пятница, 3 декабря 2010 г.

“BUGÜNƏ QƏDƏR GEDİB HEÇ KİMƏ MİNNƏTÇİ OLMAMIŞAM”


SABİR RÜSTƏMXANLI: “İSA QƏMBƏRİN MÜSAVATDAN GETMƏSİ MÜSAVAT ÜÇÜN AĞIR İTKİDİR”
 “…bu, o demək deyil ki, biz seçkilərin tam demokratik keçirildiyini qəbul edirik”
 Müsahibimiz Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. AXCP və Müsavatdan heç kimin parlamentə buraxılmamasından sonra, VHP say çoxluğuna görə, hazırda parlamentdə hakim YAP-ın ardınca ikinci sırada yer alır. S.Rüstəmxanlının sədri olduğu partiya Milli Məclisdə 3 mandatla təmsil olunur. Elə S.Rüstəmxanlı ilə də arxada qalan parlament seçkiləri və müxalifətin durumu barədə söhbətləşdik.
 - Sabir bəy, bütün parlament seçkilərində iştirak etmiş biri kimi, builki seçkiləri necə qiymətləndirirsiniz?
 - Bu seçkilərdə əvvəlkilərdən fərqli olaraq, bütün siyasi partiyalar iştirak edirdi. Bizim yaratdığımız “Demokratiya” bloku 120-dən artıq namizəd irəli sürmüşdü. Ancaq bunlardan cəmi 20-yə qədəri qeydiyyata alındı. Biz namizədlərin qeydiyyatı prosesindən çox narazı qaldıq. Kütləvi sürətdə namizədlərin qorxudularaq geri çəkilməyə məcbur edilməsi yaxşı hal deyil. Ötən seçkilərlə müqayisədə itkimiz olmayıb, buna görə də, müəyyən mənada seçkilərin nəticəsindən partiya olaraq, razıyıq. Amma bu, hələ seçkinin şəffaflığı və demokratikliyi anlamına gəlməz. Adətən, seçkilərin normal keçiriləcəyinə inam az olanda, beynəlxalq müşahidəçilər seçkilərə o qədər də maraq göstərmirlər. Ancaq bu il həddən artıq maraq var idi. Təəssüf ki, bəzi bölgələrdə seçki prosesini, bunun Azərbaycan dövləti üçün önəmini anlamayan bəzi şəxslər seçkilərə kobud müdaxilələr elədilər. Ancaq seçilmiş deputatlarımıza hörmət əlaməti olaraq, biz YAP qərargahında seçkilərin nəticəsini tanıyan partiyaların bəyanatına qoşulduq. Bununla belə, bu, o demək deyil ki, biz bu seçkilərin tam demokratik keçirildiyini qəbul edirik. Seçkilərdə ciddi qanun pozuntuları, kənar müdaxilələr olub, seçkilər bir sıra siyasi partiyaların demokratik seçki keçirilməsinə olan ümidinə zərbə vurub.
 - Bütün parlament seçkilərini götürsək, sizcə, seçkidən seçkiyə demokratiya baxımından geri gedirik, yoxsa irəli?
 - Bunu demək çox çətindir. Mənim təsəvvürümdə ən obyektiv və qərəzsiz seçki 1990-cı il seçkisidir. O vaxt xalq cəhbəsi bir yerdə idi və müxalifət cəphəsinin vahid siyahısı var idi. O siyahıda olan hər bir adam uğrunda mübarizə gedirdi. Ona görə də, 25-dən çox yer qazanmışdıq və o 25 deputatın ətrafına qoşulan daha 15-20 adam var idi. Bununla, biz Milli Məclisdə müəyyən dəyişiliklər eləməyi, Ali Soveti buraxıb yerinə Milli Şura yaratmağı təmin elədik və sonra da onun yerinə Milli Məclis yarandı və bütün sonrakı aktlar, o cümlədən müstəkil aktı qəbul olundu. Bu baxımdan o seçki mənim üçün ən parlaq seçki idi. Biz çox az səs fərqi ilə, gərgin şəraitdə qalib gəlmişdik.
Bu seçki isə majoritar sistemlə aparıldığı üçün daha sakit keçdi, təbliğat forması fərqli oldu. Bu seçkilərdə təbliğat dairələr üzrə aparılırdı. Həmçinin bu seçki bütün partiyaların qatılmağı baxımından, beynəlxalq münasibət baxımından və yenə də qeyd edim ki, sakitlik baxımından digər seçkilərdən fərqlənirdi.
 - MSK-nın açıqlamasına görə seçkilərdə 50,2 % seçici iştirak edib. Ancaq yəqin özünüzdə razılaşarsınız ki, bu, real rəqəm deyildi. Seçicilərin bu qədər passivliyinin səbəbi nədir sizcə?
 - Rayonlarda məşğuliyyət bəlkə olmadığına görə, insanlar bu seçki prosesini gözləyir. Bakıda siyasi qüvvələr daha çox olduğuna görə, eyni zamanda siyasi inamsızlıq olduğuna görə, insanlar seçkiyə getmir. Bu yəqin ki, biraz da əvvəlki seçkilərlə bağlıdır. Seçici namizədlər arasında öz tanıdığı, inandığı adamları görməyəndə bir inamsızlıq yaranır və yaxud etibar etdiyi adamın seçilmə ehtimalının az olduğunu görəndə təbii ki, gedib səs vermir.
 - 2009-cu il bələdiyyə seçkilərində də müxalifət namizədlərinin kütləvi şəkildə qeydə alınmaması müşahidə olundu. O zaman da deyilirdi ki, bu, hakimiyyətin parlament seçkilərinə gördüyü bir hazırlıqdır. Siz də partiya olaraq 2009-cu il bələdiyyə seçkilərində iştirak etmisiniz. O zaman düşünürdünüzmü 2010-cu il pralament seçkiləri də eyni tipdə baş tutacaq?
 - Təbii ki, hakimiyyət öz maraqlarını təmin etmək üçün mərhələ-mərhələ seçkilərə müdaxilə edir və istədiyinə nail olmaq üçün fərqli vasitələri qoşur işə. Bu, bəllidir və yəqin, hər yerdə də belədir. Burda məsələyə biraz obyektiv baxmaq lazımdır. Azərbaycan müxalifəti seçkilərə 90-cı ildəki kimi vahid bir siyahı ilə gedə bilmir. Əvvəldən bəlli idi ki, 60-dan çox namizədi olan siyasi partiyalar pulsuz efir vaxtından istifadə edəcək. Bu qanun pozuldu. Yəni buna əməl olunmadı. O maddəyə görə, bir sıra partiyalar və ya bloklar siyahı çox olsun deyə, 125 dairənin hamısından namizədliyini verdi. Bu namizədlərin də hamısı deputatlığa layiq deyil. Bu gün Azərbaycanda 1000-ə qədər deputatlığa layiq adam tapmaq çox çətindir. Ona görə də, o namizədləri yarı yolda qoymaq, onları sıradan çıxarmaq çox asan olur. Buna görə də burda çıxış yolu var ki, doğurdan da demokratik düşərgə vahid siyahı ilə seçkiyə gedəydi. Bir tərəfdə hakimiyyət olaydı, bir tərəfdə də demokratik düşərgə. İndiki vaxtda iqtidar partiyasının yanında bir xeyli digər müxalif düşərgənin namizədləri var. Bəzən mübarizə iqtidarla müxalifət arasında yox, müxalifət partiyaları arasında gedir. Məsələn, mənim dairəmdə iqtidar namizədindən əlavə digər namizədlər bütün iyrənc vasitələrdən istifadə edirdi. Eşidəndə ki, bunlar hansı düşərgədir, heyrətə gəlirdim. Bu adamlarla biz 25 ilə yaxın yol gəlmişik, bir yerdəyik, eyni sözü demişik, eyni maraqlara xidmət etmişik, eyni bloklarda və yaxud birliklərdə olmuşuq. İndi partiya maraqları bu qədərmi üstündü ki, bütün bunların üstündən xətt çəkmişik?! Verdiyin namizədlərin mənim onda birim qədər xidməti olmaya-olmaya, sən gəlib onu zorla müdafiə edəsən, ona görə bütün gücünü işə salasan və s. Bütün bunlar olmasa, ümumi bir razılıq olsa, əlbəttə, müxalifət düşərgəsinin yerləri indikindən daha çox olar və hər yer üçün mübarizə aparmaq da asanlaşar. Mənə elə gəlir ki, müxalif partiyalar bu dəfə seçkilərə iqtidardan daha yaxşı hazırlaşmışdı. Əslində, bu seçki ölkədəki vəziyyətin nə qədər ciddi və dramatik olduğunu göstərdi. Ona görə də, hakimiyyət öz gələcəyinə ciddi yanaşırsa, problemlərin aradan qaldırılmasına çalışmalıdırlar. Əgər, bunu eləməsələr gələn seçkilər indikindən ağır olacaq.
 - Sabir bəy, ötən Milli Məclisin səviyyəsinin sizi qane etmədiyini demişdiniz. İndi hansı fikridəsiz. Yeni parlament sizi qane edirmi, yoxsa yenə eyni fikirdəsiz?
 - Dəyişən adamların böyük əksəriyyəti elə mənim dediyim adamlar idi. O insanlar Məclisdə heç bir fəaliyyətlə məşğul olmurdular. Gələnlər kimlərdən ibarətdir, o insanlar elə köhnələrinin yolunu davam etdirəcəklər, yoxsa işə başlayacaqlar, bunu ancaq 1-2 aydan sonra deyə bilərik. Ümid edirəm ki, gələnlər gedənlərin atalarına rəhmət oxutdurmayacaqlar. Amma əsas odur ki, 33 nəfər dəyişib.
 - Sabir bəy, parlamentdə hakim partiyadan sonra çoxluq sizin partiyadadır. Bu, necə oldu ki, hakimiyyət sizin partiyaya “stavka” etdi? Bu, Sabir rüstəmxanlının şəxsiyyəti ilə bağlıdır, yoxsa namizədlərin öz gücü idi?
 - Düzünü deyim ki, mən heç bu haqda düşünməmişəm. Ancaq bir şeyi deyim, biləsiniz: Mən bugünə qədər gedib heç kimə minnətçi olmamışam. Parlamentdə hər zaman Müsavat deputat qrupu ilə yanaşı biz də sözümüzü demişik. Ola bilsin, onlar bizdən daha sərt deyiblər, biz biraz yumşaq demişik, bəzən əksinə olub. Mövqelərimiz də çox yaxın olub. Bizim deputatlardan biri Rafael Hüseynovdu. Gözəl publisistdi, təşkilatçıdır, Avropa parlamentində Azərbaycanı təmsil edir. Rafael bəzən VHP-nin mövqeyindən daha çox, hakimiyyət mövqeyinə yaxın çıxış edir, amma o bir müstəqil ziyalıdır. Fəzail İbrahimlinin də parlamentdə özünəməxsus yeri var.
 - Özünüzü nə qədər müxalif hesab edirsiniz? Yəni, parlamentdəki digər 8 müxalif partiya ilə eyni cərgədəsiniz, yoxsa sizing partiyanın yeri fərqlidir?
 - Onsuz da, dediyiniz kimi orada müxalif düşərgəni, daha doğrusu, ənənəvi müxalifəti təmsiz edənlərin sayı azdır və bəri başdan onları bir tərəfə qoyub, özümü bir tərəfə qoymağım düz deyil. Mən çalışacam ki, həmin partiyalarla bir işbirliyi qura bilim və doğrudanda parlamentdə hakimiyyət çoxluğuna qarşı normal müxalifət qrupu formalaşsın. Mən hər sözə etirazın, hər qanun layihəsinə etirazın tərəfdarı deyiləm. Biz oradakı yarım saatdan istifadə edib, cəmiyyətin bütün problemlərini qaldırmağa çalışacağıq.
 - Son müsahibələrindən birində demisiniz ki, parlamentdə milli adamlar azdır. Bunun xalqın gələcəyi üçün qara bir fon yaradacığını düşünmürsünüz ki?
 - Bəlkə də, bu, biraz ağır ittihamdır. Ki, “Milli adamlar azdır”. Mən bunu kiminsə etnik kökəninə şübhə doğurmaq üçün demirəm. Ümumiyyətlə, indiki vəziyyətdə Azərbaycanda və bölgədə etnik goreşənliklə məşğul olmağın da tərəfdarı deyiləm. Sadəcə olaraq, bəzi məsələr var ki, onlar parlamentdə müzakirə olununda necə bir qıcıq yarandığını görəndə mən bunu başa düşə bilmirəm. Məsələn soyadların milliləşəməsi deyəndə necə bir əks reaksiya baş qaldırır?! Halbuki, bu çox normal bir şeydi. Və yaxud türk dili məsələsi qaldırılanda eyni problem yaşandı. Bu nəyə lazımdır axı?! Mən gedən proseslərə baxıram və Milli Məclisin çox vaxt buna biganə olduğunu görəndə elə fikrə gəlirəm ki, bu belə olmamalıdır.
 - Bu aralar ən çox müzakirə olunan məsələlərdən biri də AXCP və Müsavatın birləşməsidir. Sizcə meydan hərəkatından çıxmış əvvəlki müxalifətin yenidən birləşməsi mümkündürmü?
 - Kənar müdaxilələr olmasa, bu, baş verə bilər. Hər şeyi şərait şərtləndirir. Bu gün hər kəs görür ki, Azərbaycanda onlarla partiyanın olmasına heç bir ehtiyac yoxdur. Dünyanın normal dövlətlərində iki partiyalı sistemdən istifadə olunur. Düzdür, xırda partiyalar da olur, lakin onlar siyasi proseslərə təsir edə bilmirlər. Bu mənada, bir kökəndən gələn AXCP ilə Müsavatın birləşməsi xeyirli bir şey olar. Bu cəhətdən bu partiyaların birləşməsi uğurlu olar. Hesab edirəm ki, indiyə qədər olan qarşılıqlı ittihamları kənara qoyub, bundan sonranı düşünərək bir yerdə ola bilərlər. Ancaq mən görürəm ki, indidən “Kim sədr olacaq?” sualları ilə aranı qarışdırmağa çalışanlar var. Əslində Azərbaycanda bu qədər çox partiyanın olmasının bir səbəbi də vaxtilə AXCP-nin parçalanmasıdır. Düşünürəm ki, 20 illik bu müddətdə olub keçənləri bir kənara qoyaraq, Azərbaycanın milli maraqları uğrunda biz də köhnə dostlarımızla eyni cəhbədə yer ala bilərik.
 - İsa Qəmbərin Müsavat başqanlığından gedəcək olmasını necə dəyərləndirirsiz? Ümumumiyyətlə, sizə görə İsa Qəmbər sədrlikdən getməlidirmi?
 - Mənim fikrim bu cəhətdən subyektiv olacaq. Ona görə ki, İsa Qəmbərlə uzun müddət şəxsi dostluğum olub və güman edirəm ki, hələ də tam qırılmayıb, davam edir. Mən Azərbaycanın siyasi, mənəvi və mədəni həyatında İsa Qəmbərin yerini görürəm və o, bu mühitdə dəyərli adamlardan biridir. Belə adamlar hər gün yetişmir. Onu sevən də ola bilər, sevməyəndə, biri dost kimi baxacaq, biri rəqib kimi, amma İsa Qəmbər Azərbaycan üçün xidmət göstərmiş bir adamdır. Onun Müsavatdan getməsi, şübhəsiz, Müsavat üçün ağır itkidir. Zarafata da olsa, Müsavat əvəzinə “İsavat” deyirdilər, ancaq bunda bir həqiqət var. Bugünki Müsavat partiyasının qorunub saxlanılmasında İsa Qəmbərin böyük rolu var. Bununla belə, partiya özü seçim etməlidir. Əlbətdə mənim də, İsa Qəmbərin də yaşı müəyyən bir yerə çatıb və biz istər-istəməz bu proseslərdən getməliyik. Ola bilsin ki, İsa Qəmbər partiya sədrliyindən getsin, ancaq partiya üzvü kimi daha böyük işlər görsün. Gördüyüm qədəri ilə Müsavatda münasibət belədir ki, İsa istəsə gedəcək, istəsə qalacaq, onun rəyi həlledici olacaq.
 Anar GƏRAYLI
 307 dəfə oxunub

Комментариев нет:

Отправить комментарий