четверг, 25 ноября 2010 г.

Bir intiharın gizlinləri


İntihar edən Fərid Rzayevin qardaşı Şakir Rzayeiddia edir ki, müstəntiq Vəli Mustafayev cinayətin açılması istiqamətində lazımi addımları atmayıb: “Qardaşım Fərid Rzayev rayonda tanınan biznesmenlərdən idi.
O, ölümündən 3 gün əvvəl MTN, DİN-ə məktub yazmışdı. Həmin məktubda Lənkəranda narkotiklərin yayılması ilə məşğul olan 20 narkobaronun adını, ünvanlarını göstərmişdi. Biz bu məsələdən onun öldürülməsindən sonra xəbər tutmuşuq”.
Ş.Rzayevin sözlərinə görə, qardaşının belə bir müraciət etməsinin özəl səbəbləri olub: “Həmin 20 nəfərdən biri də onun qonşusu olan Rəqsanə adlı qadın idi. Rəqsanə Fəridin həyat yoldaşı Sevinci narkotikə aludə edib. Fərid bunu biləndən sonra həyat yoldaşını aparıb müayinə etdirmişdi. Onun qan analizində narkotikin izləri aşkarlanmışdı. Bundan sonra o, belə bir məktub yazıb. Məktubu qızı Arzu ilə birgə poçtdan yola salmışdı. 3 gün sonra onun meyitini Lənkəran Şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında tikdirdiyi, lakin hələ köçmədiyi evinin 1-ci mərtəbəsində o biri qızı Aytən tapdı.
Ş.Rzayev deyir: “Sevinc hamıya, prokurorluğun müstəntiqlərinə deyirdi ki, Fəridin guya çoxlu borcu olub, ona görə də özünü asıb. Guya hadisə baş verən gün Fərid gecə saat 2-də evə gəlib. Çay içəndən sonra gedib yatıb. Səhər saat 5-də isə Sevinc oyanıb, görüb ki, Fərid yoxdur. Evi axtarıb, Fəridi tapmayıb. Sonradan qızı onu evlərinin yaxınlığında olan villalarında aşkarlayıb. Amma məhkəmə tibb ekspertizasının ilkin rəyindən bəlli oldu ki, Fərid intihar etməyib. Onu öldürüblər. Başına, üzünə küt alətlə zərbələr endirilib. Nəticədə burnu sınıb. Bədəni üzərində də çoxlu qançırlar müəyyən olunub. İpi də boynuna ölümündən sonra keçiriblər. Belə təəssürat yaratmaq istəyiblər ki, Fərid özünü asıb.”.
Ş.Rzayev daha sonra deyir ki, qardaşını narkobaronlar barəsində hüquq mühafizə orqanlarına məlumat verdiyi üçün öldürüblər: “Uzun-uzadı şikayətlərimizdən sonra müstəntiq Vəli Mustafayevi Taleh Osmanovla əvəzlədilər. Bundan sonra müstəntiq Taleh Osmanov Fəridin yaşadığı Həzi Aslanov küçəsi, dalan 6, ev 1-in qarşısındakı ”AccessBank"a sorğu ilə müraciət edib izləmə kameralarından hadisə baş verən günün çıxarışını götürdü. Videoda açıq-aşkar görünür ki, gecə saat 1-də Fərid həyat yoldaşı Sevinclə evdən çıxıb mağazaya yaxınlaşırlar. Oradan 2 dondurma alıb Fəridin tikdirdiyi villaya tərəf gedirlər. Səhər saat 5-də isə Sevinc VAZ-2107 markalı, albalı rəngli maşınla geri qayıdır. Maşın yaşadıqları evin qapısının qarşısında dayanır və Sevinc həyətə gedir. Maşın da uzaqlaşır. Bu videomaterial iş materiallarına əlavə olunsa da, bu günə kimi Sevinci çağırıb soruşmurlar ki, Fəridlə həmin gecə hara, niyə getmisən? Həmin VAZ-2107 markalı maşının sahibi kimdir, gecə saat 5-də onunla haradan gəlirsən? Bundan başqa hadisə ilə bağlı qonşuları da çağırıb dindirmirlər. Qonşular deyir ki, hadisə olan gün Fəridin villasında səs-küy eşidiblər. Orada 2 qadın, 3-4 kişi olub. Qorxublar deyə yaxına getməyiblər. Bütün rayon deyir ki, Fəridi öldürən arvadıdır".
Ş.Rzayev qardaşının öldürülməsindən sonra onun maşınından vacib sənədlərin oğurlanmasından da danışdı. Dedi ki, hadisə olan gün səhər saat 5-də, Sevinc Rzayeva naməlum maşınla evə gələn dəqiqələrdə qonşuluqda yaşayan böyük qardaşı Elşad Rzayev Fəridin maşınının siqnalizasiyasının səsini eşidib. Lakin düşünüb ki, F.Rzayev Bakıya gedir. Ona görə həyətə gəlməyib: “Fərid yaxın adamlara ölümündən bir neçə gün əvvəl deyib ki, ”baxarsız, yaxın günlərdə Lənkəranda nə hadisələr baş verəcək". İşçilərindən olan bir qadına isə “əgər başıma bir iş gəlsə, qara bloknotumda kimlərin mənə pislik edə biləcəyini yazmışam” söyləyib. Fərid öldürülən gün onun maşınından həmin qara bloknotu, boşanmaları üçün Fəridin hazırladığı sənədləri, Sevincin qan analizlərinin cavabını, MTN-ə və Baş Narkotiklərlə Mübarizə İdarəsinə yazdığı məktubların surətlərini də götürüblər. Fəridin qızı Arzu maşından götürülən sənədləri əvvəlcə qardaşım Elşadın evinə apararaq qızına verib, daha doğrusu stolun üstünə qoyub. Az sonra isə tələsik həmin sənədləri gəlib götürüb aparıb".
Ş.Rzayev qardaşının öldürülməsinə səbəb olmuş məktubda adlarını yazdığı narkobaronlardan bir neçəsinin həbs olunduğunu da bildirir.
Şakir Rzayevin bundan sonra dedikləri isə əsl sensasiya sayıla bilər. Belə ki, sən demə, ərinin qətlində şübhəli bilinən Sevinc Rzayeva Gəncə şəhərinin 38 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Ş.Rzayev dedi ki, bundan İTV-də namizədlər üçün ayrılmış debat zamanı Sevinc Rzayevanın deputatlığa namizəd qismində çıxışı zamanı xəbər tutub
Ş.Rzayev qəzetimiz vasitəsilə baş prokuror Zakir Qaralova müraciət edərək qardaşının ölümü ilə bağlı obyektiv və hərtərəfli istintaq aparılmasını, işin qəsdən adam öldürmə maddəsi ilə davam etdirilməsini xahiş etdi.
Öldürülən biznesmenin qızı Arzu Rzazadə dərhal əmisinin iddialarına reaksiya verib. O, atasının ölümü ilə bağlı əmisi Şakir Rzayevin dedikləri ilə razı olmadığını bildirib: “Əmilərimin atamla münasibətləri hər zaman soyuq olub. Ona görə də bütün vasitələrdən istifadə edərək məni, anamı və kiçik bacımı şərləyərək həbs etdirmək və beləliklə atamın mülklərinə sahib olmağa çalışırlar.
Atamın meyitini aşkarladığımız zaman biz şokda idik. Həmin vaxt bir zamanlar 41 kiloqram narkotiklə həbs olunmuş və 9 il həbsdə yatmış, atamla 3 ildir küsülü olan əmim Elşad Rzayev onun maşınında olan bütün sənədləri, açarları, seyfdə olan və anama məxsus qızıl-zinət əşyalarını götürmüşdü. Daha sonra hər kəsi anamın narkotik aludəçisi olduğuna inandırıb və cinayəti anamın törətməyi ilə bağlı prokurorluğa yalan ifadə verib. Prokurorluq anamdan qan analizi götürdü və narkoman olmadığı üzə çıxdı. Bizə qarşı ictimai rəy vasitəsi ilə təzyiq edirdilər.
Əmim Şakir Rzayevin dedikləri şər və böhtandır. Anamın və ailəmizin şərəf və ləyaqəti təhqir olunduğu üçün bununla bağlı məhkəməyə müraciət edəcəyik".
A.Rzazadə atasının MTN-ə yazdığı məktub və anasının Gəncədən namizədliyini irəli sürməsi ilə bağlı bunları dedi: “Prokurorluq bizim vəkilə bildirib ki, atamın MTN-nə ünvanladığı məktubla tanış deyillər. Bu halda əmimin həmin məktubla harada tanış olması bizə bəlli deyil. Anamın üzərində heç bir məhkumluğu və ya buna bənzər hər hansı bir cinayət əməli yoxdur. Əmim Şakir Rzayev ona şər ataraq bildirib ki, guya anamın üzərində məhkumluq var. Bu tamamilə yalandır.
Bu hadisədə mənə ən çox təsir edən isə sonradan anladığım bir şey oldu. Sən demə, həmin gün bizlər atamızı itirməyimizin şokunu yaşayarkən, əmilərim atama məxsus bütün sənədləri, açarları, pulları və qızıl-zinət əşyalarını götürüblər. Bütün bunlarla bağlı prokurorluğa da xəbərdarlıq etmişik.
Bu günlərdə həmin qızılları bazara çıxardıb satmaqla məşğul olublar. Mənim 7 yaşlı qardaşım məktəbə cırıq ayaqqabı ilə getməyə məcburdur. Video görüntülərinə gəlincə isə onu deyə bilərəm ki, həmişəki kimi anam və atam həmin gün də təzə evə gediblər və birgə qayıdıblar. Bacım və mən də ifadələrimizdə bildirmişik ki, gecə saat 2-yə qalmış onlar evdə olublar. Mən həmin gecə rəhmətlik atamla birgə gecə saat 2 radələrində futbol üzrə dünya çempionatının oyunlarına baxmışam. İstintaqın bizə göstərdiyi video görüntülərdə də anamın gecə saat 5 radələrində evə gəlməsi ilə bağlı heç bir fakt yoxdur. Əgər hər hansı belə bir fakt olsaydı, saatlarla bizi dindirən istintaqçılar anam barəsində həbs qətimkan tədbiri seçərdilər.
Sonda qısaca bəzi məqamlara toxunmaq istəyirəm. Əmim özü etiraf edir ki, anam heç bir yerdə işləmirdi. Mən, bacım və kiçik qardaşım da həmçinin. Bəs görəsən nədən əmilərim bizim nə yeyib, nə içdiyimizlə maraqlanmadılar?! Həmin yazıda əvvəlcə atamın MTN-ə narkobaronlar haqqında məlumat verdiyi üçün öldürüldüyünü dolayı yolla iddia edən əmim nədən sonralar atamın ölümündə anamı ittiham edir? Bunun özü bir məntiqsizlik deyilmi?
E.QƏDİMOV


Комментариев нет:

Отправить комментарий