понедельник, 22 ноября 2010 г.

ünvanlı yardımın yeni forması tətbiq olunacaq

Gələn ildən Azərbaycanda ünvanlı yardımın yeni forması tətbiq olunacaq
[ 18 Noyabr 2010 18:32 ]
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Gələn il Azərbaycanda əhaliyə ünvanlı sosial yardımların verilməsində yeniliklər baş verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti” şöbəsinin aparıcı məsləhətçisi Babək Hüseynov “APA-ECONOMICS”ə bildirib ki, nazirlik əhaliyə verilən sosial yardımların formasında dəyişikliklər üzərində işləyir.
Onun sözlərinə görə, gələn ildən yeni yardım növü olan «Özünü dəstək» layihəsinə start veriləcək. Yeni layihə indiyədək tətbiq olunan aylıq ödəmələrdən fərqlənəcək. Bu yardım forması indikinə nisbətən daha aktiv layihə olacaq: “Yeni varianta görə, kasıb ailələrə müəyyən məbləğdə birdəfəlik vəsait ayrılacaq ki, onlar ailə daxilində məşğulluq problemini həll edib, işlə - şəxsi istehsalla məşğul olsunlar və bununla da özlərini təmin edə bilsinlər”.
Hələlik tam dəqiqləşməsə də, ilkin hesablamalara görə, yeni layihə çərçivəsində aztəminatlı ailələrə verilən birdəfəlik vəsaitin məbləği ünvanlı yardım kimi bir il ərzində verilən məbləğə bərabər olacaq. Adi ünvanlı yardımlardan fərqli olaraq, bu vəsait konkret məqsədlər üçün veriləcək ki, həmin ailələr öz gəlirləri və həyat səviyyələrində ciddi dəyişiklik edə bilsinlər. Yardım almaq üçün müraciət edən ailələr bu vəsaitin necə xərclənəcəyi və onunla hansı işin qurulacağı ilə bağlı konkret plan tərtib etməli olacaqlar: “Vətəndaş burda göstərəcək ki, məsələn, şəxsi təsərrüfatımı inkişaf etdirmək üçün mənə filan qədər vəsait lazımdır və bu pul necə xərclənəcək”.

Birdəfəlik yardım ev heyvanlarının alınmasına, evdə xırda istehsal (məsələn, evdə satış məqsədilə kompot bağlamaq və ya yun köynək toxumaq) yaradılmasına və s. gəlir gətirən işlərə sərf olunacaq. Hələlik yeni layihə yalnız kənd rayonları üçün nəzərdə tutulub. 2011-ci ildə 4 rayonda bu layihənin pilot variantı tətbiq olunacaq. Bunlar Masallı, İsmayıllı və Tovuzdur. 4-cü rayon isə ölkənin iri şəhərlərindən biri olacaq.
Yeni yardım mexanizmi indi qüvvədə olan ünvanlı yardımlarla paralel fəaliyyət göstərəcək. B.Hüseynovun sözlərinə görə, aztəminatlı ailələr yardım almaq istəyərkən iki variantdan birini seçməli olacaqlar: “Ya ünvanlı sosial yardım alsınlar, ya da bu layihədə iştirak etsinlər”.
B.Hüseynov bildirib ki, aztəminatlı ailənin şəhərdə və ya kənddə yaşamasından asılı olaraq birdəfəlik yardımların xərclənəcəyi istiqamətlər fərqlənəcək. Əgər kənd sakinləri bu vəsaiti özlərinə təsərrüfat yaratmaq və ya ev heyvanları almaq üçün xərcləyəcəklərsə, şəhərdə həmin pul vətəndaşın yeni peşə qazanması üçün peşə kurslarına xərclənə bilər: “Məsələn, Braziliyada vətəndaşlar dövlət vəsaiti hesabına özəl kurslarda hazırlıq keçir, yeni peşəyə yiyələnib əmək fəaliyyətinə başlayırlar”. Amma hələlik bu məsələ tam dəqiqləşməyib.
Pulu alan ailə bu vəsaiti həmin məqsədlə xərcləyəcəyi barədə öhdəlik götürəcək. Yardımdan sui-istifadənin qarşısının alınması üçün də vasitələr müəyyənləşdirilib: “Vəsaitin təyinatı üzrə - məhz göstərilən məqsədlə xərclənməsinə nəzarət etmək üçün nazirliyin əməkdaşları belə ailələrdə 3 aydan bir monitorinqlər aparacaqlar. Məlum olsa ki, ayrılan pul başqa məqsədlə xərclənib, onlar pulu qəpiyinə kimi qaytaracaq və müəyyən müddətə bu proqramdan xaric olunacaqlar”.
Nazirlikdə istisna etmirlər ki, bəzi ailələr biznes-planı düzgün hazırlaya bilmədiyinə və hər şeyi nəzərə almadıqlarına görə onlara ayrılan vəsaitlər effektiv istifadə olunmaya bilər. Belə halda həmin ailə yenidən adi ünvanlı yardım üçün müraciət edə biləcək: “Ünvanlı sosial yardım haqqında qanunvericiliyə uyğun olaraq belə yardım üçün müraciət etməyə və yardımın alınması üçün heç bir məhdudiyyət yoxdur. Əgər qanunvericilikdə bir dəyişiklik olmasa, işləri alınmayan ailələr yenə də ünvanlı yardım almaq hüquqlarını özlərində saxlayırlar”.
Qeyd edək ki, «Özünədəstək proqramı» bir sıra ölkələrdə - Braziliya, Meksika, Rusiyanın bəzi vilayətlərində, hətta Nyu-York ştatında tətbiq olunur. Dünya Bankının tövsiyəsi ilə Azərbaycan mütəxəssisləri bu proqramın detallarını öyrənmək üçün Rusiya təcrübəsindən istifadə edəcəklər.
Nazirlik rəsmisinin sözlərinə görə, bank kreditlərindən fərqli olaraq birdəfəlik yardım veriləndə biznes-planın icrası üçün vəsaitin bir hissəsini ailənin özünün qoyması tələb edilməyəcək. Bununla yanaşı, onlarda görüləcək işlə bağlı müəyyən ilkin imkanlar olmalıdır: “Məsələn, ailə bu pulla mal-qara almaq istəyirsə, onun heç olmasa tövləsi olmalıdır”.
“Özünə dəstək” proqramına da indiyədək olduğu kimi, aztəminatlı (adambaşına gəliri 65 manatdan az olan) ailələr qoşula biləcək. Amma bunun üçün ailə üzvlərindən heç olmasa biri əmək qabiliyyətli olmalı və ailədə uşaq da olmalıdır.
Xatırladaq ki, noyabrın 1-nə olan vəziyyətə görə, respublika üzrə 132 mindən artıq ailə və ya 600 mindən artıq insan ünvanlı sosial yardım alır. Adambaşına düşən sosial yardımın orta məbləği 24 manat, hər ailəyə düşən məbləğ 108 manatdır.

Комментариев нет:

Отправить комментарий