среда, 17 ноября 2010 г.

Ölkə “28 HAKİMİN QANUNDAN XƏBƏRİ YOXDUR” Eynulla Fətullayevin vəkili Ali Məhkəmə hakimlərini ifşa etdi


Ölkə
“28 HAKİMİN QANUNDAN XƏBƏRİ YOXDUR”
Eynulla Fətullayevin vəkili Ali Məhkəmə hakimlərini ifşa etdi
Xəbər verdiyimiz kimi, Avropa İnsan Haqları Məhkəməsinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı qərarının icrası işinə baxan Ali Məhkəmənin Plenumu jurnalistin hüquqlarını yenidən pozaraq onu azadlığa buraxmaq əvəzinə üç il bundan öncə ona verilmiş cəzanın müddətini artırmaq qərarı verib.
Bizimlə söhbətində baş redaktorun vəkili Elçin Sadıqov Ali Məhkəmə hakimlərinin qanunsuz və savadsız əməllərini ifşa etdi. Müsahibimiz öncə onu dedi ki, ya Ali Məhkəmə hakimlərinin qanundan xəbərləri yoxdur, ya da ki özləri bilərəkdən qanunun imperativ tələblərini pozublar. Və bununla da Ali Məhkəmə təsdiq edib ki, qanun şah deyil şah qanundur. Çünki onlar qanunun dediyi kimi yox, şahın dediyi kimi hərəkət ediblər. Müsahibimiz daha sonra durumu qanunvericiliyin tələblərinə uyğun olaraq şərh etdi: “Ali Məhkəmə vergi ödəməkdən yayınmaya görə heç bir səlahiyyəti olmadığı halda Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin hökmünü cəza hissəsində dəyişdi. Halbuki Ali Məhkəmədə mənə deyilmişdi ki, onlar Eynulla barəsində həbs qətimkan tədbiri seçilməsinə dair işə baxa bilməzlər. Onlar yalnız Avropa Məhkəməsinin qərarı əsasında işə baxırlar. Beləliklə də, Avropa İnsan Hüquqları Məhkəməsi vergi ödəməkdən yayınma ilə bağlı şikayət vermədiyindən Ali Məhkəmə buna baxa bilməzdi. Digər bir tərəfdən Ali Məhkəmə Eynullaya qanunda nəzərdə tutulmayan və qanunda nəzərdə tutulmuş maksimum həddən artıq cəza verməklə qanunun imperativ tələblərini pozub. Belə ki, Eynulla vergi ödəməkdən yayınmaya görə məsuliyyətə cəlb edildiyi dövrdə həmin cinayətə görə maksimum həbsin müddəti 6 aydır. 31 may 2007-ci ildən sonra isə qanuna dəyişiklik olunub və maddənin sanksiyası artırılıb. Eynulla isə 20 aprel 2007-ci ilədək vergi ödəməkdən yayınmaya görə (çünki həmin gündən həbsdə olub) məsuliyyətə cəlb edildiyindən onun barəsində sanksiyanın maksimum müddəti 6 ayadək azadlıqdan məhrum etmə cəzası olub”.
Müsahibimiz daha sonra konvensiyanın 7-ci maddəsini də xatırladıb, duruma aydınlıq gətirdi: “Həmin maddə qanunsuz cəzalandırılmamaq adlanır. Orada bildirilir ki, "1. Heç kəs törədildıyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizlıyə görə cinayət törətməkdə təqsirli hesab edılə bilməz. Habelə cinayət əməlinin törədildıyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilnməz.
2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərınə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur".
Vəkil sonda daha bir vacib məqamı qabartdı. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin  10.4-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.
S.TELMANQIZI

Комментариев нет:

Отправить комментарий