воскресенье, 12 декабря 2010 г.

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN AZAD OLUNMASINI TƏLƏB ETDİ

Məhbus baş redaktoru dekabrın 21-də azad edə bilərlər
Avropa Şurasının Nazirlər Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin işi üzrə yekun rəyini açıqlayıb. “Turan” xəbər verir ki, komitənin 30 noyabr iclası haqda məlumatında deyilir: “Avropa İnsan Hüquqları Konvensiyanın 146-cı maddəsinə uyğun olaraq, Avropa Şurası üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır. 46-cı maddəyə uyğun olaraq, ərizəçi dərhal azad olunmalıdır. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr tarixli qərarı Eynulla Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir. Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır. Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərizəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa, cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”.
Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət komitənin mühüm funksiyalarından biridir.
Eynulla Fətullayev 2007-ci ilin aprelində təhqir etməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma ittihamları ilə yenidən məhkum olunan jurnalistin cəzası 8 il 6 aya qaldırılıb.
2010-cu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Eynulla Fətullayev barəsində yeni qərar çıxarıb. Jurnalistin üzərində iki ittiham saxlanıb və ona 2 il 3 ay cəza müəyyənləşdirilib. 3 iyul 2007-ci ildən hesablanan cəza müddəti başa çatsa da, Eynulla Fətullayev üstündə olan narkotik işinə görə azadlığa buraxılmayıb. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik vasitə saxlamada təqsirli bilərək 2 il 6 ay həbsə məhkum edib. Bu hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Bakı Apelyasiya Məhkəməsinin noyabrın 5-də keçirilən hazırlıq iclasında həbsdə olan Eynulla Fətullayev barəsində yenidən həbs-qətimkan tədbiri seçib.
Ali Məhkəmə Plenumunun noyabrın 11-də Eynulla Fətullayev haqqında qəbul etdiyi qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il aprelin 22-də çıxardığı qərarla bağlıdır. Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə şikayətə baxaraq jurnalistin dərhal azadlığa buraxılması, ona 27 min 822 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət versə də, qərar qüvvədə saxlanıb. Ona görə də Ali Məhkəmənin Plenumu bu məsələyə baxmalı olub. Lakin Baki Apelyasiya Məhkəməsinin E.Fətullayevlə bağlı 5 noyabr 2010-cu il tarixli qərarı onun azad edilməsinin qarşısını alıb. Dünən həmin qərardan E.Fətullayevin verdiyi kassasiya şikayətinə baxılmasının vaxtı da məlum olub. Məhbus baş redaktorun vəkili Elçin Sadıqov “Media forum”a açıqlamasında deyib ki, Ali Məhkəmə məhbus jurnalistin Bakı Apelyasiya Məhkəməsinin 5 noyabr tarixli qərarından verdiyi kassasiya şikayətinə dekabrın 21-də baxacaq. Prosesə hakim İmran Hacıqayıbov sədrlik edəcək. E.Fətullayevin atası Emin Fətullayev Nazirlər Komitəsinin qərarını alqışladığını qeyd etməklə yanaşı Ali Məhkəmədə şikayətə baxılan gün oğlunun azad olunması üçün fürsət olduğunu da vurğulayıb: “Yaxşı olardı ki, dekabrın 21-də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin noyabrın 5-də Eynulla barədə seçdiyi həbs-qətimkanı tədbirini ləğv etsin və onu azad etməklə bu işə son qoysun”.
E.MƏMMƏDƏLİYEV
359 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий