понедельник, 29 ноября 2010 г.

Sürücülük vəsiqəsi


Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
Sürücülük vəsiqəsi
Nəqliyyat vasitələrini idarəetmə hüququ
Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
Azərbaycan Respublikasının ərazisindəki yollarda:
velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
asma mühərrikli velosipedi və mopedi idarəetmə hüququ - 16 yaşdan;
motosikletləri idarəetmə hüququ - 16 yaşdan;
oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarəetmə hüququ - 18 yaşdan;
tramvayları idarəetmə hüququ - 20 yaşdan;
trolleybusları idarəetmə hüququ - 21 yaşdan;
oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarəetmə hüququ - 21 yaşdan (müstəsna qaydada hərbi qulluqçular üçün 19 yaşdan) yaranır.
Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Bu maddənin ikinci hissəsinin 1-ci və 2-ci bəndləri istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
şəxsin sürücülük vəsiqəsinin e'tibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək;
şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;
şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə - xəstəlik müalicə olunanadək və ya fiziki qusur aradan qaldırılanadək.
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.
Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;
traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.
Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı mə'lumatlar göstərilir:
sahibinin soyadı;
sahibinin adı və atasının adı;
sahibinin doğum tarixi və yeri;
sahibinin yaşayış yeri;
vəsiqəni vermiş orqanın adı;
vəsiqənin verilmə tarixi və yeri;
vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;
vəsiqənin nömrəsi;
vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;
sahibinin qan qrupu və imzası;
xüsusi qeydlər.
Motosikletləri və avtomobilləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş mə'lumatlardan başqa, idarə etmək hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:
"A" - motosikletləri idarə etmək üçün;
"B" - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün;
"C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kq-dan artıq olan avtomobilləri idarə etmək üçün;
"D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;
"E" - qoşqusu "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş, lakin tərkibləri bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olmayan nəqliyyat vasitələrini idarə etmək üçün;
"Tramvay" - tramvayları idarə etmək üçün;
"Trolleybus" - trolleybusları idarə etmək üçün.
Sürücülük vəsiqəsinin e'tibarlıq müddəti aşağıdakı kimidir:
60 yaşına çatmamış şəxslər üçün - 10 il;
60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün -təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), bu maddənin üçüncü hissəsinin 1-ci - 11-ci bəndlərində göstərilən mə'lumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.
Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur.
Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və e'tibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi
"Yol hərəkəti haqqında" Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:
müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli;
yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləgdə haqq ödəməlidir.
Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd;
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sürücülük vəsiqəsinin verilməsi üçün bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədləri daxil olduğu həmin gün yoxlayır və orada göstərilmiş mə'lumatlar əsasında şəxsin yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılması məsələsini həll edir.
Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:
sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının mə'zunları
avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının mə'zunları
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra on gün ərzində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" ƿsasnaməyə uyğun olaraq həyata keçirilir.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
onun e'tibarlıq müddətinin qurtarması;
sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
onun yararsız hala düşməsi;
onun itirilməsi;
yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləgdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.
Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci - dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki mə'lumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.
Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən məhkəməyə şikayət edə bilər.
Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürülməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.
© 2005-2010, Baş Dövlət Yol Polisi İdarəsi
MEQA şirkətinin istehsalı
 tel.: (+994 12) 342 32 82;  faks: (+994 12) 498 02 17  e-poçt: info@dyp.gov.az

Комментариев нет:

Отправить комментарий