четверг, 25 ноября 2010 г.

MƏN GƏLİRƏM


“RAMİZ MEHDİYEVİN YERİNƏ MƏN GƏLİRƏM”
Prezident Administrasiyasında “komsomol qiyamı”
PA regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev şefinin Heydər Əliyev Mərkəzinə rəhbər gedəcəyi, özünün onun postunda oturacağı xəbərini yayır
“Prezident Administrasiyasında tezliklə ciddi kadr dəyişikliyi olacaq. Bu dəyişikliyin əsas qəhrəmanı isə mən olacağam. Mən tezliklə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerinə gəlirəm. Məsələ artıq həll olunub və mən birinci şəxsin son qərarını və müvafiq sərəncamını gözləyirəm”. Bu cümlələrin müəllifi Prezident Administrasiyası (PA) regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.
Məlumat “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən ötürülüb. Mötəbərliyinə şübhə etmədiyimiz qaynağımız bildirir ki, Zeynal Nağdəliyev yuxarıda sitat kimi verilən sözləri öz yaxın ətrafı ilə söhbətlər zamanı dilə gətirib. Məsələ burasındadır ki, Zeynal Nağdəliyev bu söhbətləri aşkar və nümayişkaranə şəkildə aparmır; proses kifayət qədər məxfi gedir. Üstəlik, ortada ölkə prezidentinin iradəsinin olduğu xüsusi olaraq vurğulanır. Cənab Nağdəliyev özü üçün topladığı “kölgə kabineti”nin əksər üzvlərinə bildirib ki, 2013-cü ildəki prezident seçkiləri zamanı Prezident Administrasiyasına o rəhbərlik edəcək.
Mənbəmiz deyir ki, Zeynal Nağdəliyev yaxınlarına  deyir ki, Heydər Əliyev Mərkəzinə rəhbər getmək cənab Mehdiyevin öz arzusudur: “Həm də Ramiz müəllim artıq yaşlanıb və Prezident Administrasiyasının rəhbəri kimi məsuliyyətli və ağır vəzifənin icrası, gərgin iş rejimi onun səhhətinə və fiziki imkanlarına görə deyil. Buna görə də ona daha yüngül, amma prestijli bir işdə dincəlmək lazımdır. Başqa tərəfdən, şöbə müdiri hər fürsətdə deyir ki, prezident İlham Əliyevin xüsusi önəm verdiyi bir layihə - Heydər Əliyev Mərkəzinin inşası artıq başa çatmaq üzrədir, ora isə mərkəzin adına layiq sanballı bir şəxsin rəhbər göndərilməsi gərəkdir. Bu da yalnız Ramiz Mehdiyev ola bilər, başqa heç kəs bu vəzifəni icra edə bilməz”.
Qaynağımız onu da iddia edir ki, Zeynal Nağdəliyevi cürətləndirib hərəkətə keçirən qüvvələr də var - bunlar hakimiyyətin elə öz daxilində mənzillənmiş iri oliqarxlar, daha çox da kölgədə qalan hakim çevrələrdir. O qüvvələr ki, 2003-cü ildən etibarən siyasi olimpi fəth etməyə doğru səbirlə, tələsmədən, amma məqsədyönlü və planlı şəkildə, inadla hərəkət edirlər: “Onlar belə hesab edirlər ki, ata Əliyevin dövründə strateji dövlət postlarına təyin edilən şəxslərin bir çoxu öz siyasi ömrünü artıq başa vurub və ya vurmaq üzrədir, ”idarəetmə pultu" yenilənməli, bura “yeni qan, yeni nəfəs” gəlməlidir. Ola bilsin ki, Nağdəliyev məhz yeni persona kimi təsəvvür edilir və bunu özünə də çatdıraraq ürəkləndiriblər. Yoxsa o, belə şayiələr yaya, belə söhbətlər eləyə bilməzdi".
Qeyd edək ki, Zeynal Nağdəliyev köhnə komsomol məktəbinin yetirməsidir. Hazırda hakim düşərgədə xeyli keçmiş komsomolçu var. Onlar açıq-aşkar olmasa da yarımleqal olaraq öz qruplarını yaradıblar. Hətta son vaxtlar həmin qrupa müxalifətdən olan bəzi keçmiş komsomolçuları da cəlb etməyə başlayıblar. Onlardan bir neçəsi məhz Nağdəliyevin təşəbbüsü və fəaliyyəti ilə son parlament seçkisində deputatlığa namizəd kimi qəfildən peyda oldular və qəribə, gözlənilməz halda öz düşərgədaşlarına qarşı çıxdılar. Onların qəfildən ortaya çıxması da maraqlıdır. “Komsomol potensialı” üzü Gəncədən başlayaraq (bu şəhərin rəhbəri Eldar Əzizov da keçmiş komsomol funksioneri və Nağdəliyevin yaxın dostudur-red.), bütün rayonları və respublikanı əhatə etməklə hərəkətə gətirilib. Maraqlı bir detal da bundan ibarətdir ki, hörmətli Zeynal müəllim hazırda demokratik (müxalif) düşərgəyə rəhbərlik edən bir çox şəxslərlə də şəxsən tanışdır - onlar universitetdə bir yerdə oxuyublar. Nağdəliyevin bu kanaldan da yararlanmaq təşəbbüsləri göstərməsi gələn xəbərlər arasındadır.
***
Bəs siyasi müşahidəçilər və ekspertlər bu barədə nə düşünür? Ramiz Mehdiyevin PA rəhbəri postundan gedəcəyi, onun yerinə isə 2003-2005-ci illərdə Lənkəranın icra başçısı, 2005-dən etibarən isə PA-da şöbə müdiri vəzifələrini tutan keçmiş komsomol fəalı Z.Nağdəliyevin gələcəyi ehtimalı nə qədər böyükdür?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, bu, Z.Nağdəliyevin vurulması əməliyyatıdır: “Söhbət əgər hansısa dairədə Nağdəliyevin belə bir açıqlama verməsindən gedirsə və bunu mətbuata çıxarırlarsa, bu, onun üzərinə daxili təpki gətirmək ola bilər. Yəni daxili hakimiyyət mübarizəsi predmetidir, xüsusilə də Prezident Administrasiyasının özündə. O ki qaldı Ramiz Mehdiyevin başqa vəzifəyə keçməsinə, Heydər Əliyev Mərkəzi hələ ki inşa edilməkdədir, işlərin bitməsinə hələ vaxt var. Ona görə də hesab edirəm ki, Mehdiyev öz vəzifəsində qalacaq”.
“Bütün kadr dəyişiklikləri, xüsusən onun komandasında olan dəyişikliklər prezidentin səlahiyyətindədir. O, istənilən dəyişiklikləri edə bilər”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli məsələyə bu cür yanaşır. Onun sözlərinə görə, R.Mehdiyevin personası sıradan personalardan deyil və bu iqtidarın yaranmasında, möhkəmlənməsində bu şəxsin misilsiz xidmətləri var: “Bu baxımdan da, məncə, həm onun təcrübəsi, həm də ümumiyyətlə bu hakimiyyətin formalaşmasındakı rolu onun əvəzedilməzlik imicini formalaşdıra bilib. İndi hakimiyyət daxilində qarşıdurmalar olmasından söz açılır, müəyyən qruplaşmaların bir-birinə qarşı mübarizə apardığı deyilir. Amma məndən soruşsanız, bu hakimiyyətin bel sütunlarından biri Ramiz Mehdiyevdir və onun işləmək potensialı hələ tükənməyib”.
Q.Hüseynli sözügedən dəyişikliyin edilib-edilməyəcəyi haqda mütləq fikir söyləməsə də R.Mehdiyevin mövcud hakimiyyət üçün oynadığı və oynaya biləcəyi rolun vacibliyini önə çəkdi: “Hesab edirəm ki, bu gün həmin komandada onu əvəz edə biləcək kadr hələ yetişməyib”.
Artıq neçə illərdir ki, R.Mehdiyevin postundan gedəcəyi ilə bağlı söhbətlərin yayıldığını deyən sabiq baş nazir Pənah Hüseynin fikrincə, bu, əhəmiyyətli bir hadisə olacaq: “Ramiz Mehdiyevin gedişi administrasiyanın tarixində əhəmiyyətli bir hadisə olacaq, amma bunun ümumi siyasi vəziyyəti dəyişəcəyini güman etmirəm. Həm də onun gedişi və yerinə kimin gəlməsi, təbii ki, maraqlı bir hadisədir”.
O ki qaldı Z.Nağdəliyevin R.Mehdiyevin yerinə gəlməsi ilə bağlı yayılan söhbətlərə, P.Hüseyn bildirdi ki, bu barədə heç bir konkret məlumata malik deyil.
Kamran ABBASBƏYLİ,          Həbibə ABDULLA
6658 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий