вторник, 7 декабря 2010 г.

Vergilər Nazirliyi ödəyicilərlə bağlı daha 2 qərarını ləğv edib, bir vergi işçisi işdən qovulub


[ 06 Dekabr 2010 11:16 ]
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasında bir sıra vergi ödəyicilərində aparılmış yoxlamaların nəticələrinə əsasən qəbul olunmuş daha 2 qərar ləğv edilib.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Şuranın iclasında 3 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) qeydiyyatda olan Vahid Zöhrabovun şikayətinə baxılarkən məlum olub ki, ona məxsus obyektdə aparılmış operativ vergi nəzarətinin nəticələri həqiqətə uyğun deyil. Belə ki, yoxlama aktında obyektdə müqaviləsiz işçilərin çalışdığı göstərilsə də, V.Zöhrabov belə işçilərin olmadığını bildirərək bütün işçiləri ilə bağladığı əmək müqavilələrini Şuraya təqdim edib. Vergi orqanlarına düzgün məlumat verdiyini və dəlillərini nəzərə alaraq Şuranın qərarı ilə onun şikayəti təmin olunub və 3 saylı ƏVİ-nin yoxlama qərarı ləğv edilib.
Apellyasiya Şurasının iclasında baxılan ikinci məsələ Ağstafa “Nəqliyyat Xidməti” ATSC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib olunmuş aktın yenidən araşdırılması və həmin akta əsasən qəbul olunmuş qərarın ləğv edilməsi ilə bağlı olub. Yoxlama aktı ilə razılaşmadığını bildirən ATSC onun əsasında hesablanmış vergini və tətbiq edilmiş maliyyə sanksiyasını əsassız sayaraq Vergi Apellyasiya Şurasına müraciət edib. Məsələnin Şurada araşdırılması nəticəsində vergi ödəyicisinin təqdim etdiyi əlavə dəlillər, həmçinin qanunvericiliyin tələbləri nəzərə alınıb və Ağstafa “Nəqliyyat Xidməti” ATSC-nin təkrar şikayət ərizəsinin təmin olunması barədə qərar qəbul edilib.
Yeri gəlmişkən, “Nəqliyyat Xidməti” ATSC ilə bağlı araşdırma aparılanda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müddəalarının, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin və “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin kobud surətdə pozulduğu aşkarlanıb. Nəticədə vergilər naziri Fazil Məmmədovun əmri ilə hazırda Bakı şəhəri Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyən 1-ci dərəcəli müfəttiş Rəşad Əli oğlu Həsənovun vergi orqanlarında fəaliyyətinə xitam verilib.

Комментариев нет:

Отправить комментарий