четверг, 25 ноября 2010 г.

Cəlilabadda enerji dərdi


Cəlilabadda enerji dərdi 
Cəlilabad rayonu, kənd sakini Əhliman Əhmədov yuxarı instansiyalara ünvanlandığı məktublarda bildirir ki, közərə-közərə yanan işığa görə nə televizor, nə də ki su motorunu işlədə bilmirik. Çünki olduqca zəif verilən enerjinin gücü buna çatmır. Dəfələrlə müraciət etmişik, heç bir tədbir görülmür. Enerji sistemini tənzimləyəcək mütəxəssis yoxdur. Bu heç kəsi düşündürmür də. Əsas diqqət əhalidən enerji pullarını yığıb müvafiq orqanlarla bölüşməyə yönəlib. Biz işıq pullarını vaxtı-vaxtında veririk, lakin hökuməti aldadırlar ki, işıq pulunu yığa bilmədik, bununla da yığılan məbləğ mənimsənilir. Ona görə də rayonda enerji sistemi iflic vəziyyətinə düşüb. Səhər saat 9-dan işığı söndürürlər. Bu vaxt isə əhalinin elektrik enerjisinə ən çox ehtiyac duyduğu vaxtdır. Qəsdən təsərrüfat sisteminə problemlər yaradırlar ki, bu da ağır itkilərə səbəb olur. İşıqlar bütün günü sönür, bir də axşamçağı hava qaralana yaxın yanır. Özü də ki, bu cür vəziyyət son 2-3 ayda yaranıb, Hal-hazırda həyət-bacada heç bir təsərrüfat işi görə bilmirik, bu cür səhlənkarlıq nəticəsində əhalinin maddi durumu getdikcə pisləşir. Bunlar camaatı acından qırmaqmı istəyirlər? Qabaqdan əkin-biçin, əsas təsərrüfat işlərinin görüldüyü vaxt gəlir. Nə edəcəyimizi bilmirik.
Biz bu zülmü nə vaxta kimi çəkməliyik? Belə getsə bizim ərazilər yayda Afrika səhrasına çevriləcək.
İşığın bu cür yarıtmaz verilməsi nəticəsində mənim həyətimdəki su motoru yanıb. Kənddə yüzlərlə adama maddi ziyan dəyib, evlərdə bahalı avadanlıqlar yanıb sıradan çıxıb.
Cəlilabad rayonunda elektrik enerjisinin qeyri-qənaətbəxş ötürülməsi və bu sahədəki yeyintilərlə bağlı respublikanın yoxlama instansiyalarına ünvanlanmış məktubların isə ardı-arası kəsilmir. Narazılıqlar günü-gündən artır.
Qasımov Akif bildirir ki, işıqların normal, kortəbii qaydada verilməsinə etiraz olaraq bir neçə ay işıq pulunu verməmişəm və bunun ucbatında işıq idarəsi işçilərinin təhdidləri ilə üzləşmişəm. Son nəticədə evimizə gələn naqilləri kəsdilər, nəticədə ay yarıma yaxın ki, işıqsız qaldıq. Mən onlara demirdim işıqpulunu vermirəm, sadəcə normal işıq ötürülməsini tələb edir, borcumu isə tədricən verəcəyimi bildirirdim. Pulun yarısı nəğd şəkildə vermək istədim, lakin bildirdilər ki, tam ödəməyincə naqili birləşdirməyəcəyik. Atamın 93 yaşı var, müharibə veteranıdır, Qələbə günü ərəfəsində hökumət bunlar yardım verir, yerli məmurlar isə işığını kəsir. İşıq idarəsinin müdiri İltizam Aslanov özündən Cəlilabada yeni Konstitusiya yazıb. Dəfələrlə Ramiz Mehdiyevin Korrupsiya İdarəsinə məktublar yollamışıq, Cəlilabadda işıq sistemini iflic vəziyyətinə salanları üzə çıxarmalarını istəmişik, lakin heç bir xeyri yoxdur. 93 yaşlı atam rayon İcra Hakimiyyətinə gedib-gəlməkdən yorulub, bu qanunsuzluqlara hər yerdə göz yumulur. Müharibə veteranının hər dəfə qoltuğuna qarpız verib yola salırlar.
Bayramov Ağalar da Cəlilabad rayon elektrik Paylayıcı Şəbəkəsinin normal enerji verməməsi ucbatından su motorunun yandığını bildirdi: “Bu gün Cəlilabadda böyük oyun gedir və bu oyunun acı nəticələri biz cəlilabadlıların başında çatlayır. İşıq sahəsində böyük yeyintilər var. İri çaplı məmurların müəssisələrinə gizli, sayğaca düşməyən enerji ötürülür. Həmin enerjini ört-basdır etmək üçün əhali gün ərzində 5-6 saat verilən yarımçıq enerjinin ümidinə qalır. O da ki, gah közərir, gah gücləşir, nəticədə həyati əhəmiyyətli avadanlıqlarımız məhv olur. Bu mexanizmləri tənzimləyəcək mütəxəssis yoxdur, hərəsi iki keçi, bir camış satıb vəzifəyə gəliblər, əsas fəaliyyətləri də əhalinin cibini soyub yuxarıdakı məmularla bölüşmək, madiyyatlarını sovurmaqdır. Əhaliyə işıq necə verildi, hansı evdə neçə avadanlıq yandı, hara yanğın düşdü, bu adamların vecinə deyil”.
Bizim haqq səsimizi batırmaq istəyirlər. İşıq idarəsindən bildirilər ki, biz ancaq pul yığımına baxırıq, belə məsələlər bizlik deyil. Bəs onda kimlikdir? İltizam Aslanov camaatı ələ salıb əsəbləri ilə oynayır. Biz yanmış avadanlıqlarımızın pulunun ödənilməsini tələb edirik. Lakin Cəlilabad rayon məhkəməsi bizim müraciətləri qulaqardına vurur, açıq-aşkar məmurların tərəfini saxlayırlar. Xalqı isə fikirləşən yoxdur.
Zaur Ağalaroğlu



Комментариев нет:

Отправить комментарий