понедельник, 29 ноября 2010 г.

ocaq başında

                5 - Fəsil
           (ocaq başında)

Beləcə gün keçər axşam olardı,
Hamı yığışardı ocaq başına.
Ox dilli alovdan hikmət yağardı,
Bərəkət daşına, ocaq daşına.

Ocağın başında ata söhbəti..
Keçmişi düşünüb o, danışardı.
Açıb söyləyərdi hər həqiqəti,
Ara söz-söhbətdən o, daşınardı.

Insanın, insana xəyanətindən,
Danışıb dəhşətə gələrdi Atam.
Qəlbləri göynədən, qulaqlar desən,
Yalana, böhtana gülərdi Atam.

Həqiqət ağrılı olsa da belə,
Deyərdi: yalanın sifəti olmaz.
Müxtəlif biçimli sifətlilərin,
Nə dini vətəni milləti olmaz,

Atadır həyatın vuran nəbzi də,
Atanın cahanda qiyməti vardır,
Hər insan oğlunun həyat yolları,
Atalı qəlblərdə güldür. bahardır.

Günəşin eşqidir Ata sevgisi,
Onun atəşindən yarandı adam.
Gərək söyləyəsən hər həqiqəti,
Sözümün bağbanı Atamdı, Atam.

Atamdan qalandı söz yadigar,
Yaşamaq, yaratmaq eşqinə dönər.
Oğul yadigarı qız yadigarı,
Kor ocaq olarsa alışıb, sönər.

Alışsam, sönmərəm öz ocağımda,
Atamaın sözündən bəhrələnmişəm.
Sözlərim gül açıb həmən bağçada,
O kökün üstündə pöhrələnmişəm.


Ata ocağına Ata yurduna,
Olan sədaqəti çindi məndədir.
Rəhmət qazanardı olənlərinə,
Onun əməlləri indi məndədir.


Susma ürək, danla  bir az özünü,
Namərd qardaş ağrıtmaz öz başını.
Ata sağkən sən desəydin sözünü,
Atacağdım o namərdin daşını.
                  *****



















                   6-Fəsil

Mərd Atadan hünərpərvəz, mərd olan,
Kişi kimi yaşayacaq üzü ağ.
Ömrü boyu düşməninə dərd olan,
Vüqarından əyilməyən uca dağ.


Oğul gərək atasından dərs ala,
Əyilməyə nə düşmənə, nə yada.
El içində hər işində pak ola,
Xidmət edə ən layiqli bir ada.


Müqəddəsdir Ata adı dünyada,
Övladına nur paylayar gözündən.
Tarixləri varaqla sən , sal yada,
Dərs almışıq ataların sözündən.


Ata ocağını söndürmə oğul,
Yurd yerində ocağa dön, çıraq ol.
Əkdiyi ağacı sındırma oğul,
Dosduna dost, düşmənindən uzaq ol.


Ata kökdür, öz kökünə bax, becər,
Köksüzlərdi, balta çalar kökünə.
Bağban kimi yaxşı cinsdən bağ becər,
Bəhrə versə bir ad qalar kökünə.


Haqqı tanı, ədalətə şahid ol,
Elə bil ki, o millətin adısan.
Vətən üçün keç canından, şəhid ol,
Yaşadacaq vətən səni, o ad-san.


Ata zəhmət çəkər Ana becərər,
Nəsillər yetişər dünyada, təkrar.
Atamla uyudum, Atamla durdum,
Ömrümə yağsa da həm yağış,həm qar.

Əzizinəm tamaha.
Oğul düşmə tamaha.
Çətin günün olsa da,
Ümüdlə bax sabaha.


Mərd üzündə nur gəzər,
Dildə şəkər,əldə zər.
Qoru mərd oğulları,
Qeyrətsizin hökmü şər.


Atamdır müqəddəs, atamdır əziz,
Mənimçün dünyada odur əvəzsiz.
Səcdəyə gəlmişəm məzar daşına,
Tənhayam, qəribəm həyatda sənsiz.


Bir hikmət yeridir yatdığın torpağ,
Ziyarət etdiyim qiblə gahımsan.
Məni qovuşduran əbədiyyata,
Sinəmdə sönməyən odlu ahımsan.


Ata ocağından ayrılmaq olmur,
Nəvələr yığılıb yenə başına.
Sahibin arayan pərvanələr tək,
Səcdə eləyirlər hey başdaşına.


Övladdır ocağın közünə dönən,
Ana laylasıyla böyüdər, can-can.
Atadır övlada canı tək yaxın,
Ata qanı axır damarlarından.
                *****



Комментариев нет:

Отправить комментарий