четверг, 25 ноября 2010 г.

Artur Rəsizadənin postunu


Kəmaləddin Heydərov Artur Rəsizadənin postunu rəqibi Ziya Məmmədova güzəştə getmək fikrində deyil
Azərbaycanda xeyli vaxtdır baş nazir postu uğrunda mübarizə başlayıb. Hazırkı baş nazir Artur Rəsizadənin yaşlanması və səhhətində problemlərin yaranması onun yaxın vaxtlarda vəzifəsindən gedəcəyinə dəlalət edir. Eyni zamanda, Rəsizadə özü də postunu təhvil verərək, bundan sonrakı həyatını istirahətdə keçirmək fikrindədir.
Hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, baş nazir vəzifəsindən getməsi üçün dövlət başçısına bir neçə dəfə istefa ərizəsi təqdim edib. Lakin hər dəfə onun ərizələri geri qaytarılaraq, uyğun vaxtı gözləməsi tələb olunub. Bundan sonra səhhəti imkan vermədiyi üçün iş yerini evinə köçürən Rəsizadə də məcburiyyət qarşısında qalaraq, formal da olsa vəzifəsini icra etməkdə davam edir. Ancaq gec-tez o, bu postdan gedəcək. Bu yəqin olduğundandır ki, onun yerinə göz dikmiş məmurların sayı da az deyil.
Bildirək ki, hal hazırda baş nazir postu uğrunda bir neçə məmur mübarizə aparır. Onlardan biri nəqliyyat naziri Ziya Məmmədov, digəri fövqəladə hallar naziri Kəmaləddin Heydərov, üçüncüsü isə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevdir. Bu namizədlər sırasında ən şanslıları isə FHN rəhbəri ilə nəqliyyat naziri göstərilir. Çünki hakimiyyət olimpində özünəməxsus yerləri olan bu nazirlərin ölkənin ikinci adamı olmaq niyyətləri də var. Hələ xeyli əvvəldən baş qaldırmış bu iddia üzündən nazirlərin bir biri ilə üz-üzə gəldikləri də təsdiqini tapmış məlumatlardandır.
Qeyd edək ki, Kəmaləddin Heydərov bu postu ələ keçirmək üçün daha çox isiarlı davranır. Elə bu səbəbdəndir ki, onun baş nazir olmaq həvəsi rəqiblərinə qarşı çevrilmiş addım olaraq diqqəti çəkməyə başlayıb. Hakimiyyət içindən sızan məlumatlardan da belə anlaşılır ki, FHN rəhbəri alternativi olan nəqliyyat nazirinə heç bir sahədə güzəştə getmək fikrində deyil. Məhz buna görədir ki, vaxtaşırı Ziya Məmmədovu mətbuatda «sancan» Heydərov onun qarşısından qaçmaq niyyəti olmadığını sərgiləməkdədir.
Kəmaləddin Heydərov əsasən hakimiyyətdə olan adamlarına daha çox güvənir. İndiyə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən və hər dəfə təşəkkür alan FHN başçısı ən yüksək dairədən belə razılıq alacağını düşünür. Ancaq onun güvəndiyi hakimiyyətdəki adamların heç biri ayrı-ayrı qruplaşmaların nümayəndələri deyil və daha çox öz adamlarıdır. Bu səbəbdən də onun daha lokal addım atdığını düşünənlər də az deyil. Məlumatlarda isə vurğulanır ki, Heydərovun əsas hədəfi rəqiblərinin manevr imkanlarını məhdudlaşdırmaq və bununla da istəyini gerçəkləşdirməkdir.
Ancaq Ziya Məmmədov da yerində sakit oturmayıb. Bu barədə bildirilir ki, nəqliyyat naziri hakimiyyət daxilindəki əsas güc mərkəzləri ilə danışıqlar apararaq, onun dəstəklənməsini istəyib. Hətta bəzilərindən razılıq belə alıb. Lakin yekun qərarın dövlət başçısı tərəfindən verilməsi və baş nazir Artur Rəsizadənin hələ işdən çıxarılmaması prosesi yubatmaqdadır.
Əbülfəz Qarayevə gəldikdə isə vəziyyət tamam başqadır. Mədəniyyət və turizm naziri digər namizədlərdən fərqli olaraq, bu posta iddia etmir. Onun sadəcə, baş nazir olmasını istəyinlər var. Yəni, nazirin namizədliyi irəli sürülüb və ondan tələb olunan budur ki, lazım olan işləri görsün. Yerdə qalan işlər isə həyata keçiriləcək. Elə buna görə də, Qarayev bu mübarizədə bir o qədər fəal deyil və təyinat ala biləcəyi günü gözləməkdə davam edir.
Ancaq ortada güman edilən məqamlar da az deyil. Bu gümanlarla bağlı daxil olan məlumatlarda vurğulanır ki, mart ayına kimi, ölkənin ikinci adamının əyləşdiyi post boşalacaq və Rəsizadənin yerinə yeni biri təyin ediləcək. Onun Ziya Məmmədov və ya Kəmaləddin Heydərov olacağı isə sual altındadır.

Комментариев нет:

Отправить комментарий