вторник, 7 декабря 2010 г.

İSTEFASINA DAİR BÜTÜN GERÇƏKLƏRİ DANIŞDI


İBRAHİM İBRAHİMLİ İSTEFASINA DAİR BÜTÜN GERÇƏKLƏRİ DANIŞDI
Sabiq Müsavat yetkilisi Pənah Hüseynlə debatda sensasion açıqlamalar verdi
“İsa Qəmbərə əl uzatdım, əlimi sıxmadı”
Dünən “Yeni Müsavat” qəzetinin redaksiyasında Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn və bu günlərdə Müsavat Partiyasının sıralarından çıxdığını elan etmiş İbrahim İbrahimlinin debatı baş tutdu. İki siyasət adamının debatı qəzetin baş redaktoru Rauf Arifoğlunun iştirakı ilə onun iş otağında reallaşdı. Polemika müxalifətdaxili münasibətlərə, Müsavatdan son istefalara, ölkədəki duruma həsr olunmuşdu.
Qızğın müzakirə və yeni faktların açıqlanması ilə müşayiət olunan tədbiri giriş sözü ilə
Rauf Arifoğlu açdı:
- Öncə hər ikinizə təşəkkür edirəm ki, dəvətimizi qəbul edib debata gəldiniz. Qeyd edim ki, əgər bu arada “Wikileaks”ın hesabatları olmasaydı, İbrahim İbrahimlinin və Sülhəddin Əkbərin Müsavat Partiyasından istefa verməsi ölkənin ən aktual məsələsi olardı. İstənilən halda, “Wikileaks”ın hesabatları qlobal bir məsələ olduğu üçün ölkə miqyasında sizin addımınız ən diqqətdə olan məsələdir...
Pənah Hüseyn dərhal replika verir:
- Yeri gəlmişkən, bəzi adamlar bu istefaların “Wikileaks”ın hesabatlarının Azərbaycana aid hissəsinin effektini azaltmaq üçün atıldığını bildirirlər...
Rauf Arifoğlu:
- İbrahim bəy, bu addımınıza dair açıqlama, bəyanat vermisiniz. Amma bəyanatdan kənar məsələləri Sizinlə danışmaq istərdik. İbrahim İbrahimli 20 ilə yaxın müddətdə funksioneri olduğu partiyanı tərk etdi və bir bəyanat, iki açıqlama verməklə kifayətləndi. Bu yəqin ki, çoxdan verilmiş qərar idi, bir-iki günün işi deyildi. Bu qərardan sonra içinizdə peşmançılıq hissi varmı? Necə oldu ki, bunca kəskin bir addıma getdiniz...
İbrahim İbrahimli:
- Bu, şəxsi istəklərdən doğan bir bəyanat deyildi, sırf ölkədəki durumdan və bu duruma real müxalifətin münasibəti ilə bizim münasibətimiz arasında olan fikir ayrılığından doğan addım idi...
Rauf Arifoğlu:
- “Bizim” deyərkən kimi nəzərdə tutursunuz?
İbrahim İbrahimli:
- Özümü və Sülhəddin Əkbəri nəzərdə tuturam.
- Pərdə arxasında üçüncü bir adam da varmı?
İbrahim İbrahimli:
- Yox, səmimi şəkildə deyirəm ki, bu məsələdə bizim ikimizdən başqa bir kimsə yoxdur...
P.Hüseyn: “Vurğun bəy Türkiyədən Bakıya gələndə onu görmək adı ilə bir görüşünüz olub. Orada sizdən başqa Divanın bir çox üzvləri də iştirak edib...”
Pənah Hüseyn:
- Məndə olan məlumata görə, Vurğun bəy Türkiyədən Bakıya gələndə onu görmək adı ilə bir görüşünüz olub. Sonradan isə məlum olub ki, bu həm də bir siyasi xarakterli tədbir imiş. Orada Sülhəddin bəylə sizdən başqa Müsavat Divanına daxil olan bir xeyli şəxs iştirak edib və orada partiya daxilində yaranmış vəziyyət müzakirə olunub. Bu dedi-qodu da ola bilər; amma mən bunu mötəbər mənbə hesab etdiyim şəxslərdən eşitmişəm. O toplantıda Müsavatda yaranmış vəziyyət, başqanlıqla, AXCP-Müsavat birləşməsi ilə bağlı məsələlər də müzakirə olunub. Və bu məsələlərdə həmfikir olan çevrə orada toplanıb, bu məsələlər orada müzakirə olunub. Mən bu məlumatı İbrahim bəyin özündən soruşmaq istəyirəm ki, belə bir müzakirə olubmu?
İ. İbrahimli:
- Mən təklif edirəm ki, əsas siyasi hədəfdən yayınmayaq. Vurğun bəy gələndə bir dost görüşümüz olub, digər səslənən fikirlər isə dedi-qodudan başqa bir şey deyil... Mən qeyd etdim, bu addımımız parlament seçkilərindən sonra yaranmış şəraitə münasibətdən doğan fikir ayrılığından irəli gəlirdi. Parlament seçkilərindən sonra doğrudan da ölkədə fərqli bir siyasi bir mənzərə yaranıb. Əslində, bu siyasi şərait 2003-cü ildən sonra İlham Əliyev və onun komandasının daxili siyasətdə etməyə başladığı dəyişikliklərin məntiqi nəticəsidir. Bir qədər də dəqiqləşdirsəm, Heydər Əliyevin yumşaq avtoritarizmindən İlham Əliyevin sərt avtoritarizminə keçidinin ortaya çıxardığı bir mənzərədir. İlham Əliyev prezidentliyinin birinci dönəmində Heydər Əliyevin kölgəsinə sığınaraq daxildə özünün mövqelərini möhkəmlətməyə başladı. Təbii ki, o, birinci öz komandasından başladı. Nəzərə alsaq ki, “varis planı”na o zaman hakim komanda daxilində ciddi bir müxalifət var idi. İlham Əliyev o müxalifəti neytrallaşdırıb komanda üzərində nəzarəti tam ələ aldığını hiss elədikdən sonra prezidentliyinin ikinci dönəmində daxili siyasətdə siyasi kursa ciddi dəyişiklik etməyə başladı. 2008-ci il prezident seçkilərindən dərhal sonra referendum keçirib bir şəxsin iki dəfədən artıq prezidentliyə namizəd olmasına dair qadağanı aradan qaldırdılar. Bunu həll edəndən sonra real siyasi müxalifəti sıradan çıxarmağa, ona dəstək olacaq mətbuatı, QHT-ləri nəzarətə almağa başladılar. İndi artıq ictimai rəyə təsir edə biləcək 3-4 mətbuat orqanı müstəqil olaraq qalıb. Nəhayət, bələdiyyə seçkilərini də bəli şəkildə keçirdilər, real müxalifəti prosesdən kənarda qoydular. Ardınca Seçki Məcəlləsində mürtəce dəyişikliklər etməklə parlament seçkilərində real müxalifəti oyundankənar hala gətirməyə hesablanmış addımlar atdılar və bu da nəticəsini verdi.
Heydər Əliyevin az-çox çoxpartiyalı sistem görüntüsü yaratması, demokratiya imitasiyası yaratması kursundan imtina edib İlham Əliyevin qeyd etdiyim kursuna başlanılması və son olaraq parlament seçkilərinin yaratdığı acı nəticə bizim bu bəyanatımızı ortaya çıxardı.
Biz bəyanatımızda mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Amma müxalifətin indiyə qədər yeritdiyi taktikaya Sərdar Cəlaloğlunun “bu səhv taktika idi” yanaşması ortaya qoymadıq. Biz siyasi proseslərin arxasınca sürünməkdənsə siyasi proseslərin önünə keçmək, təşəbbüsü ələ götürmək, parlament seçkilərinə ATƏT-in də son bəyanatından sonra real müxalifətə qarşı başlanılması ehtimal edilən repressiyanı önləmək düşüncəsindəyik. Bunu etmək üçün AXCP və Müsavatın vahid bir təşkilatda birləşməsi, cəmiyyətdəki inamsızlığı aradan qaldırmaq üçün bunu nümunə göstərməsi və bu nümunə ətrafında digər qüvvələrin toparlanması, vətəndaş hərəkatın  yaranmasına nail olmaq lazımdır.
Rauf Arifoğlu:
- Bunu partiyada qalıb həyata keçirə bilməzdinizmi?
Pənah Hüseyn İbrahim İbrahimlinin suala cavab verməsinə imkan vermir və deyir:
- Üzr istəyirəm, burada mənim bayaq dediyim fikirlərə bir əlavəm var. Məndə olan məlumatlara görə Vurğun Əyyubla görüşdə İbrahim bəyin dediyi bütün bu məsələlər müzakirə olunub və belə bir fikir olub ki, bu kurs əksəriyyət, o cümlədən İsa Qəmbər tərəfindən qəbul olunmasa hansı addımlar atılsın. Deyilənə görə, hətta öz çevrələrində İbrahim bəylə Sülhəddin bəyin təklifləri dəstək qazanmayıb, istənilən halda partiyanı tərk etməmək fikri üstünlük təşkil edib. Vurğun bəyin özü də qəti şəkildə partiya üzvlüyündən getməyəcəyini bildirib. Sözün doğrusu, mənə verilən məlumata görə bu istefa məsələsinə partiyadaxili qüvvələr nisbəti də öz təsirini göstərib. Məsələ ondadır ki, iki partiyanın birləşməsi ilə bağlı təşkilat rəhbərinin və partiyanın heç bir orqanının rəsmi qərarı, mövqeyi yoxdur. Belə olan halda partiyanın iki önəmli şəxsinin ortada heç nə olmaya-olmaya istefa verməsi məntiqli görünmürdü. Daha mühüm səbəb olmalı idi ki, bu addım atılsın. Vəzifədən getmək olar, amma birbaşa partiya üzvlüyündən getmək, özü də Müsavat kimi partiyadan, bu deyilən səbəbə görə getmək inandırıcı deyil... Aldığım məlumatlardan sonra isə bu istiqamətdə bir aydınlıq yarandı. Bu baxımdan məndə də sual var ki, partiyada qalıb mübarizə aparmaq olmazdımı? Görünür, sizdə qüvvələr nisbətinə görə bu mübarizədə qalib gəlməyə inam olmayıb.
İbrahim İbrahimli:
- Təbii ki, Pənah bəyin dedikləri onun subyektiv yanaşmasıdır. Suala cavab olaraq deyim ki, “elnən gələn dərd toy-bayramdır”. Bu parlament seçkilərindən sonra müxalifətin sərhədləri cızıldı. Yəni göründü ki, real müxalifət kimdir, yandaş müxalifət kimdir... Həmçinin, hakimiyyət özünün “konstruktiv müxalifət” projesini də o adamları faktiki olaraq YAP-a yığmaqla iflasa uğratdı. Bu ondan xəbər verir ki, İlham Əliyev ATƏT-in yekun hesabatından sonra real müxalifəti tam sıradan çıxarmaq üçün çox ciddi addımlar atmağa başlayacaq. Çünki ilanın quyruğunu ayaqlayıb buraxmaq olmaz...
Rauf Arifoğlu:
- Bəs siz onda niyə gedirsiniz partiyadan?
Pənah Hüseyn:
- Belə çıxır ki, siz zərbədən yayınmaq üçün bu addımı atmısınız?
İbrahim İbrahimli:
- Xeyr, biz sadəcə bu addımımızla anons veririk ki, bu gözlənilən repressiyaların qarşısını almağın yolu AXCP və Müsavatın daxilindəki mübariz insanların bir araya gəlib müqavimət göstərməsidir. Müsavat Partiyasının daxilində birləşməklə bağlı yekdil rəy yoxdur, konsensusa gəlmək də mümkün deyil. Pənah bəy əslində bilir ki, nə baş verir; iki aydan, 3-4 aydan sonra hansı siyasi proseslər gedəcək. Təsəvvür edin ki, İlham Əliyevin hücumu başlayanda bəlli olacaq ki, Müsavat Partiyası birləşməklə bağlı daxili razılığa gələ bilməyib. Onun sonrası yaşanan şoku önləmək üçün biz bu addımı atdıq. Niyə bu addımı tez atdıq? Çünki bu məsuliyyəti partiyanın daxilində qalıb bölüşmək istəmədik. Siyasi məsuliyyətin doğuracağı acı nəticələrə şərik çıxmaq istəmədik.
Rauf Arifoğlu:
- İbrahim bəy, hər hansı bir birləşmə perspektivi zəif də olsa qalırdısa, bununla həmin perspektivi zədələdiniz. Razılaşırsınızmı?
İbrahim İbrahimli:
- Əksinə, mən düşünürəm ki, bizim bu addımımız həmin birləşmə prosesini sürətləndirdi. Səmimi etiraf edim, bu istefalarla biz təzyiq etmək istədik ki, birləşmə baş tutsun.
Rauf Arifoğlu:
- Siz istefa verən gün başqa bir açıqlama yayılmışdı ki, sizə etimad göstərilmədiyi üçün bu addımı atmısınız. Sizin MSK-ya getməyinizə dair bir məsələ hallanırdı...
İbrahim İbrahimli:
- O açıqlamanı Müsavat  Partiyasının mətbuat xidməti yaymışdı. Biz istefa verəndə həmin an açıqlama vermək fikrində deyildik. Çünki biz birlikdə bəyanat hazırlamalı idik. Amma təəssüf ki, dostlar belə bir bəyanat yayıb diqqəti məsələnin əsl mahiyyətindən yayındırmağa çalışdılar.
Rauf Arifoğlu:
- Bu deyiləndə ümumiyyətlə, həqiqət payı var idimi?
İbrahim İbrahimli:
- Açığı deyim, MSK-ya getmək məsələsi 2006-cı ildən gündəlikdə olub. O zaman ki, Vidadi Mahmudlu 2005-ci ildə saxta protokolu imzaladı, Müsavatın və mənim özümün yaşadığım şokdan sonra düşündüm ki, sınaqdan çıxmış adam kimi, MSK-ya gedib saxta protokola imza atmamaq, mübarizə aparmaq olar. O zaman mən təklifimi verdim, zaman-zaman müzakirə olundu, həmin ərəfədə Müsavat MSK-ya getmədi. Nəhayət, Müsavat bu il MSK-ya gedəndə Divanın toplantısında öz namizədliyimi irəli sürdüm. Qeyd edim ki, bu məsələ ilə bağlı mən İsa Qəmbərlə dəfələrlə söhbət etmişdim. Onun mənim namizədliyimə heç bir iradı yox idi. Birdən-birə Divanın iclasında özünün namizədlərini irəli sürməsi və məndən namizədliyimi geri götürməyimi xahiş etməsi məndə şok yaratdı. Namizədliyimi geri götürməsəydim, Divan üzvlərinin çoxunun səsini alıb MSK-ya gedəcəkdim. Amma mən bunu İsa Qəmbərin mənə etimadsızlığı kimi qəbul elədim, namizədliyimi geri götürəndən sonra isə Divan üzvlərinin də o səsvermədə iştirak etməsini özümə etimadsızlıq bildim. O zaman təbii ki, mən qırıldım. Amma Müsavat partiyasından gedib-getməməklə bağlı qərar qəbul etmədim. Bu birlik məsələsi ortaya düşdüyünə görə, bütün gücümü bu istiqamətə yönəltməyə qərar verdim. Yəni şəxsi istəyimi önə keçirmədim, ümumi istəklə uzlaşmağa çalışdım. Birləşmə məsələsi Divanda ikinci dəfə müzakirə olunanda mən buna dair 45 dəqiqə çıxış etdim, onun nailiyyətlərinə dair fikirlərimi dedim. Sonda da qeyd etdim ki, əgər birlik yaranmayacaqsa, mən partiyadan istefa verəcəm. Həmin zaman iki-üç cümlə ilə də həmin etimadsızlıq məsələsini də Divan üzvlərinin nəzərinə çatdırdım. Nəhayət, mən istefamı verdim, qalxdım ayağa, bütün yoldaşlarla görüşdüm, onlara “haqqınızı halal edin, mən də halal edirəm” dedim, uğurlar arzuladım. Mən birinci əlimi İsa Qəmbərə uzatdım, amma təəssüf ki, o mənim əlimi sıxmadı...
Rauf Arifoğlu:
- Niyə sıxmadı? İncidimi, küsdümü?
İbrahim İbrahimli:
- Deyə bilmərəm, bunu İsa bəyin özündən soruşmaq lazımdır. Bu məsələnin mahiyyəti deyildi, bizim istefa verməyimizin səbəbi birləşməyə yox cavabı verilməsi, partiya daxilində konsensusun olmaması idi. Biz istədik ki, cəmiyyəti bu durumdan xəbərdar edək, ictimai müzakirə olsun və birlik əldə edilsin. Şəxsi münasibətlərə dair heç bir problem yoxdur.
Rauf Arifoğlu:
- Siz AXCP ilə birləşməməyə görə partiyadan getdiniz. İndi məntiqi sonluq necə olacaq, siz AXCP-yə keçəcəksinizmi? Şəxsən Sizin bu partiyaya üzv yazılmaq fikriniz varmı?
İbrahim İbrahimli:
- Belə bir fikrim yoxdur, hesab edirəm ki, Sülhəddin bəyin də bu fikri yoxdur. Təbii ki, biz bəyanatımızda səsləndirdiyimiz kimi, birlikdə fəaliyyət göstərəcəyik. Bu istiqamətdə addım atan, cəhd eləyən bütün qüvvələrlə əməkdaşlıq edəcəyik. Bizim ikimizin siyasi çəkimiz və nüfuzumuz imkan verir ki, müstəqil fəaliyyət göstərək.
Rauf Arifoğlu:
- Müstəqil nə kimi fəaliyyət göstərəcəksiniz? Politoloq kimi, təhlilçi kimi, yoxsa nə kimi?
İbrahim İbrahimli: “Qələmimi süngüyə çevirib, hakimiyyətin, rejimin dəyişməsini hədəf götürüb bu istiqamətdə çalışacam”
İbrahim İbrahimli:
- Mən siyasətçilərdən fərqli olaraq həm də köşə yazarıyam. Təbii ki, qələmimi süngüyə çevirəcəm.
Rauf Arifoğlu:
- Kimə qarşı?
İbrahim İbrahimli:
- Əlbəttə hakimiyyətə qarşı?
Rauf Arifoğlu:
- Süngüyə çevirdiyiniz qələminiz bəzən dostlara da ilişəcəkmi?
İbrahim İbrahimli:
- Bizim əxlaqımız ona imkan vermir. Bu səmimi bir istəkdir. Biz Müsavatdan istefa vermişik, milli-demokratik düşərgədən yox. İstefa verməyimizin də səbəbini izah elədim. Biz partiyada olanda səlahiyyətlərimizin bir hissəsini həm də partiyaya vermişdik. Amma müstəqil olanda düşündüyümüz istiqamətdə addımlar atmaq daha asandır. Mən qələmimi süngüyə çevirib, hakimiyyətin, rejimin dəyişməsini hədəf götürüb bu istiqamətdə çalışacam. Təbii ki, siyasi ekspert kimi də çıxışlar edəcəm.
Rauf Arifoğlu:
- İstefanızdan 6 gün keçdi. Bu müddətdə Müsavatdan sizə bir nəfər də qoşulmayıb. Bu sizə nə deyir?
İbrahim İbrahimli:
- Bizə kiminsə qoşulmağı fikrində bulunmamışıq və bunu da istəmirik. Biz hər ikimiz Müsavat Partiyasının bərpa qurultayının, Təşəbbüs Qrupunun üzvü olmuşuq. Biz seçim qarşısında qaldıq; kərpic-kərpic qurduğumuz bir ocaqdan ayrılmaq asan məsələ deyildi. Amma seçim qalmamışdı. Bundan sonra qəbul olunacaq qərarların siyasi məsuliyyətini üzərinə götürmək, daşımaq nə mənim, nə də Sülhəddin bəyin bioqrafiyasına uyğun gələn iş deyildi.
Rauf Arifoğlu:
- Belə başa düşüldü ki, sizin sistemli bir fəaliyyət planınız yoxdur  bundan sonra görəcəyiniz işlərlə bağlı.
İbrahim İbrahimli:
- Əgər bizim əvvəlcədən belə bir addım atmaq və bunun arxasında başqa istəklər olsaydı, təbii ki, başqaları kimi  sistemli bir planımız olardı. Amma bu, səmimi, sırf birliklə bağlı məsələdən irəli gəldiyinə görə hansısa bir planlamamız olmayıb.
Rauf Arifoğlu:
- Sabah Müsavat qərar qəbul etsə ki, AXCP ilə birləşir neyləyəcəksiniz?
İbrahim İbrahimli:
- Bizim istəyimiz də elə budur.
Rauf Arifoğlu:
- Qlobal proses ayrı, bu addım atılsa şəxsən siz neyləyəcəksiniz?
İbrahim İbrahimli:
- Müsavat o qərarı qəbul etsin, İbrahim İbrahimli yalançı çıxsın, mən buna çox sevinərəm.
Rauf Arifoğlu:
- Bu söhbətdə səmimisinizmi?
İbrahim İbrahimli:
- 100 faiz. Mən İsa Qəmbərə də dediyim kimi, başqa siyasətçilərdən fərqli olaraq səhvim səmimi olmağımdadır. Çünki bizim düşərgədə səmimiyyət siyasətçilər arasında o qədər də yaxşı qəbul olunmur.
Rauf Arifoğlu:
- Bu günlər ərzində Əli Kərimli ilə görüşmüsünüzmü?
İbrahim İbrahimli:
- Xeyr. Amma telefon zəngləriniz olub.
Rauf Arifoğlu:
- Kim zəng etmişdi, o, yoxsa siz?
İbrahim İbrahimli:
- Əli bəy zəng etmişdi.
Rauf Arifoğlu:
- Siz dəstəklədimi, yaxşı eləmisiniz dedimi?
İbrahim İbrahimli:
- Yox, əksinə, Əli Kərimli bundan çox narahatdır. Məntiqlə də Əli Kərimli birlik tərəfdarıdırsa və bunu istəyirsə, təbii ki, bu birlik tərəfdarlarının Müsavatın daxilində qalmasını istəyir.
Rauf Arifoğlu:
- İstefanızdan sonra İsa bəy sizə zəng edibmi?
İbrahim İbrahimli:
- İstefamdan sonra Divan üzvlərindən Adil Qeybulladan başqa kimsə mənə zəng etməyib.
Rauf Arifoğlu:
- Sülhəddin bəylə tez-tez görüşürsünüz?
İbrahim İbrahimli:
- Arada bir görüşürük.
Pənah Hüseyn:
- Bu hadisədən iki-üç gün əvvəl İsa Qəmbər məni partiyaya dəvət etmişdi. Ora Sülhəddin bəy də gəldi çıxdı. İsa bəy bildirdi ki, həm Sülhəddin bəy, həm mən, həm də orada olan, adını çəkmədiyim üçüncü bir adam başqanla söhbət etmək arzusunda olublar. İsa bəylə söhbət təxminən 4 saat çəkdi. Söhbətin bir hissəsində Arif Hacılı da iştirak etdi. Orada siyasi vəziyyət və digər konkret məsələlər barədə çox açıq və gərgin bir müzakirə aparıldı. İsa bəy öncə bizi dinlədi. Mənimlə Sülhəddin bəyin fikirlərinin yüzdə doxsanı üst-üstə düşdü.
Rauf Arifoğlu:
- Onların dedikləri ilə biz də razıyıq, elədikləri ilə razı deyilik...          
(ardı növbəti sayımızda)
Elşad MƏMMƏDLİ
4702 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий