вторник, 16 ноября 2010 г.

BAKININ ƏN BÖYÜK BAZARINDA»KI YANĞININ ŞOK SİRRİ!


 «VOSMOY BAZARI»NA YEDDİ YERDƏN OD VURULUB
 Hadisə baş verməzdən əvvəl yanğın əleyhinə balonları kim yığışdırıb?
«Ət bazarında çalışanlardan 5 min manat rüşvət istədilər, vermədilər, səhəri gün bazar od tutdu»
Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı\"n yenə yandı. İlkin məlumatlara görə, yanğın 4500 kvadratmetr ərazini əhatə edib, 50-dən artıq mağaza külə dönüb, sahibkarlara milyonlarla manat məbləğində zərər dəyib. Xatırladaq ki, hadisə bu il ərzində üçüncü dəfədir ki, baş verir.
Diqətçəkən məqam ondan ibarətdir ki, bazardakı tikinti materialları satılan mağazalar yanır. Bir dəfə də geyim dükanları od tutmuşdu.
Ümumiyyətlə, bu bazarın fəaliyyətini dayandıracağı və başqa əraziyə köçürüləcəyi barədə xəbərlər yayılmışdı. Hadisələr zamanı külli miqdarda borca düşən sahibkarlar da yanğının qəsdən törədildiyini, iş adamlarına təzyiq məqsədi daşıdığını açıqlamışdılar.
Bir neçə ay əvvəl baş verən hadisə zamanı sahibkarlara dəyən ziyanın məbləği 50 milyon manat civarında idi. Onların əksəriyyəti dövlətdən kompensasiya almağa cəhd etsələr də, nəticəsiz qalmışdı. Aidiyyatı qurumlar iş adamlarının satdıqları məhsulları sığorta etmədiklərini əsas gətirmişdilər.
Bu dəfə də eyni mənzərə yaranıb. Sahibkarlar bazarın qəsdən yandırıldığı bəyan edir, rəhbərliyi, dövlət qurumlarını ittiham edir, qarşı tərəf isə ittihamları rədd edir.
Xatırladaq ki, hadisə zamanı 7 nəfər müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
Dünən hadisə baş verən ərazidə “Bizim Yol” qəzetinin əməkdaşları olub. Bazarda dəhşətli mənzərə vardı. Əmlakını itirənlərin əsəbi danışıqları, haray-həşiri, ah-nalə-qışqırıq səsləri adamın tüklərini ürpədirdi. Onlardan biri əlləri əsə-əsə deyirdi:
"Evimizi satıb, kredit götürüb pulun hamısını paltar, ayaqqabıya qoymuşdum. Geyimlər də bahalı qış malları idi. Mən indi də kirayədə qalıram. Mən bu qədər ağır yükün altından necə çıxacağımı bilmirəm."
"Yanğından əvvəl elektrik enerjisi dayandırılıb"
Bazarda yanan obyektlərin sahiblərindən olan Azər Qurbanov hadisənin səbəblərinin satıcılara, sahibkarlara müəyyən olmadığını dedi:
"Yanğının elektrik xəttində olan qısa qapanmadan baş verdiyi deyilir. Amma bu heç inandırıcı deyil. Bazar adətən saat 19:00-da bağlanır. Bazarın bağlanması ilə yanaşı ora elektrik enerjisinin verilməsi də dayandırılır. Yanğın isə 21:30 radələrində baş verib. Yanğının məqsədli şəkildə törədildiyi daha inandırıcıdır. Topdan satış geyim obyektinin sahibiyəm. Təkcə mənə 250 min manat dəyərində ziyan dəyib".
Satıcılarla FHN əməkdaşı arasında mübahisə yarandı
Yanan obyektin işçiləri göz yaşlarının yanğını söndürməyə yetərli olmadığını deyirlər:
"Satıcılar, obyekt sahibləri yanan əraziləri göz yaşı ilə izləyirdilər. Yanğının ərazisi çoxaldıqca, göz yaşlarımız axmağa davam edirdi. Yanğınsöndürənlər də dayanıb yanımızda gülə-gülə hadisəni seyr edirdilər. Dükan sahiblərinin çoxu bir çöp də çıxara bilməyib. Yanğın qəsdən törədilib və yanğınsöndürən maşınların hadisə yerinə gec gəldib. Yanğın özü söndü. Nə var idi, yandı. Mallarını yanğından xilas etmək istəyən dükan sahiblərinin bir neçəsi isə tüstüdən boğulduqlarına görə təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparıldılar".
Bunu eşidən Fövqəladə Hallar Nazirliyinin (FHN) kapitanı dedi:
"Ay müəllim, biz bura yanğın söndürməyə gəlməkdən bezmişik. Camaatla məzələnirlər. Dünəndən yatmamışıq. Gecə evdə idim, xəbər gəldi ki, təcili olaraq "8-ci mikrorayon bazar"ına gəlməlisiniz. Bazara yanğınsöndürən maşınların gəlməsi üçün şərait yoxdur".
Bunu dedikdən sonra FHN-nin əməkdaşı ilə satıcı arasında dialoq yarandı. Satıcı dedi:
"Sizin nərdivanınız olmalıdır, şlanqınız uzun olmalıdır ki, yanğını söndürsün. Bu sizin vəzifənizdir. Neçə dəfə yanğın baş verməsindən asılı olmayaraq siz həmin yerə gəlməlisiniz. Lazım gələrsə, vertalyotla yanğını söndürərdiniz".
Kapitan:
"Yanğını kim törədib? Hara baxırdı bazarın mühafizəçiləri? Onlara pul verirsiniz… Onlardan da yanğının necə baş verməsinin səbəblərini tələb edin. Yanğınsöndürən də insandır, özünü yanğının içinə atıb öldürəsi deyil?! Onun da ailəsi var."
Özünü Xüsusi Xilasetmə Xidmətinin rəis əvəzi kimi təqdim edən baş leytenant dedi ki, yanğın olan əraziyə jurnalisti buraxa bilmərik.
"Mən bazardan əvvəl yanmışam"
Ötən günlərdə bazarın zirzəmisində yerləşən obyektlərdə kirayə haqlarının qaldırılması ilə bağlı reportaj yazmışdıq. Həmin reportajda "Bizim Yol"a danışanlardan birini - Rəsul Dadaşpuru görüb ona yaxınlaşdıq:
"Teymur müəllim mediaya məlumat verdiyimə görə obyektimi 10 gün bundan əvvəl aldı. İndi mən işsizəm. Yanan obyektim yoxdur. Amma bazardan əvvəl mən yanmışam".
"Yanğın balonları getdi, bir daha geri qayıtmadı"
28 baş ailəni buradan dolandırdığını deyən Laçın rayonundan məcburi köçkün Vəliş Həsənov çarəsiz durumdadır:
"23 oktyabrda bazar müdirinin müavini Teymur müəllimin adamları bildirdi ki, ət bazarında işləyən 38 satıcının hərəsindən hamısından 5 min manat alınacaq. "Camaat buna razı olmadı, bazar da yandı… Təkcə mənə 6 min manat ziyan dəyib. Bazarın müdiri Fəxrəddin müəllim və onun müavini Teymur müəllimlə mühafizəçiləri bazarı yandırıb. Bazar yeddi yerindən yandı. Axı dəfələrlə bazarı niyə yandırırlar?! Yanğını söndürmək üçün balonları iki gün bundan əvvəl yığışdırdılar. Balonlar getdi, bir daha geri qayıtmadı. Yanğınla bağlı heç kimə müraciət etməmişik. Qəzetiniz vasitəsi ilə şikayətimizi prezidentimizə çatdırmağınızı xahiş edirəm".
Bazar müdirinin müavinlərindən olan Saməddin müəllim 1992-ci ildən bu bazarda işləyir, onun barəsində pis danışa bilmirəm".
Bazarın müdir müavini əməkdaşımızı görüb qaçdı
Bazar müdirinin müavini Saməddin müəlim isə Vəliş dayı ilə söhbətimizi eşidər-eşitməz göz qırpımında aralandı. Həmsöhbət olduğum satıcılar, obyekt sahibləri ümumiyyətlə, bazarda yanğın əleyhinə balon görmədiklərini bildirdilər. Başqa həmsöhbətlərim isə elə yanğın baş verən günün səhərisi 30 manatdan balonlara qaz vurmaq adı ilə pul yığdıqlarını dedilər. Narazı olan obyekt sahiblərindən biri bildirdi:
"Tum çırtlayanda bizi 30 manat çərimə edirdilər. Bəs bizim demək olar, pullarımız yanıb, bu pulu kim ödəyəcək?! Yanğın olan zaman yekəpər mühafizəçilər harada yatmışdılar?! İndi minlərlə adam işsiz qalıb!"

Комментариев нет:

Отправить комментарий