пятница, 3 декабря 2010 г.

Masallıda qalmaqallı intihar


Masallıda qalmaqallı intihar
2010-11-30
«Embawood» şirkətinin sahibi Elşad Məmmədovun bacısı oğlu Sərraf Əliyevin ölümündə rayon polisinin adı hallanır
Masallıda Kalinovka kənd sakini, 24 yaşlı, 2 uşaq atası Əliyev Sərraf Azad oğlu çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb.
Qazanc mənbəyi olan 14 yaşlı qız
“Cənub xəbərləri” qəzetinin yazdığına görə, Sərraf Əliyev bəzi polis işçilərinin tamahının qurbanı olub.
Qəzetə sızan məlumatlarda deyilir ki, Sərraf Əliyev Masallı şəhərində, xəstəxananın yanında, əlillər üçün tikilmiş evdə yaşayırmış. Noyabrın 23-də həmin şəxs bu evdə 14 yaşlı bir qızla “yaxalanıb”. Bu, Sərraf Əliyevdən pul qopartmaq üçün təşkil edilmiş təxribat olub. Sərrafın yaşadığı evə girişindən dərhal sonra Vüqar adlı bir kişi və iki qadın (qızın anası və qonşusu) hay-küylə qapını sındıraraq içəri keçiblər. 5 dəqiqədən sonra isə polislər hadisə yerinə gəlib. “Əməliyyat”a Masallı rayon Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Polislər Sərraf Əliyevi “şahidlərlə” birgə polis şöbəsinə gətiriblər.
Məlumatlara görə, bu qadınlar, Vüqar adlı kişi və Masallı polisinin bəzi əməkdaşları əvvəllər də Sərraf Əliyevlə yaxalanan azyaşlı qızdan alət kimi istifadə etməklə bir neçə şəxsi şərləyərək pul qoparıblar.
100 min manatlıq “bakirəlik”
Sərraf Əliyev intihardan əvvəl yaxınlarına deyib ki, polisdə ona ciddi psixoloji təzyiqlər edilib. Ona bildiriblər ki, ailəli adamsan, səni rayonda biabır edəcəyik ki, azyaşlı qızın bakirəliyini pozubsan. Onun yanında bir neçə telekanalla guya telefon əlaqəsi saxlayıb, onları polisə dəvət ediblər ki, gəlin bu rüsvayçılığı çəkin. Sonra da guya xahiş ediblər ki, hələ gəlməyin. Həmçinin Sərraf Əliyevi hədələyiblər ki, səni içəri atdırıb, başına orada min oyun açdıracağıq. Daha sonra şərt qoyublar ki, bütün bunları istəmirsənsə, imkanlı qohumlarından (Sərraf Əliyev tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Elşad Məmmədovun bacısı oğludur) bizim üçün 100 min manat pul təşkil elə. Daha sonra qızın bakirə olmadığı aşkarlananda tələb olunan məbləğ 100 mindən 50 min manata enib. Hətta Sərrafa şəxsi minik maşınını satıb bu işi “bağlamağı” təklif ediblər. Bununla kifayətlənməyib onun maşınına müştəri də tapıblar. Lakin notariat kontoru saat 6-dan sonra bağlandığı və alqı-satqını rəsmiləşdirmək mümkün olmadığı üçün bu işdən vaz keçiblər. Sərraf Əliyevə təklif ediblər ki, istənilən pulu təcili düzəltmək üçün get, fermandakı inəkləri 2 saata sat, heç olmasa, 25 min manat gətir.
“Günahkar” intihar edib, polis isə pul gözləyir
Sonda Sərraf Əliyevin yaxın qohumu onu zaminə götürərək vaxt istəyib ki, onlara pulu düzəltmək üçün möhlət versinlər, istənilən məbləği düzəldib bir neçə saatdan sonra ünvanına çatdırsınlar. Beləliklə, Masallı Rayon Polis Şöbəsində 100 min manatdan başlayan “bazarlıq”dan sonra “günahkarı” evə buraxıblar. Düşdüyü vəziyyətdən çıxış yolu axtaran Sərraf rəhbərlik etdiyi fermaya qəssab gətirib, buradakı mal-qaranı dəyər-dəyməzinə satmaq istəyib. Lakin qəssab onun çaşqın vəziyyətdə olduğundan, bu qədər mal-qaranın ucuz qiymətə satılması təklifindən şübhələnərək həmin alverə qol qoymayıb. Pul üçün bir neçə qohum-qardaşa  da müraciəti boşa çıxandan sonra Sərraf çıxış yolu tapmayaraq elə həmin axşam 10-11 radələrində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb. Bir neçə saat bu intihardan heç kimin xəbəri olmayıb. Bu arada bütün bu işlərə rəhbərlik edən polis zabiti Ənvər Həsənov və “hadisəni” aşkarlayan Vüqar adlı şəxs təkidlə onun qohumuna zəng edirlər ki, təcili olaraq razılaşdırılmış məbləğdə pulu gətirsin. Son olaraq Sərrafı zaminə götürmüş qohumuna noyabrın 24-ü səhər 5.30-a kimi vaxt verilir və bildirilir ki, pul çatmasa, nəinki Sərraf, onun özü də şərlənərək həbs ediləcək.
Polisin “qeydiyyat oyunu”
Bundan sonra Sərrafa aramsız zəng edən həmin qohumu ona zəng çatmadığı və iş yerində də olmadığı üçün yenə qohum-qardaşın qapısına gedib pul axtarmağa başlayır. Bu vaxt ona xəbər verirlər ki, Sərrafın asılmış vəziyyətdə meyiti tapılıb. Ən qəribəsi isə odur ki, bu barədə Masallı Rayon Polis Şöbəsinə xəbər veriləndən 3 saat sonra onlar hadisə yerinə gəlirlər.   Məlumata görə, polislər intihar hadisəsini eşidəndən bir neçə saat sonra kitabda qeydiyyat aparıb ki, guya Sərraf saxlanılan gün axşam saat 22.57-də polisə gətirilib. Həkim-ekspert komissiyasının verdiyi rəydə isə intiharın 12-15 saat əvvəl baş verdiyi müəyyənləşib. Bu da o nəticəyə gətirir ki, Sərraf intihar edəndən guya 3-4 saat əvvəl polis şöbəsinə “gətirilib”. Bir qəribəlik də ondan ibarətdir ki, kitabda Sərrafla bağlı qeydiyyatı 23 noyabrda axşam növbətçi olan şəxs yox, noyabrın 24-də gündüz növbədə olan növbətçi aparıb. O da bildirilib ki, ekspertiza zamanı Sərraf Əliyevin həmin 14 yaşlı qızla nəinki intim, heç fiziki yaxınlığı ilə bağlı hər hansı hal da müəyyənləşməyib. Yuxarıda qeyd etdiyimiz kimi bütün bu işlərə polis şöbəsindən təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov başçılıq edib. Həmçinin Sərrafı dindirənlərdən birinin Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov olduğu bildirilir. Onun da bu işin içində olduğu bildirilir.
Yas mərasimində qalmaqal
Bu hadisə Sərraf Əliyevin yaşadığı kənddə böyük hiddətlə qarşılanıb. Hüzrə gələn rayon icra başçısını və polis şöbə rəisini əvvəl məclisə buraxmaq istəməyiblər. Sonda ağsaqqallar işə qarışaraq məsələnin hüquqi yolla həll edilməsini məsləhət biliblər.
Masallının prokuroru Rizvan Həsənov “Cənub xəbərləri”nə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 225-ci (ölüm həddinə çatdırmaq) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. Mərhumun qohumları isə günahkarların qanun çərçivəsində cəzalandırılması üçün bütün hüquqi imkanları işə salıblar.
DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə “Azadlıq”a açıqlamasında bu hadisənin polislə bağlı olduğunu istisna edib: “Ola bilər ki, hansısa qüvvələr polisin adına ləkə vurmaq istəyirlər. Mən bəribaşdan deyirəm ki, bu olayda polisin hər hansı bir rolunun olması barədə iddiaların heç bir əsası yoxdur”.
 

Комментариев нет:

Отправить комментарий