вторник, 7 декабря 2010 г.

İSMƏT ABBASOVUN LƏNKƏRANDAKI MAXİNASİYASI FAŞ OLDU


Nazir imitasiya edərək iki əməkdaşını işdən çıxarıb; “Araz” kredit ittifaqı 60-dək vətəndaşı aldadaraq mənzillərini girov götürüb
“Lənkəranda "Araz" kredit ittifaqı adlı təşkilat 60-a yaxın vətəndaşı aldadaraq mənzillərini girov götürüb. Mənzillər hələ də girovdadır və aldadılan vətəndaşlar çıxılmaz duruma düşüblər. Onlar təşkilatdan kredit götürərkən az məbləğdə pul istəyiblər. Əvəzində mənzillərini girov qoyublar. Ancaq təşkilatın baş mühasibi Elşən İbadov savadsızlıqlarından sui-istifadə edərək onları aldadıb və böyük məbləğdə kreditlərə qol çəkdirib".
Bu məlumat “Yeni Müsavat”a Lənkərandakı mötəbər mənbədən daxil olub. Onun iddiasına görə, “Araz” kredit ittifaqının rəhbəri Qəhrəman Hüseynov bu ilin yayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Lənkəranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub, hazırda onun barəsində qaldırılan cinayət işinin istintaqı davam edir. Ancaq aldadılan vətəndaşların mənzilləri hələ də girovluqdan xilas olmayıb.
Mənbə qeyd edib ki, bu cinayətin arxasında kənd təsərrüfatı naziri İsmət Abbasov dayanır: “Məqsəd qeyri-leqal kredit təşkilatları yaradıb milyonlarla manatlıq maxinasiyalara yol verməkdir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin (KTKDA) xətti ilə maliyyə təşkilatları tərəfindən fermerlərə ayrılan 100 milyon manata qədər kredit düzgün sərf olunmayıb, ünvanlara düz çatdırılmayıb. Bu pullar Lənkəranda ”Araz", İmişlidə isə “İlham” kredit ittifaqlarının adına keçirilib. Lənkərandakı təşkilat rayonda kənd təsərrüfatı işləri ilə məşğul olmayan vətəndaşlara kredit vəd edib. Nəticədə onları bu şəkildə aldadıblar. Həmin vətəndaşlardan ikisi Mülayim Əliyev və Rahib Nəsirovdur. Onların savadsızlığından istifadə olunub və mənzilləri hələ də girovluqdadır".
Qaynağımız deyir ki, zərərçəkmiş Mülayim Əliyevə evin girovluğu müqabilində 8 min manat kredit vəd olunub: “Ancaq ona 43 min manata qol çəkdiriblər. Həmin 8 min kredit də ona çatmayıb. O, Prezident Administrasiyasına məktub yazandan sonra Baş Prokurorluğa çağırılıb. Orada zərərçəkmişə deyilib ki, mənzili girovluqda deyil. Ancaq bu insan indiyə kimi mənzilini girovdan çıxarmaq istəsə də mümkün olmur. Eyni zamanda Rahib Nəsirov 6 min manat kredit almaq istəyib. Ancaq ona da hiylə gəliblər və 33 min manata qol çəkdiriblər.
Qeyd edək ki, İsmət Abbasovun əməlləri barədə “Azadlıq” qəzetinin ötən saylarının birində məlumat verilmişdi. Xəbərdə qeyd olunurdu ki, bu maxinasiyada İsmət Abbasova əvvəlcə Kredit Layihəsi üzrə İcraçı Kredit Agentliyinin baş direktoru, nazirin yaxın adamı hesab edilən Məcid Əsədov və kredit meneceri Məmməd Hüseynov yardım edib. Onlar “Araz” və “İlham” adlı kredit ittifaqları yaratmaqla 100 milyon manat vəsaiti qaranlıq ünvanlara yönəltmək istəyiblər. “İlham” kredit ittifaqının rəhbəri vəziyyəti belə gördükdə İsmət Abbasova mənimsənən pulları İcraçı Kredit Agentliyinə qaytarmağı tələb edib. Əks təqdirdə maxinasiya ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcəyini bildirib. Bundan sonra İsmət Abbasov görüntü xətrinə Məcid Əsədovla Məmməd Hüseynovu işdən çıxarıb.
Kredit Agentliyinin rəhbərliyinə Məmməd Hüseynovun dayısı Arif Əliyev gətirilib. Bundan sonrakı maxinasiyalar onun əli ilə həyata keçirilib. Beynəlxalq qurumlar tərəfindən Şimal-Şərq (Xaçmaz-Quba-Qusar) layihəsi üçün ayrılan 15 milyon manat, Şimal-Qərb (Şəmkir-Tovuz-Qazax) layihəsi üçün ayrılan 20 milyon manat, Cənub (Lənkəran-Astara) bölgəsi üçün ayrılan 15 milyon manatın əhəmiyyətli hissəsi təyinatı üzrə xərclənməyib.
Yazıda adı hallanan şəxsləri də dinləməyə hazırıq.
Emil SALAMOĞLU
2286 dəfə baxılı

Комментариев нет:

Отправить комментарий