четверг, 25 ноября 2010 г.

Rayonun polis rəisi Əkbər Yusifov isə onun yerini tutacaq


Masallının icra başçısı Əhəd Abıyevin axırına çıxdığı üçün belə bir mükafata layiq görülüb
Rayonun polis rəisi Əkbər Yusifov isə onun yerini tutacaq
Masallıda son illər baş verən proseslərdən sonra böyük əksəriyyət elə fikirləşirdi ki, icra başçısı Qəzənfər Ağayev vəzifəsini itirəcək. Hətta bir qədər irəli gedərək, onun həbs oluna biləcəyini ehtimal edənlər də vardı. Amma zaman keçdikcə məlum olur ki, vəziyyət tamam başqa bir səmtə yönəlir və rayonun rəhbəri nəinki işdən çıxarılacaq, hətta yeni vəzifəyə belə getməyə hazırlaşır.
Tia.az-a daxil olan məlumata görə, Masallının icra başçısı Qəzənfər Ağayev yaxın günlərdə vergilər nazirinin müavini postuna yüksəldiləcək. Etibarlı mənbənin bildirdiyinə görə, hələ icra başçısı olmamışdan öncə də Vergilər Nazirliyində şöbə müdiri vəzifəsini tutmuş Ağayevi yenidən əvvəlki yerinə qaytarmağa hazırlaşırlar. Sadəcə, fərq ondadır ki, bu dəfə o, şöbə müdiri deyil, nazir müavini postuna sahib olacaq.
Masallının yeni icra başçısı postuna isə iki əsas namizəd var. Onlardan biri Yardımlının hazırkı rəhbəri Xəzər Aslanovdur ki, onun məsələsi hələlik açıq qalıb. İndiyə qədər sözügedən rayonda heç bir yenilik edə bilməyən və ümumiyyətlə, addım atmağı bacarmayan Aslanovun Masallı kimi aparıcı bir rayona icra başçısı təyin etmək indiki məqamda hakimiyyət dairələrinə sərf etmir. Ona görə də, bütün nəzərlər ikinci namizədin üzərinə yönəlib.
Bu barədə Tia.az-a məlumat verən mənbələr bildirirlər ki, Qəzənfər Ağayev nazir müavini təyin edildikdən sonra onun boş qalmış yerinə hazırda Masallının polis rəisi Əkbər Yusifov gətiriləcək. Mənbənin iddiasına görə, Yusifovun bir müddət əvvəl rayona polis rəisi gətirilməsi də məqsədli şəkil daşıyıb. Belə ki, onu rəis təyin etməklə rayondakı vəziyyəti öyrənməsinə şərait yaradıblar. Yəni, Yusifov rayonda kimin kim olduğunu müəyyən etdikdən və yerli şəraiti bildikdən sonra asanlıqla icra başçısı ola bilər. Artıq bu təcrübə müddəti başa çatıb və qalır yeni təyinat.
Qəzənfər Ağayevin nazir müavini postuna təyinat alması məsələsinə gəldikdə isə buna səbəb onun hakimiyyətin illərdən bəri həll edə bilmədiyi məsələlərdən birini yoluna qoyması göstərilir. Mənbələr deyirlər ki, xeyli vaxtdın Əhəd Abıyevlə mübarizə aparan, sonda onu deputat mandatından məhrum edən Masallının icra başçısı yeni vəzifə əldə etmək üçün müjdə almağa nail olub. Məlumatlarda vurğulanır ki, hakimiyyətin tapşırığını birmənalı və qüsursuz yerinə yetirən icra başçısı bundan sonra onların gözündə böyüyüb və qərara alınıb ki, ən etibarlı şəxs olaraq nazir müavini təyin edilsin.

Комментариев нет:

Отправить комментарий