четверг, 25 ноября 2010 г.

Azad sahibkar-sürətli inkişaf





Azad sahibkar-sürətli inkişaf! / 24.11.2010
Bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahibkarların qarşısında yeni üfüqlər açır
Bazar iqtisadiyyatı barədə yazarkən, ilk əvvəl bu ifadəyə aydınlıq gətirmək vacibdir. Çünki bir çox hallarda, hətta, bu barədə orta anlayışa malik olan insanlar belə  "Bazar iqtisadiyyatı" ilə "Bazar" anlayışını qarışdırırlar. Lakin bu məfumlar arasında xeyli fərq var. Bir qədər konkret desək, bazar digər iqtisadi modellərdə olduğu kimi, bazar iqtisadiyyatının da əsas elementlərindən biridir. Bu iki məfumun bir-biri ilə qarışdırılmasının səbəblərindən biri "bazar" sözü ilə bağlıdır. lakin səbəb tək bu deyil. Belə ki, bazar iqtisadiyyatı modelinin müəllifi sayılan Adam Simit bu modelin ideyasını, məhz bazardan götürüb. İqtisadi modeli kiçik bir bazarın modelinə uyğunlaşdırıb. Bu səbəbdən bəzən mütəxəssislər də, bu ifadələri qarışdırırlar.
Bazar iqtisadiyyatı isə inzibati-amirlik modelinin tam əksinə olaraq xüsusi mülkiyyətin, seçim azadlığının, rəqabətin, azad bazarın olması ilə xaralterizə olunur. Eyni zamanda burada xarakterik cəhət dünya resursları ilə əlaqədardır. Burada qeyri-bərabər paylanan məhdud resurslarla insanların qeyri-məhdud istək və ehtiyaclarının təmin olunması məsələsi mühüm yer tutur.
Alıcılar və satıcılar arasında əmtəə-xidmət və pulun nəzarəti zamanı yaranan iqtisadi münasibətlərin təkrar istehsalının məcmusunu bazar iqtisadiyyatı təşkil edir. Bazar, bazar iqtisadiyyatı modelində məhsul və xidmət istehsalçıları, satıcılar və alıcılar arasında ən vacib əlaqələndirici vasitə kimi çıxış edir. Bazar iqtisadiyyatı ictimai əmək bölgüsünün, əmtəə istehsalının və mübadilənin inkişafına əsaslanır. İqtisadiyyatda (bəzən bazar da yazırlar və iki məfumun qarışdırılması buradan başlayır) rəqabətin yaranması və inkişafı bazarda qiymətlərin, tələbin və təklifin formalaşmasına səbəb olan əsas amildir.
Bazar iqtisadiyyatı şəraitində hər bir istehsalçı öz məhsul və ya xidmətini pul ilə mübadilə etmək prosesində onun əməyinin cəmiyyət üçün nə qədər zəruri olmasını, ictimai əmək bölgüsü sisteminə qoşulmasını, ictimai xarakter kəsb etməsini dərk edir. Çünki istehsalçının məhsul və ya xidmətinə qiyməti, alıcısı bazarda elə onun gözləri önündəcə verir. Mal və xidmətləri alıcı tərəfindən daha yüksək qiymətləndirilən və həvəslə alınan sahibkar inkişaf edir, bunun əksi ilə rastlaşanlar isə ya bazarın ona verdiyi qiyməti dərk edib öz xoşuna bəlli istehsaldan kənarlaşır, ya da müəyyən zaman daxilində müflisləşərək bazardan zorən çıxdaş edilir. Yəni A.Simitin ideyası olan və C.M.Keynes təlimi ilə cilalanaraq bu günümüzə gəlib çıxan bazar iqtisadiyyatı modeli öz subyektlərini bazar rəqabəti vasitəsilə təbii olaraq seçir. Rəqabətə dözənlər inkişaf edir, digərləri isə müflisləşərək sıradan çıxır.
Bununla   da bazar iqtisadiyyatı öz sübyektlərini təbii yolla və ədalətli şəkildə seçir. Bu modelin tətbiq edildiyi ölkələrdə iqtisadi və biznes bacarığı olan fərdlər prosesdən kənarda qalmır, insanlar yalnız qabiliyyətinə görə qiymətləndirilir, axtarılır və fəaliyyətə cəlb edilirlər. Neçə əsr bundan əvvəl yaranmış bu kateqoriya müasir dövrdə yüksək inkişaf səviyyəsinə çatmış, sivil və daha çox sosial yönümlü olmuşdur. Bazar iqtisadiyyatının səmərəli fəaliyyəti mülkiyyət və təsərrüfatçılıq formalarının rəngarəngliyini, inkişaf etmiş infrastrukturun mövcud olmasını nəzərdə tutur və bu iqtisadiyyat mürəkkəb, həm də mükəmməl struktura malikdir.
A.Simitin bazar iqtisadiyyatı modeli siyasi hakimiyyətin iqtisadiyyata müdaxiləsini demək olar ki, nəzərdə  tutmur. Bu model hakimiyyətin iqtisadiyyata müdaxiləsini, yalnız iqtisadiyyata lazım gəldikdə və çox zəif şəkildə tətbiqini özündə ehtiva edir. Məhz bu səbəbdən, A.Simit hökumətin müdaxiləsini "görünməz əllər" adlandırırdı. A.Simitə görə, bazar iqtisadiyyatı tələblə təklifdən asılı olaraq, iqtisadiyyatın minimal dövlət müdaxiləsi ilə özünüidarəsidir. Azad bazar iqtisadiyyatı modeli bir nəzəriyyə kimi işlənsə də, indiyə qədər heç bir ölkədə təcrübi olaraq sınaqdan keçirilməyib.
Bu səbəbdən də ötən əsrin əvvəllərində S.M.Keynesin tənzimlənən bazar iqtisadiyyatı modeli ortaya çıxdı və çox uğurla tətbiq edilməyə başladı. Dövlət tənzimləmə sisteminə malik olan modelin tətbiqi kapital dünyasını son yüz ilə yaxın dövrdə ümumi iqtisadi böhranlardan xilas etdi, Amerika və Avropa ölkələrinin fasiləsiz inkişafına təminat yaratdı. Belə ki, əvvəllər 20-30 ildən bir baş verən ümumi böhranlara 30-cu illərin depressiya dövründən sonra rast gətinmədi. Bu ölkələrin həyat və fəaliyyətində sistematik olaraq ciddi dəyişiklik, yalnız tənzimlənən bazar iqtisadiyyatının tətbiqindən sonra baş verdi. Deməli, böhranlara son qoylması da, sözügedən modelin tətbiqi ilə bağlıdır.
Azərbaycanda bir qədər ağrılı proses olsa da, tənzimlənən bazar iqtisadiyyatının tətbiqi uğurla davam etdiyilməkdədir. Bazar iqtisadiyyatının tətbiq edilməsi üçün bir sıra amillərin olması zəruridir. Bu amillərə inkişaf etmiş ictimai əmək bölgüsü, əmtəə təsərrüfatının geniş əhatəyə malik olması, bazar iqtisadiyyatının əsasını təşkil edən tələb və təklifin yüksək dinamikliyi, iqtisadi demokratikləşmə, istehsalın və bazar iqtisadiyyatı infrastrukturunun genişlənmə meylinin güclənməsi, inhisarçılığı cilovlaya bilən qanunların fəaliyyət göstərməsi və s. proseslər daxildir. Bütun bunları bazar iqtisadiyyatının genetik əsasları da adlandırırlar. Bu genetik əsaslar daha sonra inkişaf edərək bazar iqtisadiyyatının səciyyəvi kompanentinə çevrilmişlər.
Bazar iqtisadiyyatının ən vacib kompanentlərindən biri də sahibkarlıq fəaliyyətinin mövcudluğudur. Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatında həlledici rol oynayır. Bu, həm də təksə sahibkarlıq fəaliyyətinin mövcudluğu ilə məhdudlaşmır. Bazar iqtisadiyyatı modelini tətbiq edən ölkələrdə sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni sahibkarların yaranması üçün geniş imkanlar mövcud olmalıdır. Çünki bazar iqtisadiyyatı şəraitində hər bir mal və xidmətin, o cümlədən sahibkarlıq fəaliyyətinin həyat qrafiki var- bazara daxil olma, inkişaf və zirvə nöqtəsi, bundan sonra tənəzzül və son.
Həyatına son verən sahibkarlıq fəaliyyətinin missiyasını isə yeniləri öz çiyinlərinə almalıdır. Bunun üçün isə yeni sahibkarların yaranmasına şərait olmalıdır. Yeni sahibkarların formalaşmasında və inkişafında əsas rolu sahibkarlıq fəaliyyətinin azadlıq dərəcəsi oynayır. Bu baxımdan Azərbaycanda sahibkarların qeydiyyatında "bir pəncərə" modelinin tətbiqi təqdirəlayiq məsələlərdən biri sayıla bilər. Bununla yanaşı, Azərbaycanda bazar iqtisadiyyatının tətbiqində maneə törədən bir neçə amil diqqəti daha çox cəlb edir. Bunlar əsasən iqtisadi azadlıqların kövrək olması, inhisarçılıq və azad xarici ticarət problemləridir.
Ümumiyyətlə, iqtisadi azadlığın mövcudluğu bir çox şərtləri özündə ehtiva edir. Ceyms Qvartninin dediyinə görə, inkişafa və rifaha yol açan mühit, bir çox amillərin birgə iştirakı ilə formalaşa bilər. Bu amillər müəssisələrin və ehtiyatların özəl mülkiyyətə əsaslanması, açıq bazarın mövcud olması, aşağı dərəcəli vergilər, müvafiq hüquqi quruluş, sabit pul siyasəti, azad xarici ticarət və minimal dövlət tənzimləməsinin bərqərar olmasından ibarətdir.
Göründüyü kimi, inkişafa və rifaha yetişməyin Qvartin formulasından bizi cəmi iki amil ayırır. Amma bu iki amilin Azərbaycada tamamilə olmadığını iddia etmək mümkün deyil. Azərbaycan dünya ölkələri ilə geniş iqtisadi əlaqələrə malikdir və ölkəmizin xarici ticarət dövriyyəsi orta heçabla 15-20 milyard dollar təşkil edir. Lakin bu gün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv ola bilmirsə, deməli biz beynəlxalq anlamda azad xarici ticarət formalaşdıra bilməmişik.
Çünki çağdaş dünyada azad xarici ticarətə gedən yol, məhz bu təşkilatın üzvlüyündən keçir. Amma bu, o qədər də asan iş deyil. Azərbaycan hökumətinin bu istiqamətdə cəhdləri təqdirəlayiq qiymətləndirilə bilər. Hökumətin ÜTT-yə üzvlüyə cəhdlər etməsi özü bir göstəricidi ki, siyasi hakimiyyət azad xarici ticarət qurmaq üçün siyasi iradəyə malikdir.
ÜTT-yə üzvlüyün əsas mahiyyəti isə ondan ibarətdir ki, ÜTT-yə üzv dövlətlərin şirkətləri Azərbaycana aşağı rüsumla sərbəst mal idxal edəcək, bizim sahibkarlar isə digər üzv dövlətlərə aşağı rüsumla məhsul ixrac edəcəklər. Bu isə həm bazarda qiymətlərin aşağı düşməsinə, həm də sahibkarlar üçün yeni bazarların yaranmasına səbəb olacaq. Göründüyü kimi, beynəlxalq anlamda azad xarici ticarət, sonda sahibkarlığın inkişafına və vətəndaşların rifahına xidmət edir.
İnhisarçılığa gəldikdə isə bu, bazar iqtisadiyyatının əsas prinsiplərindən biri olan rəqabət mühitini iflic edərək sıradan çıxarır. Müasir bazar iqtisadiyytı modelini tətbiq edən çağdaş dünya ölkələri iqtisadiyyatı iki xəstəlikdən qorumağı vacib sayır. Bunlar inhisarçılıq və inflyasiyadır. Onlardan biri rəqabəti məhv edir, digər isə əhalinin müflisləşməsinə səbəb olur. İndi Azərbaycanda inflyasiya ilə bağlı problemlər olmasa da, inhisarçılıq və azad rəqabət mühitinin formalaşdırılmasında xeyli çətinliklər mövcuddur. Azərbaycan hökumətinin bu istiqamətdə müəyyən tədbirləri davam etdirməsi ümid verir ki, biz gələcəkdə sözügedən problemlərin yaratdığı çətinliklərdən də yaxa qurtara bilək.
Ümumiyyətlə, Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü xeyli uzun müddəti əhatə edir və, gözəçarpan uğurlar əldə edilib, infrastruktur quruculuğunda ciddi irəliləyişlərə nail olunub. Bu da sahibkarlığın inkişafına, əhalinin rifahının yüksəldilməsinə böyük töhfədir.
Akif Nəsirli
"Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
 

Комментариев нет:

Отправить комментарий