paradoksal vəziyyət də yaranıb. Fatmayidən olan fermer Telman Niyazov deyir ki, ötən il bazarda gübrələr «Aqrolizinq»dən daha ucuz təklif edilib. O bildirir ki,  dövlətin onlara 50 faiz güzəştlə verməli olduğu bəzi gübrə növləri  bazarlarda daha ucuz qiymətədir.  O, misal kimi azotun qiymətini göstərir. Fermer qeyd edir ki, ötən il həmin gübrənin tonu bazarda 200 manata təklif olunub. «Aqrolizinq» də onlara bu gübrənin tonunu 200 manata satıb. Beləliklə dövlətin güzəştlərinə baxmayaraq bazarda faktiki qiymət fərqi yoxdur. «Aqrolizinq» ASC bunu onunla izah edir ki, cəmiyyətin fermerlərə satdığı gübrənin bahalığı həmin məhsulun hələ dünyada qiymətlər baha olan ərəfədə alınması ilə əlaqəli olub. ASC-nin rəsimisi E.Mirzəyev deyir ki, superfosfat gübrəsi hökumətə 560 manata, azotun isə tonu 400 manata başa gəlir. Fermer isə bunu güzəştli qiymətə alır.O zaman sual olunur, bazarda satılan gübrə nə üçün baha başa gəlmir? Halbuki, həm bazara çıxarılan, həm də  fermerlərə güzəştlə satılan gübrələr «Aqrolizinq» ASC tərəfindən gətirilir. Araşdırmalar göstərir ki, ASC fermerlərə güzəştlə gübrə satarkən, onların adlarına sildiyi məhsulu bazara çıxararaq, ucuz qiymətə satır. Bununla süni şəkildə guya rəqabət formalaşdırırlar. Lakin bu «rəqabət» dövlət büdcəsinin talanması hesabına başa gəlir.
Ekspert rəyi:
«Ölkənin gübrəyə olan təlabatın 11 faiz ödənilir»
Gübrə, Toxum və Pestisid Ticarətçiləri Assosasiyasının nümayəndəsi Nizami Qarayev bildirdi ki, bu gün ölkənin gübrəyə olan tələbatı tam ödənilmir, gübrələr balanslı şəkildə gətirilmir: «Gətirilən gübrələrin arasında, əsasən, azot çoxluq təşkil edir. KTN-nin məlumatına görə, 900 min hektarda buğda əkməyi planlaşdırır. Əkin sahəsinin hər hektarına 110 kiloqram azot, 90 kiloqram fosfor gübrəsi verilərsə, bununla bilmək olar ki, ölkənin gübrəyə tələbatı, təxminən nə qədərdir. Təkcə taxıl sahələrini təmin etməkdən ötrü 520 min ton azot və fosfor gübrəsinə təlabat var. Taxıl sahəsinin 90 faizi gübrələnmir. Əsasən, meyvəçilik, tərəvəzçilik, bostan məhsullarının əkinin ilə məşğul olanlar gübrədən istifadə edir.
Ümumiyyətlə, ölkənin gübrəyə olan təlabatının 11 faiz ödənilir. Ölkəyə bu qədər gübrə gətirilmir. Nəticədə məhsuldarlıq aşağı olur. Bu da fermerlərin pul gəlirlərinin azalmasına səbəb olan əsas faktordur. Azərbaycan torpaqlarında uzun müddət növbəli əkin tətbiq etmək mümkün deyil. Mütəmadi becərilir və gübrədən lazımi qaydada istifadə olumur. Nəticədə torpaqlar tədricən yoxsullaşır. Yoxsullaşmış torpaqlar bol məhsul verə bilmir».«Azərbaycanda gübrənin qiyməti kifayət qədər bahadır» Aqronom-alim qeyd etdi ki, kənd təsərrüfatına yararlı torpaqların hər hektarına 11-12 kiloqram gübrə düşür: «Qonşu Türkiyədə bu, 90 kiloqram, Fransada 120 kq-dır. Buradan ölkənin yararlı torpaqlarının gübrə ilə təminatının çox aşağı səviyyədə olmasını görmək olar».Onun sözlərinə görə, bu gün Azərbaycanda gübrənin qiyməti kifayət qədər bahadır: «Təxminən 50 kiloqram gübrəni 9-10 manata almaq mümkündür. Bu isə gəliri az olan fermer üçün bahalı bir məbləğ sayılır. Gübrənin baha olması onun tətbiqinə mane olan amil kimi çıxış edir».
N.Qarayev ucuz gübrə əldə etmək üçün onları qeyri-mövsümü dövrdə alınmasını məsləhət görür: «Məsələn, gübrənin qiymətinin ucuz olduğu dövrdə tədarük etmək lazımdır. Ucuz mövsümdə onun dünya bazarındakı qiymətilə baha olduğu dövrü müqayisə etdikdə, 1 tonunda 97 manata qədər fərq edir. Məsələn, dünya bazarında azot gübrəsi aprel ayında 1 tonu163 dollar, sentyabrda 255 dollar olub. Əgər ucuz dövrdə gübrə ala bilsək, 100 min ton azota 9 milyon qənaət etmək mümkündür. Bu rəqəm taxıl istehsalçılarına verilən subsiydiya qədərdir. Deməli, qənaətlə, fermərlərə başqa istiqamətdə yardım etmək mümkündür».  Mütəxəssis Azərbaycan fermerlərinin böyük əksəriyyətinin gübrə almaqda maraqlı olmadığını bildirdi: «Bu da maraqlı tendensiyadır. Qiymətlərdə 50 faiz güzəşt edildiyi halda, ildən-ilə əkin sahələrinə tətbiq edilən gübrələr azalır» Ekspert hesab edir ki, bu, təbliğat işinin zəif qurulması ilə bağlıdır: «Gübrənin verəcəyi səmərə fermerlər arasında izah olunmalıdır. Ola bilər ki, müəyən neqativ hallar da gübrənin tətbiqinə mane olur».Gübrələr labaratoriyalarda yoxlanmalıdır N.Qarayevə görə, gübrələrin keyfiyyətini müəyyən etmək üçün dünyanın qəbul etdiyi müəyyən standartlar var: «Əslində, onların hamısı Respublika Toksikologiya Mərkəzinin laboratoriyasında yoxlanmalıdır. Məsələn, təsiredici maddə ammonium nitratda 34 faiz olmalıdır. Əgər bundan əskik olarsa, qatqı maddələrin miqdarı çox olarsa, belə gübrələr torpağı yaxşılaşdırmaq əvəzinə bitkilərə mənfi təsir edə bilər, onların qidalanmasını poza, torpağın sıradan çıxmasına gətirib çıxara bilər. Buna görə də gübrələrin analiz məsələsi çox vacibdir. Əkinçilər arasında fosfor gübrələrinin keyfiyyəti barəsində ciddi narazılıq var. Dövlət qurumları bunu analiz edərək, iddialara son qoymalıdır. Amma təəssüf ki, heç bir analiz aparılmır. Əlavə qatqıların miqdarı çox olan gübrələr torpağı bir mösüm üçün yararsız vəziyyətə gətirib çıxarır.  Əgər təsiredici maddə azdırsa, qiymət də dünya bazarının qiyməti ilə tənzimlənirsə, Azərbaycan fermeri aldanmış olur».N.Qarayev dedir ki, bu gün fermerin aldığı gübrə ilə satdığı məhsulun qiyməti arasında disbalans yaranıb: «Fermer gübrəni baha alıb məhsulunu ucuz satırsa, çəkdiyi xərci götürə bilmir. Belə olan halda onun tətbiqində də maraqlı olur. Taxıl sahəsindən normal məhsul almaq istəyən adam, təxminən 350 kiloqram fosfor gübrəsi verməlidir. Belə olan halda məhsuldarlıq arta bilir. Normada verilən gübrə sayəsində bəzən məhsuldarlığı 10 sentnerə qədər artırmaq olur. Bunu Bərdədə keçirdiyimiz təcrübəyə əsasən, deyə bilərəm. Əgər məhsuldarlığı artırmaq mümkün olarsa, gübrəyə çəkilən əlavə xərc özünü ödəyə bilir».
Vüsalə RÜSTƏMOVA  
Araşdıma Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun elan etdiyi müsabiqədə qalıb gəlmiş konsepsiya əsasında aparılıb

Комментариев нет:

Отправить комментарий