понедельник, 22 ноября 2010 г.

Son beş ildə 50-dən artıq hakimin səlahiyyətlərinə xitam verilib


Milli.Az » Cəmiyyət » Son beş ildə 50-dən artıq hakimin səlahiyyətlərinə xitam verilib
20 Noyabr 2010 [12:46] - Milli.Az               
Məhkəmə-Hüquq Şurası tərəfindən son beş ildə 50-dən artıq hakimin səlahiyyətlərinə xitam verilib.
Bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov “Respublika” qəzetinə müsahibəsində məlumat verib. Nazir bildirib ki, həmin hakimlərin fəaliyyətinə onların işinin qiymətləndirilməsi və intizam icraatları nəticəsində xitam verilib.
Fikrət Məmmədovun sözlərinə görə, qeyd olunan dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən 97 hakim barəsində intizam icraatı başlanıb. Bunun nəticəsində 10 hakim aşağı və ya iş həcmi daha az olan vəzifəyə keçirilib.
İlk dəfə hakim vəzifəsinə təyin olunanların fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığını vurğulayan nazir deyib ki, həmin hakimlərin fəaliyyəti qiymətləndirilərək onların 28 nəfəri apellyasiya məhkəmələrinə irəli çəkilib.
“Təəssüf ki, yeni hakimlərin heç də hamısı göstərilən yüksək etimadı tam doğrulda bilməyib. Onlardan 8 nəfəri intizam məsuliyyətinə cəlb olunub”, - nazir bildirib.
Azərbaycanda hakim ştatlarının sayı son illər ərzində 50 faiz, o cümlədən, cari ilin avqustunda isə 25 faiz artırılıb. Hakim ştatlarının sayının artırılması nəticəsində Ali Məhkəmədə hakimlərin ştat sayı 27-dən 41-ə, apellyasiya instansiyalarında 63-dən 135-ə, Bakının rayon məhkəmələrində isə 45-dən 97-yə çatdırılıb.
Nazir bildirib ki, bu, hakimlərin iş yükünün azalması, işlərə daha keyfiyyətli baxılması, yol verilən süründürməçilik və digər pozuntuların aradan qaldırılması ilə nəticələnib.
/Trend/

Комментариев нет:

Отправить комментарий