четверг, 25 ноября 2010 г.

Milli Büdcə Qrupu






Milli Büdcə Qrupu 9 ay ərzində ölkənin iqtisadi mənzərəsini əks etdirən icmal hazırlayıb

Bir neçə tanınmış ictimai birliklərin təmsil olunduğu Milli Büdcə Qrupu “Azərbaycan iqtisadiyyatının rüblük dəyərləndirilməsi” layihəsi çərçivəsində 2010-cu ilin 3-cü rübündə Azərbaycanın makroiqtisadi vəziyyətini araşdırıb. Layihənin əsas məqsədi 2010-cu ilin əvvəlindən 9 ay ərzin Azərbaycanda ümumi makro-iqtisadi mənzərənin dəyərləndirilməsi və hökumətin rüblük iqtisadi fəaliyyətini təhlil etməkdir. Layihənin əsas məhsulu olan iqtisadi icmalda göstərilən müddət ərzində ölkə iqtisadiyyatında dəyişikliyə məruz qalan ən vacib iqtisadi istiqamətlərin dəyərləndirilməsi, iqtisadi tendensiyaların müəyyən edilməsi, funksional baxımdan hökumətin işinin dəyərləndirilməsi, tendensiya halını ala biləcək iqtisadi dəyişkənliyin izahatı və ekspert qiymətləndirilməsi əksini tapıb.
Milli Büdcə Qrupunun ofisindən Lent.az-a verilən məlumata görə, təhlillər Dövlət Statistika Komitəsinin hesabatı və digər sahə qurumların rəsmi göstəricilərinə əsaslanır. Dəyərləndirmə əsas makro-iqtisadi göstəricilər, real sektor, pul-kredit və məzənnə siyasəti, maliyyə bazarı, bank bazarı kimi istiqamətləri əhatə edib.
İcmalda qeyd olunur ki, 2010-cu ilin 3-cü rübü dünya iqtisadiyyatında qlobal iqtisadi böhranın nəticələrinin tədricən aradan qalxması ilə müşayiət olunsa da, sosial-iqtisadi gərginliklər, xüsusilə Avropa Birliyi ölkələrinin dövlət sosial xərclərinin ixtisarı, hətta yeni böhran dalğasının qayıdışı mesajları, habelə ABŞ dollarının qeyri-stabilliyinin davamı fonunda dünya valyuta sisteminin və bütövlükdə beynəlxalq maliyyə arxitekturasının dəyişdirilməsi çağırışları kimi neqativ məqamlarla yadda qalıb. Azərbaycan üçün əhəmiyyətli olan odur ki, ölkənin əsas ixrac məhsulu - xam neftin 1 barelinin qiymətinin son 3 ay ərzində 10 dollardan çox artıb. Bununla belə, 2010-cu ilin 3-cü rübü ölkədə ilk növbədə əvvəlki rüblərlə müqayisədə ÜDM-in tempinin azalması ilə müşahidə edilib. Real sektorda isə vəziyyət ciddi şəkildə dəyişməyib. İnhisarlaşma və inzibati resurslara köklənən nəzarət sistemi burada fəaliyyət göstərən bazar subyektlərinin vəziyyətində arzu edilən dayanıqlığı yaratmayıb.
Hesabat dövründə kənd təsərrüfatı hesabat dövründə nəinki əsaslı artım nümayiş etdirməyib, əksinə burada azalma müşahidə edilib. Hökumət azalmanın əsas səbəbi kimi hava şəraitinin qənaətbəxş olmamasını göstərsə də, səbəblər daha ciddi və fundamental xarakter daşıyır.
İnvestisiya bazarında dövlət yatırımları öz əhəmiyyətli payını qoruyub saxlayır. Bununla yanaşı neft-qaz layihələrinin işlənməsində yeni, təsirli yatırımların, habelə qeyri-neft birbaşa xarici investisiyanın həcmində əsaslı dönüşün olmaması dövlətin investisiya rolunu bir qədər də qabardır.
İlin ilk 9 ayında əhalinin nominal gəlirləri artıb. Bu temp ölkədə inflyasiyanı üstələsə də, gəlirlərin əsas hissəsi hələ də əsasən istehlaka sərf edilir. Bu isə əhalinin əsas hissəsinin həyat tərzində keyfiyyətcə yeni, daha dayanıqlı mərhələnin hələ başlanmadığından xəbər verir.
Hesabat dövründə ölkənin xarici iqtisadi əlaqələrində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Qeyri-neft ixracı həmişə olduğu kimi qeyri-neft idxalından xeyli aşağı səviyyədədir ki, bu da ümumi fonda Azərbaycan iqtisadiyyatının neft amili sayəsində maliyyələşməsi anlamına gəlir.
Elxan SALAHOV

Комментариев нет:

Отправить комментарий