понедельник, 22 ноября 2010 г.

ömürlük həbs edildi


9-unda həbs edildi, 12-sində dəfn olundu 2 dəfə oxunub   
Noyabrın 12-də Cəlilabad rayonunda faciəli hadisə baş verib. Bu barədə redaksiyaya məlumat verən Seydanov Sadıq Hidayət oğlu əməkdaşımıza aşağıdakıları bildirib:
- Noyabrın 9-da axşamüstü bizə bildirdilər ki, qardaşım, 40 yaşlı Qəzənfəri həbs ediblər. Həm də bildirdilər ki, ondan narkotik tutulub. Dərhal qohum-qardaşla birgə polisə yollandıq. Nə həbs edilən qardaşımla görüşə icazə verdilər, nə də ona gətirdiyimiz yeməyi qəbul etdilər. Ancaq dolayısı ilə eşitdirdilər ki, filan qədər pul versəniz işi həll edərik, filan qədər versəniz işi yüngülləşdirərik və s. Səhəri gün yenə tezdən Cəlilabad Rayon Polis Şöbəsinin qarşısına gəldik. Xeyli gözlədikdən sonra bizə bildirdilər ki, boş yerə burada dayanmayın, sizin qohumunuz, yəni mənim kiçik qardaşım, təcili rayon mərkəzi xəstəxanasına aparılıb, vəziyyəti də çox ağırdır. Bu xəbərdən dəhşətə gəldik. Axı, sap-sağlam adam bir günün, daha doğrusu 5-6 saatın içində, oturduğu yerdə necə ölümcül vəziyyətə düşə bilərdi? Polis idarəsindən çıxıb dəstə ilə, təxminən 50-60 nəfər qohum-qardaş xəstəxananın qarşısına gəldik. Ah-naləmiz ətrafı başına götürmüşdü. Lakin səsimizə-səs verən yox idi. Bura 20-30 nəfər polis işçisi də toplaşmışdı. Deyirdik ki, heç olmasa imkan verin, ölümüzlə vidalaşaq. Xeyli təkidimizdən sonra Qəzənfərin qaldığı palataya girəndə onun suyun içində, ölümcül vəziyyətdə gördük. Polis işçilərinin biri dedi ki, guya “lomkadadır”, narkotik qəbul edib, ayılacaq, digəri:” Özün asmaq istəyəndə bu günə qalıb,” -dedi. Nə isə, dava-qırğınla, onu yarımcan halda Bakıya apardıq. Bakıda, Yasamal rayonundakı Məhkəmə Tibbi Ekspertiza idarəsindəki həkimlər dedi ki, ona ilk yardım düz edilməyib, bunu Bakıya niyə gətirmisiniz, orada ona kislorod versə idilər, bəlkə ayıla idi. İndi isə bunun ancaq quru nəfəsi qalıb. Müayinə zamanı məlum oldu ki, onun boynunda qançır yerləri , kürəyində, boyun nahiyəsində yaralar var, ayağının pəncə tərəfi gömgöydür. İndi sual yaranır - qardaşım özünü asmışdısa, ayaqları niyə gömgöy, kürəyi niyə yara içindədir? Axı o sapsağlam idi. Polislərin bəzisi deyir ki, o özünü maykası ilə asıb. Onun əynində isə mayka olmayıb.
Beləcə qardaşım dünyasını dəyişdi. O, biz 5 qardaşın sonuncusu idi, 17 il əvvəl ailə qursa da, övladı olmurdu. Min bir əziyyətlə dolanıb ailə saxlayırıq.
İndi bu haqsızlıqla bağlı bütün əlaqədar təşkilatlara teleqramlar, məktublar göndərsək də, bizə ağıllı-başlı cavab verən yoxdur.
Ölkə rəhbərlərinə, hüquq müdafiəçilərinə üzümü tutub xahiş edirəm, yalvarıram ki, bu qanın batırılmasına yol verməsinlər, cinayətkarların cəzalandırılmasına yardımçı olsunlar.
Qeyd: Cəlilabaddakı əməkdaşımızın cəhdlərinə baxmayaraq, polis şöbəsinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.


Комментариев нет:

Отправить комментарий