понедельник, 22 ноября 2010 г.

Azərbaycanda “Beynəlxalq İKT həftəsi” başlayır



Dünyanın 15 ölkəsindən 100-dən çox şirkət Bakıya gəlir17:32 18-11-2010
       Azərbaycanda “Beynəlxalq İKT həftəsi” başlayır
23-26 noyabr tarixlərində Bakıda Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi “Beynəlxalq İKT Həftəsi” şüarı altında keçiriləcək.
Sərgi “Iteca Caspian LLC” və tərəfdaşı “ITE Group PLC” şirkətləri tərəfindən təşkil olunacaq. Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), BMT-nin İKT və İnkişaf üzrə Qlobal Alyansı (GAID), eləcə də Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Budəfəki sərginin baş sponsoru qismində “Huawei Technologies” şirkəti çıxış edir.
İlk dəfə olaraq BakuTel sərgisi yeni “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində təşkil olunacaq. Bu il sərgi dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcək. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaq. Ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “BakuTel” çərçivəsində layihələr üzrə tərəfdaş şirkətlərlə birgə Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM), Regional İnnovasiya Zonasının yaradılması və digər irimiqyaslı layihələr üzrə həyata keçirilmiş işlərin nəticələrini təqdim edəcək.
Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, Azərbaycanda Ekologiya İli ilə əlaqədar budəfəki sərginin xüsusi mövzusunun “İKT və qlobal iqlim dəyişikliyi” olacağı nəzərdə tutulub. 24 noyabr tarixində BakuTel 2010 çərçivəsində keçiriləcək İKT konfransının da bu mövzuya həsr olunacağı planlaşdırılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfrans hər il sərginin işini müşayiət edir. Konfransda aparıcı beynəlxalq və yerli İKT və telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edərək təcrübələri ilə bölüşəcək və qarşıda duran layihələrdən danışacaqlar.
“BakuTel”dən əlavə, noyabr ayının 23-də Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 43-ü iclası keçiriləcək. Tədbirdə rabitə və informasiya texnologiyaları sahəsinin aktual xarakter daşıyan regional və qlobal məsələlərinin müzakirə olunacağı gözlənilir.
LENT.AZ

Комментариев нет:

Отправить комментарий