понедельник, 22 ноября 2010 г.

biznes


Yaxın günlərdə kimin həbsinin, kimin isə vəzifədən uzaqlaşdırılacağının şahidi olacağıq
Hüseynqulu Bağırovun biznesinin neçə faizi Xəlilbəy Günəşova məxsusdur?
Məmurların öz nəzarətlərində olan şəxslərin əli ilə böyük biznes şəbəkələrini idarə etməsi barədə dəfələrlə yazılıb, deyilib. Yaxın qohum və dostlarını müxtəlif vəzifələrə təyin edərək onlardan yararlanmaq ölkəmizdəki məmurlar üçün adi hala çevrilməkdədir. Bütün bunlar azmış kimi, millət vəkillərini də öz nəzarətləri altında müxtəlif işlərə yönəltməkdən belə çəkinmirlər. Bu barədə bir qədər sonra.
Dəfələrlə qalmaqallı biznes əlaqələrində və yeyinti hallarında adı hallanan Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla bağlı yeni məlumatlar dolaşmaqdadır. Dəfələrlə nazirlikdə aparılan yoxlamalar zamanı müxtəlif problemlərin ortaya çıxmasına baxmayaraq, nazir hələ də öz postunda qalmaqla yanaşı, öz ampulasındadır.
Ötən saylarımızda bir neçə nazirin, icra hakimiyyəti başçılarının və polis rəislərinin fəaliyyətinin yoxlanacağı ilə bağlı məlumat vermişdik. Həmin məlumatlarda qeyd olunurdu ki, istər seçki təbliğatına müdaxilə, istərsə də maliyyə yeyintisinə yol verən məmurların siyahısı hazırlanıb və yaxın günlərdə onların fəaliyyəti yoxlanacaq.
Dünən etibarlı mənbədən aldığımız məlumata görə, fəaliyyətinin yoxlanılmasına başlanan ilk qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Yoxlamaların rəsmi nəticələri açıqlanmasa da, etibarlı mənbələr müxtəlif məlumatlar sızdırmaqdadırlar. Nazirlikdə külli miqdarda maliyyə yeyintisinə yol verildiyini deyən mənbə qeyd edir ki, nazir Hüseynqulu Bağırovun vəziyyəti o qədər də yaxşı deyil. Təxminən, bir neçə ay əvvəl nazirlikdə aparılan yoxlamanın təsirindən yenicə ayılan nazir Bağırov yeni yoxlama ilə qarşılaşıb.
Ardıcıl yoxlamaların aparılması və hər dəfə də müxtəlif məsələlərin ortaya çıxması nazirin vəzifədən getməsilə nəticələnə bilər. Subasma zamanı problemin aradan qaldırılması üçün ayrılan pulların hara xərclənməsi məsələsi də ciddi araşdırılmaqdadır.
Bir müddət bundan əvvəl müxtəlif ölkələri, yüksək zirvələri gəzən və külli miqdarda pul xərcləyən nazir verdiyi açıqlamalarda səfəri öz maddi imkanları hesabına həyata keçirdiyini bildirmişdi. Hətta jurnalistlərin suallarını cavablandırarkən bunu riqqətlə qeyd etmişdi. Lakin indi məlum olur ki, bu səfərlər nazirliyin büdcəsi hesabına həyata keçirilib. Ən maraqlısı odur ki, bu ekspedisiyalar nazirliyin balansına yazılmayıb və başqa ad altında silinib.
Digər tərəfdən, Hüseynqulu Bağırovun müxtəlif şəxslərlə biznes əlaqələrinin olması da üzə çıxıb. Öz yaxın adamlarını özünə biznes köməkçisi edən nazir böyük biznes şəbəkəsi yaradaraq ona rəhbərlik edir. Mənbə həmçinin əlavə edir ki, nazir Hüseynqulu Bağırovun biznes məkanlarında da yoxlamalar aparılır. Daha bir maraqlı məqam isə nazirin millət vəkillərindən biri ilə - ötən seçkilərdə  51 saylı Qusar seçki dairəsindən deputat olan Xəlilbəy Günəşovla biznes ortaqlığı olması qeyd olunur. Builki seçkilərdə parlamentə düşə bilməyən Günəşovun Hüseynqulu Bağırovun biznesinin idarəedicisi kimi tanınıb. Mənbənin sözlərinə görə, keçmiş millət vəkilinin obyektlərində aparılan yoxlamalar zamanı məlum olub ki, biznes nazirə məxsusdur.  Etibarlı mənbə bildirir ki, yaxın günlərdə Xəlilbəy Günəşov istintaqa cəlb oluna bilər. Ardınca isə nazirin öz postunu itirməsi gözlənilir.
Bir sözlə, seçkilərdən sonra bir neçə nazirin vəzifəsi ilə vidalaşması xəbəri özünü doğruldur.
Məlumata görə, nazir vəziyyəti nəzarətdə saxlamaq üçün yuxarı dairələrdəki adamlarına qədər müraciət edib. Amma ona ümidli cavab verilməyib. Millət vəkili Xəlilbəy Günəşovun isə biznesin ona məxsus olmadığını dolayısı ilə etiraf etdiyi bildirilir.
Beləliklə, yaxın günlərdə ya millət vəkili Xəlilbəy Günəşovun həbsə atıldığının, ya da nazir Hüseynqulu Bağırovun postuna əlvida deyəcəyinin şahidi olacağıq. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
P.S. Deyirlər “Hidrometereoloji proqnozlar” bürosuna da külli miqdarda pul xərclənib, bilən varmı?
İlkin HÜSEYNLİ

Комментариев нет:

Отправить комментарий