среда, 17 ноября 2010 г.

Sahibkarlar PA-ya yürüş edəcək ?


Sahibkarlar PA-ya yürüş edəcək  2010-11-15
“8-ci kilometr” bazarı axırıncı yanğından sonra
«Vosmoy bazarı»nda yüzlərlə zərərçəkən hökumətdən kompensasiya istəyir
“8-ci kilometr” bazarının 5-ci dəfə yanması satıcıları yaman təlaşa salıb. Artıq satıcılar nə edəcəklərini düşünürlər. Qurban Bayramından sonra onların Prezident Administrasiyasına yürüş edəcəkləri gözlənilir. Səbəb hökumətin sonuncu yanğından sonra dükanların tez bir zamanda təmir ediləcəyi barədə satıcılara söz verməsidir. Üstündən bir aya yaxın vaxt ötməsinə baxmayaraq, hökumət hələ ki, heç bir addım atmayıb. Elə buna görə də satıcılar, daha dəqiqi, yanğın zamanı zərər çəkmiş dükan sahibləri yürüş edəcəklər.
Icra Hakimiyyəti heç kəsi qəbul etmir
Son bir ildə üç dəfə yanan bazarın satıcıları iddia edir ki, yanğın bilərəkdən törədilib. Dediklərinə görə, bazarı ələ keçirmək üçün bir neçə oliqarx mübarizə aparır. Hüseyn Göyüşov adlı satıcı isə deyir ki, “8-ci kilometr”də “fövqəlnazir” Kəmaləddin Heydərovun gözü var: “Eşitdiyimə görə, nazir buranı ələ keçirib, yerində hündür mərtəbəli ticarət mərkəzi tikdirmək istəyir. Buna inanmamaq da olmur. Çünki hər dəfə bazar yananda nazirliyin əməkdaşları “gecikir”. Ya maşınlarında su olmur, ya da yanğın geniş bir ərazini əhatə etdiyi üçün içəriyə daxil olmağı təhlükəli hesab edirlər. Bu bir daha göstərir ki, bazar çoxlarının diqqətindədir".
Iki dəfə dükanı yanan, üstə-üstə 200 min dollardan çox zərər görən Malik adlı satıcının ümidi dükanlarının tez bir zamanda təmir edilməsinədir: “Daha mənə nə qədər ziyan dəyməlidir ki, hökumət yardım etsin. Bazarda ən çox zərərçəkənlərdən biri mənəm. Bir həftə bundan öncə icra hakimiyyətinə getdim ki, qəbul etsinlər, dərdimi danışım. Amma heç kim mənə yaxın durmadı”.
Malik kimi onlarla sahibkar var ki, icra hakimiyyətinə gedib dərdlərinə çarə tapmaq niyyətinə düşüblər. Amma onlar da Malik kimi kor-peşman geri qayıdıblar.
Başqa bir satıcı isə dükanı yanandan sonra tez bir zamanda onu təmir etdirib. Səbəbini isə heç kimin ona yardım etməyəcəyini öncədən bilməsi ilə izah edir: “Hər dəfə bazar yananda gəlib ziyanın miqdarını hesablayırlar. Amma heç bir faydası olmur. Bu, sadəcə görüntü xarakteri daşıyır. Məqsədləri bizi müəyyən zaman ərzində etirazlardan uzaqlaşdırmaqdır”.

Köhnə peşəsinə qayıdan

“Heç bir yerdən evə pul gəlmir. Neçə illər burada arabaçı işləyirəm. Qazandığım pulla xırda bir ”polka" (piştaxta) düzəltdirdim. Yanğın zamanı bütün malım yandı. Əlimdə pul olmadığı üçün məcbur olub yenidən köhnə işimə - arabaçılığa qayıtdım" - bu sözləri 8 ildir arabaçı işləyən Vüsal deyir.
Demək olar ki, bazarın yanan hissəsi dükan sahiblərinin öz hesablarına təmir edilib. Əvvəlcə onlara yaxın zamanlarda ən azı dükanlarının təmir ediləcəyi deyilsə də, hökumətdən heç bir köməyin olmadığını görüb özləri təmir etdiriblər. Başqa əlacları qalmadığını söyləyən satıcılar deyirlər ki, tez bir zamanda imza toplayıb aidiyyəti orqanlara müraciət edəcəklər: “Hər dəfə yanğın olanda rəsmi mövqeləri bu olur ki, bazar ”qısaqapanma"dan yanıb. Nə yaxşı ki, belə bir termin var. Görəsən, bu olmasaydı yanğının səbəbini nəylə izah edərdilər? Bazarın hansı səbəblərdən yanması bizi maraqlandırmır. Istəyimiz budur ki, kompensasiya verilsin. Bundan əvvəl də başımız ağrıyanda heç kim kömək etmədi. Hər şeyi öz gücümüz hesabına etdik. Heç olmasa bu dəfə gəlib yardım etsinlər".
Kompensasiyaya ümidi olmayanlar
Hikmət Hüseynov adlı sahibkar da zərərçəkənlər sırasındadır. Onun da dükanı iki dəfə yanıb. Deyir ki, birinci dəfə dükanı yananda gərək bu bazardan gedəydi: “Ətrafımda olanların çoxu ”Binə", “Sədərək” ticarət mərkəzlərinə üz tutdular. Mən isə burada bardaş qurdum. Düşündüm ki, yenidən əvvəlki vəziyyətimə qayıdaram. Görünür, yanılmışam. Ziyanı tam ödəməmiş ikinci dəfə zərbə aldım".
Hikmət Hüseynov kimi bir neçə satıcı var ki, onlar da “8-ci kilometr”də işləməklə heç bir xeyir görmədiklərini deyirlər: “Bir neçə ay işləyirik, beş-on manat qazanırıq. Sonra da bazar yanır, zəhmətimiz hədər gedir. Belə qərara gəlmişik ki, daha burada alver etməyək. Çünki hər dəfə bazar yananda müştərilərimiz əlimizdən çıxır. Ən yaxşısı ünvanımızı dəyişməkdir”.
100 min dollardan çox malı yanan başqa bir sahibkar konpensasiya alacağına ümidli deyil. Amma həmkarları aidiyyəti qurumlara müraciət ünvanlasa, onlarla birgə olacağını deyir: “Inanmıram ki, kimsə bizə yardım etsin, amma həmrəylik göstərməyə hazıram”.
***
Söhbətləşdiyim onlarla satıcı hamısı yaxın zamanlarda PA-ya yürüş edəcəklərini dedilər. Bildirdilər ki, haqlarını sona qədər qoruyacaqlar.

Комментариев нет:

Отправить комментарий