воскресенье, 12 декабря 2010 г.

Elektrik sayğaclarının quraşdırılması və dəyişdirilməsi kimin hesabına edilməlidir?


Elektrik sayğaclarının quraşdırılması və dəyişdirilməsi kimin hesabına edilməlidir? / 05.02.2010
Cəlilabadda sayğacların dəyişdirilməsi üçün vətəndaşlardan 480 manat pul istəyirlər
 Bu günlərdə Cəlilabad rayonundan redaksiyamıza telefon açan Səfərov İltifat bildirdi ki, ötən il quraşdırılan sayğacları, kartla işləyən yeni sayğaclarla əvəzləyirlər. Onun sözlərinə görə rayonda su problemi olduğu üçün Cəlilabad şəhərinin əhalisi içməli suya olan tələbatını fərdi qaydada qazılmış su quyularında çıxan su ilə ödəyir. Həmin quyulardan isə suyu elektrik mühərrikləri ilə çıxarırlar.
İndi həmin elektrik mühərriklərinə sayğac quraşdırmaq üçün vətəndaşlardan 480 manat pul istəyirlər. Lakin qanunvericilikdə fiziki şəxslərdən sayğac quraşdırılması və dəyişdirilməsi üçün pul tələb edilməsi nəzərdə tutulmayıb.
Milli Məclisin 30 avqust 2009-cu il tarixli toplantısında təsdiq edilən, ötən ilin sonunda isə prezidentin fərmanı ilə təsdiqlənən "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələr və dəyişikliklərdə vətəndaşın sualına açıq aşkar cavab var. Qanunda deyilir: "Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir".
Buradan da aydın olur ki, əhali qrupuna daxil olan abonentlər üçün sayğacların quraşdırılması və dəyişdirilməsi birmənalı olaraq enerji təchizatçısı, yəni abonenti elektriklə təmin edən müəssisə tərəfindən pulsuz həyata keçirilməlidir.
Bununla yanaşı, həmin qanuna edilən əlavə və dəyişikliklərdə vətəndaşlar üçün vacib olan digər məqamların da olduğunu nəzərə alaraq, həmin dəyişiklikləri olduğu kimi aşağıda dərc edirik.
 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır
 I. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 363; 2001-ci il, №11, maddə 696) 11-ci maddəsinə aşağıdakı məzmunda dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci hissələr əlavə edilsin:
"Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müd-dətində tam məbləğdə ödənilmədikdə;
təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
məhkəmənin qərarı ilə.
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərinin vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
Enerji təchizatı mü-əssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur."
Məsələyə münasibət bildirmək üçün "Azərenerji" İB-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, onlarda olan məlumata görə, fiziki şəxslər üçün sayğacların quraşdırılması və dəyişdirilməsi pulsuz həyata keçirilir.
Mətbuat xidmətinin əməkdaşı sualımıza dəqiq cavab almaq üçün "Azərenerji"nin "Enerji təhcizatı idarəsi"nə mü-raciət etməyimizi məsləhət bildi. Həmin idarədə isə bildirdilər ki, onlarda olan məlumata görə, birfaza üçün quraşdırılan sayğıclar pülsuz, üçfaza üçün quraşdırılan sayğaclar isə ödəniş əsasında həyata keçirilir. Amma bu idarədə də dəqiq məlumatın olmadığını qeyd edərək, bizi "Enerji təhcizatı idarəsi"nə yönəltdilər. Həmin idarədən sualımızı cavablandıran əməkdaş birmənalı olaraq bildirdi ki, elektrik enerjisi üçün sayğacların quraqdırılması və dəyişdirilməsi fiziki şəxslər üçün pulsuz həyata keçirilir.
Onu da diqqətinizə çatdıraq ki, yuxarıda qeyd etdiyimiz qanunun prezident tərəfindən təsdiqlənməsi də qalmaqalsız ötüş-mədi. Həmin qanunun sözügedən bəndi dəyişdirilərək, sayğacların quraşdırılması və dəyişdirilməsi xərclərini abonentlər tərəfindən ödənilməli kimi dərc edilmişdi. Sonradan məsələyə aydınlıq gətirildi və qanun MM-in təsdiqlədiyi variantda dərc edildi.
Akif Nəsirli

Комментариев нет:

Отправить комментарий