понедельник, 22 ноября 2010 г.

YAP-ın yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib / 20.11.2010


YAP-ın yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib / 20.11.2010
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, həmçinin partiyanın digər tanınmış simaları iştirak edib.
Tədbirə Yeni Azərbaycan Partiyasının üzvü olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil naziri Misir Mərdanov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov da qatılıblar. Mərasimdə YAP-ın 7 noyabr parlament seçkilərində qalib gəlmiş üzvləri ilə yanaşı, seçkiyə qatılmamış və seçkiyə qatılaraq uduzmuş şəxslər də (Əhəd Abıyev, Aydın Həsənov, Sevindik Hətəmov və s.) iştirak ediblər.
Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov partiya sədrini və üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü münasibətilə təbrik edib. O, YAP-ın yaranmasından keçən 18 ilin şərəf və ləyaqət ili olduğunu vurğulayıb: “18 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 18 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir”.
Ə. Əhmədov 7 noyabr parlament seçkilərində qalib gəlmiş 71 YAP üzvünü qələbə münasibəti ilə təbrik edib.
YAP-ın İdarə Heyətinin üzvü Zahid Qaralov YAP-ın yaradılması, ölkə ziyalılarının partiyanın ilk sədri Heydər Əliyevi Bakıya çağırması və YAP-ın ölkə həyatında oynadığı roldan danışıb.
YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixinə toxunub. Onun sözlərinə görə, partiya ölkənin ən ağır vaxtında yaradılıb və həmin vaxt partiya daxilində də təşkilatı dağıtmağa cəhdlər olub: “Lakin Heydər Əliyev buna imkan verməyib. Bu gün isə onun yolunu Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir”.
Tədbirdə YAP-ın digər tanınmış simaları da çıxış ediblər.
Qeyd edək ki, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

 

Комментариев нет:

Отправить комментарий