понедельник, 22 ноября 2010 г.

"Bu xalq torpaqlarının azadlığı üçün hər zaman şəhid verməyə hazırdır"


Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsinə həsr olunmuş izdihamlı yürüş...

"Bu xalq torpaqlarının azadlığı üçün hər zaman şəhid verməyə hazırdır"
Qarabağ veteranları və "Gündəlik Bakı" qəzetinin kollektivi şəhidlərin məzarını ziyarət etdilər İkinci fəxri xiyabanda torpağa tapşırılan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarını bu gün hər kəs böyük ehtiramla yad edir. Orta məktəb şagirdlərindən tutmuş, yaşlı nəslin nümayəndələrinə kimi qadınlı kişili hər kəsin şəhidlərin məzarı önünə gəlməsi Azərbaycan xalqının öz şəhidinə necə qiymət verdiyini göstərir. Günün istənilən saatında Mübariz və Fəridin məzarı önündə insan kütləsinin olduğunu görmək mümkündür. Elə ötən gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi ilə "Gündəlik Bakı" qəzetinin əməkdaşları fəxri xiyabana gedərək Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarını ziyarət etdilər. Qəzet olaraq ziyarətə gəlmiş veteranların ürək sözlərini dinlədik.
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev bildirdi ki, mütəmadi olaraq şəhidlərin qəbrini yad edirlər: "Atəşkəs dövründə bu igidlərin qəhrəmanlığı qarşısında baş əymək üçün bura gəlmişik. Müharibə gedən anda qəhrəmanlıq etmək təbii, prosesdir. Amma bu iki şəxs açıq səmada şimşək rolunu oynadılar və türk oğluna xas hərəkət edərək düşmənə və ümumilikdə dünyaya bir daha göstərdilər ki, Azərbaycan xalqı öz torpağından heç zaman imtina etməyəcək, lazım gələn anda canından və qanından keçməyə belə hazırdır. Ali baş komandan əmr edərsə, 64 minlik müharibə veteranı əlində silah döyüşə getməyə hazırdır. Veteranlarımızda, ümumilikdə cəmiyyətdə müharibə ruhu güclü olaraq qalır. Arzu edirik ki, müharibə tezliklə olsun, torpaqlarımızı azad edək və şəhidlərimizin ruhu şad olsun".
altAzərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi sədrinin birinci  müavini Kamil Şirinov şəhidlərimizin qəhrəmanlıqlarının ölçüyəgəlməz bir səviyyədə olduğunu vurğuladı. Onun sözlərinə görə, torpaqlarımızın azadlığı və dövlətçiliyimiz uğrunda şəhid olan milli qəhrəman, milli ordunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun göstərdiyi şücaət əsl kişilik simvolu və nümunə götürüləcək bir qəhrəmanlıqdır: "Adından göründüyü kimi, Mübariz öz mübarizliyini sübut etdi. Azərbaycan ordusunun zabiti baş leytenant Fərid Əhmədov mübarizin arxasınca getdi və qəhrəmanlıq göstərərək şəhid oldu. Əslində, o, ölümü ilə Mübarizi geri qaytardı. Bu qayıdışda mübarizə, vətənə sevgi var idi. Bu iki gəncin qəhrəmancasına ölümü bütün Azərbaycanı lərzəyə saldı. Onların oradakı qəhrəmanlığı birinci Qarabağ savaşının iştirakçılarında - bizdə belə bir hiss oyatdı ki, biz niyə Mübariz, Fərid ola bilmədik? Hələ də onun səbəbini axtarırıq və bu yaşımızda Mübariz olmaq istəyirik. Yəni Allah-Taəla bizə yataqda yox, döyüş meydanında şərəfli bir ömür qismət eləsin. Təbii ki, müharibə belə bir şeydir öldürməlisən. Çünki səni də öldürə bilərlər. Keçdiyimiz müharibə dövründə bu bizə nəsib olmadı. Həmin dövrdə 30 mindən artıq qardaşımız şəhid oldu. Ancaq Mübariz və Fərid bir daha bizə anlatdı ki, şəhidlərimizin qanını almaq lazımdır. Mən onların ruhu qarşısında baş əyirəm. Biz ali baş komandanın əmrini gözləyirik, müharibə əmri verilən kimi torpaqlarımızı azad etməyə hazırıq", - deyə o bildirdi.
altAzərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Yasamal rayon şöbəsinin sədri, "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bütün şəhidlərə Allahdan rəhmət dilədi: "Bu dünyanın qulaqları kar, gözləri kor olmalı deyil. Azərbaycan adlı məmləkətin başına gətirilən faciələrin hamısı görülməli və eşidilməlidir. Hər bir ölkə Azərbaycanı müdafiə etməlidir və tökülən qanlar yerdə qalmamalıdır. Vətən uğrunda 2 milyon da şəhid verməyə hazırıq ki, təki torpaqlarımız işğaldan azad olsun, təki Vətən sağ olsun. Bütün şəhidlərə Allah rəhmət eləsin"
Veteranlar Birliyinin sədr müavini Sərxan Mehdiyev də xalqın şəhidlərimizə olan sayğısından razı qaldığını və bu qəhrəman oğulların öz əməlləri ilə Azərbaycan tarixində xüsusi yer tutmasını yüksək qiymətləndirdi. O bildirdi ki, şəhidlər ölmür, ölümsüzlük qazanırlar və əbədi olaraq yaşayırlar: " Hüseyn Cavidin məşhur bir şeiri var: "Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli". Bu iki qəhrəman öz ölümü ilə ölümsüzlük qazandı. Əgər bunlar adi bir əsgər kimi xidməti başa vursaydılar, yalnız qohumları onları tanıyardı. Ancaq bu gün onları bütün Azərbaycan və dünya tanıyır. Onlar Azərbaycanın qəhrəmanlıq tarixinə düşdülər. Eyni zamanda bu, gələcək nəsillər üçün örnəkdir. Bu gün yeni doğulan uşaqlara Mübariz və Fərid adı verilir. Mən bu qəhrəmanlarla qürur duyuram. Arzum budur ki, torpaqlarımız işğaldan azad olunsun və biz gəlib Mübarizin və Fəridin qəbri önündə deyək ki, baxın, biz sizin davam etdirdiniz işi axıra çatdırdıq. Sizin qanınızı düşməndən aldıq, rahat uyuyun, qardaşlar".
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Nüsrət İsmayılovun həyat yoldaşı Validə İsmayılova Mübariz İbrahimov və Fərid Əhmədovun məzarını ziyarətə gəldiyini bildirdi və hər iki qəhrəmana Allahdan rəhmət dilədi: "Bütün şəhidlər hər zaman bizlərin ürəyində yaşayır. Onların qəbri nurla dolsun".
Əhmədova Mina da bütün şəhidlərə rəhmət dilədi: "İnşallah bu şəxslərin qanları yerdə qalmaz. Mən əsgər anasıyam. Oğlum Kamil Əhmədov Naxçıvanda qulluq edir. Bütün hərbi xidmətdə olanlara can sağlığı arzulayıram. Bütün oğullara arzum odur ki, Vətənlərini sevsinlər. Vətəni sevən şəxs anasını da, atasını da sevir".
altAzərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Lerik rayon Təşkilatının sədri Elman Məmmədov bildirdi ki, bütün veteranlar Mübariz İbrahimov, Fərid Əhmədov kimi şəhid olmağa, qanlarından keçməyə hazırdılar: "Allaha bu şəxslərə rəhmət eləsin. Onların validenlərinin qarşısında baş əyirik".
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon Şöbəsinin sədri Mübariz Vəliyev qeyd etdi ki, Azərbaycan xalqının belə gənc qəhrəmanları çoxdur: "Allah Mübariz kimi oğlanlara rəhmət eləsin".
AVMVB-nin Binəqədi rayon Şöbəsinin sədri, ikinci qrup Qarabağ əlili Şahin Ağayev vurğuladı ki, hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizi ziyarət etsin: "Allah bütün şəhidlərə rəhmət eləsin. Mübariz və Fəridin qəhrəmanlığından qürur hissi duyuruq. Çoxsaylı müharibə veteranları şəhidlərimizin qanını yerdə qoymayacaq. Bir əlimizdə çəlik, bir əlimizdə silah torpaqlarımızı hər an işğaldan azad etmək bizim borcumuzdur. İnşallah bunu da edəcəyik. Səbirsizliklə ölkə başçısının əmrini gözləyirik".
AVMVB-nin Binəqədi rayon Şöbəsinin sədr müavini Nadir Məmmədov bildirdi ki, Mübariz və Fəridin göstərdiyi şücaət bu günə kimi Azərbaycan igidlərinin göstərdiyi şücaətin ən vacibidir: "Atəşkəs dövründə 22-24 yaşlarında olan gənclərin belə şücaət göstərməsi onu deməyə əsas verir ki, bu xalq öz torpağının azadlığı üçün hər zaman şəhid verməyə hazırdır. Bu şəxslərin addımı onu göstərdi ki, cavanlar da torpaqların azad olunmasını səbirsizliklə gözləyirlər. Veteran olaraq bu şəxslərin hərəkətindən çox böyük fəxr duyuruq ki, belə gənclərimiz yetişir".
AVMVB-nin Binəqədi rayon Şöbəsinin İdarə heyətinin üzvü, ikinci qrup Qarabağ əlili Ələmdar Rzayev bütün şəhidlərə rəhmət dilədi: "Həllik ehtiyatdayıq. Amma prezidentimiz əmr verərsə, silah əlimizdə döyüşə hazırıq".
AVMVB-nin Abşeron rayon Şöbəsinin sədri Aydın Quliyev isə bildirdi ki, artıq zaman yetişib və bütün şəhidlərimizin qanını almağın vaxtıdır: "Veteranlar olaraq müharibəyə hər zaman hazırıq. Allah Mübariz kimi oğulları bizdən əskik etməsin".
Abşeron Veteranlar Birliyinin sədr müavini Rasim Süleymanov da şəhidlərimizin qəhrəmanlıqlarının uca bir məqamda olduğunu və örnək götürüləsi bir məktəbə çevrildiyini dedi." Bu gənclər böyük iş gördülər - ölümlərilə ölməzliyə yüksəldilər. Mən onların qəhrəmanlığını yüksək qiymətləndirirəm. Bu qəhrəmanlıq bütün Azərbaycan gəncliyi üçün bir örnəkdir. Bu xalqımızda, gənc nəsildə böyük ruh yüksəkliyi yaratdı. Onların təvəllüdlərinə baxanda biri 1986, biri 1988-ci ildə anadan olublar. Birinci Qarabağ müharibəsi dövründə onlar balaca uşaq olublar. Ancaq böyüdükləri vətənpərvərlik ruhu onları böyük işlər görməyə sövq etdi. Atəşkəs dövründə müharibə görməyən gənclərin bu cür qəhrəmanlıq göstərməsi bir daha sübut etdi ki, bizdə belə gənclər çoxdur. İnşaallah, belə gənclərin köməyi ilə torpaqlarımızı düşməndən azad edəcəyik".
Veteranlar Birliyinin özək sədri Ağasiyev Yaqub bu günü şərəfli bir gün kimi qəbul etdiyini bildirdi: "Mən sevinirəm ki, belə gənclərimiz var. Çünki bu gənclər keçdimiz döyüş yollarını şərəfli və möhtəşəm bir səviyyədə davam etdirirlər. Biz onlarla fəxr edirik. Onlar ölməyiblər, bu gün də aramızdadır, qəlbimizdə yaşayırlar. Allah onlara rəhmət eləsin".
Veteranlar Birliyinin Qobu qəsəbə özəyinin sədri Təbriz Bəhrəmov da Mübariz İbrahimov və Fərid Əhmədov və onların keçdiyi şərəfli döyüş yolu ilə qürur hissi duyduğunu dedi: "Mən də şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm. Bütün gəncliyi onlardan nümunə götürməyə səsləyirəm. Mən inanıram ki, biz torpaqlarımızı azad etməyə hazırıq".
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədri Mübariz Quliyevin sözlərinə görə, Mübariz İbrahimov və Fərid Əhmədov öz qəhrəmanlıqları ilə tariximizdə şərəfli bir səhifə açdılar və bu, şanlı zəfər tariximizin ilk səhifəsi olacaq. " Bu gün bizimçün kədərli, həm də şərəfli bir gündür. Kədərlidir ona görə ki, iki qardaşımız şəhid olub. Şərəflidir ona görə ki, iki qəhrəmanımız şərəfli döyüş yolu keçib. Fəxrlə iştirak etməyimiz və qürur duymağımız onu göstərir ki, bu, bizim düşmən üzərində qələbəmizdir. Bu qəhrəmanlıq Azərbaycan gəncliyinə böyük ruh verdi. Bütün oğullarımız belə olmalıdır. Onların qanı yerdə qalmayacaq və biz ali baş komandanın əmrini gözləyirik. Müharibə başlasa, torpaqlarımızı azad etməyə hazırıq.
Qeyd edək ki, hər iki şəhidin məzarını ziyarətə gələnlər arasında orta məktəb və lisey şagirdləri də vardı. Əllərində üçrəngli Azərbaycan bayrağı dalğalanan şagirdlər Mübariz İbrahimov və Fərid Əhmədovun onlar üçün böyük örnək olduğunu söylədilər.
"Zəngi" liseyinin tələbəsi Kərimli Ramazan Mübariz və Fərid kimi qəhrəman olmaq arzusunda olduğunu bildirdi: "Onların məzarını həmişə gəlib ziyarət edəcəyik. Fəxr etməliyik ki, Mübariz və Fərid kimi qəhrəmalarımız var. Biz də o arzudayıq ki, Mübariz və Fərid kimi vətənpərvər, qəhrəman olaq".
Digər şagird Hüseyn Vəliyev isə qəhrəmanları hər gün xatırladığını və onlara bənzəmək istədiyini söylədi. "Mübariz və Fərid kimi qəhrəmanlardan nümunə götürmək lazımdır. Biz məhz bu məqsədlə buraya gəlmişik. Onları hər gün xatırlamaq və bundan nəticə çıxarmaq lazımdır. Bizi qabaqda daha böyük bir sınaq - Qarabağ savaşı gözləyir. Biz Qarabağı öz əllərimizlə işğaldan azad edəcəyik", - deyə lisey tələbəsi bildirdi.
Şəmşad AĞAYEV
Ülvin MƏHƏMMƏD
Fotolar müəlliflərindir

altSSRİ-nin hərbi dəniz qüvvələrinə hələ bu vaxta qədər belə zərbə dəyməmişdi. Yuxarıdan əmr nazil olur, baş vermiş ağır faciə haqqında heç bir informasiya vasitəsi məlumat verməməlidir. Ancaq "Krasnaya zvezda" qəzetində üç sətirlik məlumat çap olunur, "Təyyarə qəzasında Sakit okean donanmasının komandanı E.N.Spiridonov, donanmanın siyasi idarə rəisi vitse-admiral V.D.Sabaneyev, hərbi hava  qüvvələrinin komandanı aviasiya general-leytenantı Q.V.Pavlov və başqaları həlak olublar". "Başqaları" sözünün arxasında 49 nəfər dururdu, bunları içində isə 15 yüksək rütbəli zabit, 17 admiral və general vardı! Yaxınlarının, əzizlərinin yas, dəfn mərasimi ilə məşğul olmaq istəyənlərdən iltizam alırlar ki, onlar bu barədə artıq-əskik danışmamalıdırlar. Həlak olanların sənədlərində "Xidməti vəzifəsini yerinə yetirərkən həlak olub" sözünü yox, adicə "ölüb" sözünü yazmışdılar. Ancaq 1997-ci ildə sənədlər abırlı günə salındı. Ümumi məzarın üzərində obelisk və provoslav xaçı qoyuldu... bu oyunlar nə üçün qurulmuşdu, niyə bu fəlakətin təfərrüatı xalqdan gizlədilmişdi, bu suallara cavab verən yoxdur...
...1979-cu ilin 11 avqustunda Dneprodzerjinski səmasında iki TU-134A təyyarəsi toqquşdu. 13 heyət üzvü və 165 sərnişin həlak oldu. O dövrdə SSRİ-nin ən məşhur futbol komandalarından biri, "Paxtakor"un  bütün heyəti məhv olanların arasında idi.
İki dispeçerə  iş kəsildi, hərəsinə 15 il həbs cəzası verildi. Amma məsələ bundadır ki, "Paxtakor"un qəsdən məhv edilməsi haqqında xəbərlər indi də dolaşmaqdadır...
Bir-iki il bundan əvvəl belə ağır fəlakətin kimlərə lazım olması barədə müəyyən fərziyyələr mətbuat səhifələrinə çıxdısa, sonra bunun üstünə bir qara daş qoydular. Sir-sifətdən orta əsrlərin katolik inkivizatorlarına oxşayan M.Suslovun idarə etdiyi ideoloji aparat bütün sovet adamlarına bir fikri təlqin edirdi: sovet cəmiyyətində heç bir fəlakət baş verə bilməz, biz təbiətdən güclüyük, mütəşəkkil cinayətkarlığın kökünü kəsmişik, kommunizm adlanan cəmiyyəti də Allah qoysa, beş-altı ilə quracağıq və i.a. Keçən əsrin 50-60-cı illərində bütün ziyalıların, qeyrətmənd kişilərin ürəyini ağrıdan bir dərd və vardı, istər gürcüsü, istər ermənisi tarixi mövzuda nə istəsə yaza bilərdi, tarixi hadisələrə istədiyi yozumu verirdi. Bizdə isə özünü on qat sığortalamağı sevən respublika rəhbərlərinin əmri ilə qələm  əhli bütün tarixi şəxsiyyətlərmizi elmi bilikləri yayan cəmiyyətin mühazirəçiləri səviyyəsinə  endirdilər. Əsl həqiqəti deməmək bəcəhənnəm, bizim qələm sahibləri keçmişimizə, tarixi şəxsiyyətlərimizə çirkab atanlara da cavab verməkdən çəkinirdilər. 60-cı illərin ortalarında SSRİ Müdafiə Nazirliyinin nəşriyyatı M.Q.Vermişevin "Əmirsüpəhsalar" adlı romanını çox böyük tirajla çap etmişdi. Mətləbi uzatmadan onu deyə bilərəm ki, bu psevdotarixi romanda Dədə Qorqud "qoca tülkü", Nizami isə "saray məddahı" adlandırılmışdı. Təkcə böyük şəxsiyyətlərimiz yox, xalqımız da, tariximiz də həqarətə məruz qalmışdı. Yazıçılar İttifaqının kəshakəs vaxtında titullu, təriflənib dağ başına çıxarılmış qələm sahiblərindən bircəciyi dillənmədi. Qorxurdular, kitabın Moskvada, özü də Müdafiə Nazirliyinin nəşriyyatı tərəfindən buraxılması bizim ağciyər qələm sahiblərini vahiməyə salmışdı. Amma sağ olsun gürcü ədibləri! "Əmirsupəhsalar" romanında gürcü çariçası Tamara, gürcü zadəganları mədh edilsələr də, amma rus dilində çıxan "Literaturnaya Qruziya" jurnalı rus müəllifi yaş yuyub, quru sərdi. Məqalənin adı indiyə qədər yaddaşımda həkk olunub: "Dostluğumuza kim mane olur?" Hiddət və qəzəbimizi biz bildirməli idik, amma yerimizə başqaları danışdı. 70-ci illərin əvvəllərində Şatiryanın rus dilində "Üç palma haqqında dastan"  əsəri də böyük tirajla Moskvada çap olundu. Şovinist erməni yazıçısı 1918-ci ildə Bakıda on dörd min dinc əhalini  qırmış cəlladlara mədhiyyələr yazmışdı. Şaumyanın özü və arxalandığı daşnak qatilləri Azərbaycanın xilaskarı kimi təqdim olunmuşdular. Onun estafetini İsa Hüseynov davam etdirdi. "26 Bakı Komissarı" filmi on minlərlə qətlə yetirilmiş soydaşımızın ruhunun, milli heysiyyətimizin təhqiri idi. Arsızlığımız, biqeyrətliyimiz o həddə çatıb ki, bizim telekanallar indi də bu bədnam filmi kefləri istəyəndə nümayiş etdirirlər, söz deyən də tapılmır. Şaumyanları, Əmiryanları, Petrov kimi bolşevik qaniçənlərini tərifləyib ərşi-əyala qaldırmış İsa Hüseynovun isə  tikəsi ələ gəlmir. Özünü jurnalist hesab edən nadanlar hələ də ondan müsahibə almağa can atırlar...
...İkinci Dünya Müharibəsi ərəfəsində L.Z.Mexlis soyadlı bir manyak sovet ordusunun Baş Siyasi İdarəsinin  rəisi təyin edilmişdi. Fövqəladə səlahiyyətlərə malik olan bu canidən hətta marşallar da çəkinirdi. Odessa yəhudilərindən olan L.Mexlisin kəsdiyi başa sorğu-sual yox idi. 1942-ci ilin yaz aylarında onun ağına-bozuna baxmadan işə müdaxiləsi nəticəsində Krımda, ələlxüsus Kerç yarımadasında, Feodasiyada hərbi fəlakət  baş verdi. İstedadlı alman generalı Manşteyn məharətli manevrlərlə sovet ordusunun bu regiondakı qüvvələrini darmadağın etdi, əsir düşən düşdü, qalanı dənizdə, Kerç boğazında tələf oldu. Manşteyn 258 tank, 1133 top, 170 min də əsgər və zabiti də əsir götürdü. Mexlisin şəxsi göstərişi ilə Azərbaycandan səfərbər edilib aparılmış bütün canlı qüvvə Kerçə desant kimi çıxarılmışdı. İndi öyrəndiyim faktları yazsam, dəhşətə gələcəksiniz, bir saat da olsun təlim keçməmiş, hərbi paltar, çəkmə, dəbilqə, tüfəng almamış on minlərlə azərbaycanlı kəndli cavanı da, qocası da qabağa verilmişdi. Üzməyi bacarmayan minlərlə kəndli balası Kerç sularında batdı... mərmilər, bombalar altında məhv olanların dəqiq sayı məlum deyil... 1942-ci ilin yayında respublikada  elə nəsil yox idi ki, "qara kağız" almasın. Müsəlmanlara, türklərə pataloji nifrət bəsləmiş Mexlis kimilər təəssüf olsun ki, bizim qələm sahibləri tərəfindən hələ də "rüsvayçılıq sütunlarına" qiyabi da olsa, bağlanıb ifşa edilməyiblər. Bəziləri soruşa bilər, Mexlis çoxdan cəhənnəmə vasil olub, indi nə vacib düşüb ki, durub ondan danışaq? Cavab verirəm, millət unutqan olsa, nifrətini, milli kinini, qisas hissini sonbeşik balası kimi əzizləməsə, özü tarixin səhnəsindən silinib atılacaq. Yadınıza salın, erməni cildlərlə şovinist ruhlu bədii əsərlər, tarixi monoqrafiyalar, qatı millətçiliyi təbliğ edən kinolar ortaya qoyurdu, biz isə  "Qardaş olub Hayastan-Azərbaycan" mahnısını oxuyurduq. Görün, neçə ildir müstəqilik, söz güləşdirməkdən, bir-birimiz sancmaqda başqa əlimizdən heç  nə gəlməz. Köhnə  bakılıların "Sabunçu vağzalı" kimi tanıdıqları məhəllədən keçirəm, müxtəlif axmaq elanların, cırılmış afişaların arasında, çirkli divarda Mübariz və Fəridin şəkilləri yapışdırılıb... Rəngli şəkillərdəki "Karvan" sözü diqqətimi çəkir... Qəzəbimdən əsirəm, bütün respublikanı yaxşı mənada sarsıtmış, hamımıza qeyrət dərsi vermiş belə namdar oğulların şəkillərini hara gəldi yapışdıran haramzadaları təəssüf ki, tanımıram. Amma bu qəzetin səhifəsindən onlara müraciət edirəm, şəhidlik zirvəsinə ucalmış igidlərin şəkillərini hara gəldi yapışdırmaq, onları afişa kimi istifadə etmək təkcə günah deyil, bu, yolverilməzdir. Böyük də, kiçik də onların məzarlarını ziyarətə gedir, bəndədən həya etmirsinizsə, Allahdan qorxun. Bu  cümlələri yazanda fikirləşirəm, hər halda bədbinlik üçün də əsas yoxdur. İgidlərin məzarları üstünə gələnlərin əksəriyyəti cavanlardır, sifətlərinə baxıram, gözlərdə, baxışlarda nələr oxunmur?!
Mübariz və Fərid illər ərzində əllərində iki qara qəpiklik iş gəlməyən müftəxor rəsmi "ideoloqların" edə bilmədiklərini həyata keçirdilər! Millət ümman kimi ləngər vurdu və əmrə müntəzir olduğunu göstərdi. Bütün varlığımla əminəm ki, gözlərindən od yağan bu gənclərlə dağı dağ üstə qoymaq mümkündür. Sadəcə olaraq, vətənpərvərlik təbliğatı işinə əməli saleh, tərcümeyi-halında ləkə olmayan insanlar cəlb olunmalıdırlar. Onda tarixə ekskurs lazım gəlməyəcək, Mexlis kimilərini də gorbagor etməyəcəyik. Bəlamız ondadır ki, biz Qərbdən murdar nə varsa, onu əxs edirik. Müəyyən auditoriya üçün nəzərdə tutulmuş kliplərə, kinofilmlərə baxıb, elə düşünürük ki, səlib dünyasının əxlaqsızlıq və zorakılıqdan başqa digər işi-gücü yoxdur. Faktiki olaraq biz medalın bir üzünü görürük, Allah qoysa, gələn saylarımızda bu barədə ətraflı danışarıq. Məsələ o qədər də asan deyil... Marqaret Tetçerin baş nazir işlədiyi illərdə İngiltərə Folklend adalarında Argentinaya qarşı hərbi əməliyyat keçirmişdi. Əməliyyat barədə danışmaq vaxt aparır... Amma İngiltərəyə qayıtmış dənizçilərin, əsgər və zabitlərin limanlarda qarşılanması mərasimlərinə televizorda baxdıq... Bəli, belə millətə vətənpərvərlik təbliğatı lazım deyil...
Firuz Haşımov

Комментариев нет:

Отправить комментарий