понедельник, 22 ноября 2010 г.

ünvanlı sosial yardımlar necə təyin edilir? /


Əyalət



Beyləqanda ünvanlı sosial yardımlar necə təyin edilir? / 12.11.2010
Ailəsini dolandıra bilməyən Seymur Həsənov sosial yardım almaq üçün mübarizə aparır
Ölkəmizdə ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı külli miqdarda əyintilərin olduğu barədə yazılar mətbuatda tez-tez dərc edilir. Lakin bu sahədə müsbətə doğru irəliləyiş hələ də hiss edilmir.
Məsələn, əhalidən aldığımız məlumata görə, Beyləqan rayon ƏSMM-də əvvəllər hər bir yardım kəsilən vətəndaşdan 5 aylıq müavinət idarə rəhbərliyi tərəfindən saxlanılırdısa, indi artıq bu rəqəm 6-ya çatdırılıb. Əcəb "irəliləyişdir", deyilmi?
Bu günlərdə redaksiyamıza Beyləqan rayon sakini Həsənov Seymur Çingz oğlu tərəfindən prezidentə ünvanlanmış müraciət daxil olub. Müraciətdə aşağıdakılar vurğulanır:
-"Bildiyimiz kimi hörmətli prezidentimiz yoxsul şəraitdə yaşayan ailələri daima öz diqqətində saxlayaır, onlara qayğı göstərir. Lakin, çox təəssüflər olsun ki, bəzi dövlət məmurlarının səmərəsiz fəaliyyəti ucbatından biz, vətəndaş olaraq ehtiyacımız ola-ola o qayğıdan kənarda qalmışıq. Elə bu səbəbdən də, mən məcbur qalaraq Sizə müraciət edirəm, çünki, qaygıdan kənarda qalan ailələrdən biri də, mənim ailəmdir. Mənim ailəm üç nəfərdən ibarətdir. Özümün yaşayış evim olmadığı üçün atamın evinin bir otaqına sığınmışıq və orada yaşayırıq.
Ailəmin gəliri cəmi 88 manatdır və bu məbləğlə mən ailənin dolanışığını təmin edə bilmirəm. Buna görə də, Beyləqan rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə dəfələrlə müraciət etmişəm. Bildirmişəm ki, mən ikinci qrup əlil olduğum üçün 88 manat pensiya alıram və bu məbləğ bizim ailənin minimum tələbatını ödəmir. Ona görə də xahiş edirəm, mənim ailəmə ünvanlı sosial yardım təyin edilməsini təmin edəsiniz. Çox çətinlikdən, çək-çevirdən sonra mənim ailəmə ünvanlı sosial yardım təyin edildi.
Həmin təyinat 01.07.-2009-cu il tarixdə başa çatdı və mən yenidən ünvanlı sosial yardım almaq üçün sözügedən idarəyə müraciət etdim. Çünki sosial vəziyyətim hələ də düzəlməmişdi. Lakin, idarənin keçmiş direktoru İnqilab Tağıyev bir ay mənim sənədlərimi qəbul etmədi. Həmin idarənin keçmiş direktoru İnqilab Tağıyevi yenisi ilə əvəz edildikdən sonra düz üç ay da dalbadal müraciət etdim, lakin, yenə də heç bir dəyişiklik olmadı, ailəmə yardım təyin edilmədi.
Onu da qeyd edim ki, Beyləqan rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən bizim yaşayış şəraitimizi yoxlamaq üçün komissiya da gəlib və təsdiqləyib ki, həqiqətən bizə ünvanlı sosial yardım düşür. Mən bu məsələylə əlaqədar Rayon İcra Başcısına və onun müavinlərinə, Rayon Polis şöbəsinə və prokrorluğuna, Milli Təhlükəsizlik Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm.
Lakin, yenə də bir xeyri olmadı. Mən, Beyləqan rayonunun Əmək və Əhalinin Sosial  Sosial Müdafiə Mərkəzinin indiki direktoru Oktay Hacıyevin qəbulunda üç dəfə, onun müavinin və baş məsləhətçisinin qəbulunda isə düz əlli dəfə olmuşam. Hər dəfə müxtəlif bəhanələrlə məni yola salırlar. Sonuncu dəfə isə həmin idarənin direktoru Oktay Hacıyev mənə əsəbi halda dedi ki, sən bura çox gəlirsən, get bir də bura gəlmə! Həmin idarənin baş məsləhətçisi Bəxtiyar Məmmədov isə mənə dedi ki, get hara deyirsən de, onsuz da xeyri yoxdur, heç kəsin bizim idarəyə gücü çatmaz!
Hörmətli redaksiya, mən başa düşə bilmirəm, yuxarıda qeyd etdiyim kimi, bəzi dövlət məmurları kimə və nəyə arxayın olub özbaşınalıqlar edirlər?! Belə halların ölkəmizdə baş verməsi, Azərbaycan Respublikasının  qurucusu,  ümummilli liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyətin bizə qoyub getdiyi dövlətə, onun siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyətə zidd amillərdən deyilmi?
Elə buna görə də, mənim ünvanlı sosial yardım ala bilməməyimə səbəb olan, Beyləqan Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində məmur özbaşınalığına son qoyulması üçün müraciətimi cənab prezidentə çatdırmağınızı sizdən xahiş edirəm".
Akif

Комментариев нет:

Отправить комментарий