среда, 17 ноября 2010 г.

«Monetnıy dvor»

19 -11 -2009 . Cəlilabadın «Monetnıy dvorı»ndan reportaj

Yardım dalınca gələn kəndlilər və bankir Lətif kişinin hekayəti
Bankomatın önündə yıxılan kim, duran kim,
Qorxudan tir-tir əsir \"vızova\" gələn həkim.
Baxıb kömək istəyir təqaüdçü, müəllim,
Bankomat başa düşür, Lətif başa düşməyir,
                          Şair XALQ
Yenə də biz Cəlilabaddayıq. RİH-in on addımlığındakı YAP-ın Cəlilabad rayon təşkilatının binası ilə üzbə-üz \"Kapital Bankın\", onun sağ cinahında yerləşən yerli əhali arasında \"Qara bank \" adı ilə məhşur olan Beynəlxalq Bankın Cəlilabad şöbəsi, qarşısında DSMF - nin rayon şöbəsi, \"Kredo Aqrobankın\" təmtaraqlı və cazibədar binası \"Finka bank\", \" Xalq bank\" eləcə də Cəlilabad rayon Hərbi Komissarlığının yerləşdiyi bu məhəllə cəlilabadlılar arasında \"monentnıy dvor\" adı ilə tanınır.
Saat doqquzun yarsıdır. Qaranlıq payız gecəsi olmasına baxmayaraq \"Kapital bankın\" qapısının ağzında quraşdırılmış bankomatın qarşısında toplaşanların sayı 120-150 nəfər olardı. Hələ yaz aylarında \"biçin pulu\" almaqdan ötəri əkinçilər sənədlərini toplayıb yerli komissiyaya təqdim ediblər. İndi isə onlar dövlət tərəfindən ayrılmış yanacaq pulunu almaq istəyirlər. Ətrafda 3 bankomatın olmasına baxmayaraq cəmi biri işləyir. Gün ərzində \"Kapital bankın\" məsul işçiləri əməkçilərə söz verirlər ki, günortadan sonar və yaxud axşam saat 8-dən sonra bankomata sizin ərazinin pulları vurulacaq. Elə buna görə də bu yazıq əkinçilər məcbur olub gecə-gündüz bankomatın yanını kəsdirib dövlət tərəfindən ayrılmış yardımı almaq istəyirlər.
«Kapital bank»ın binasına yaxınlaşırıq, rayon sakini Nemət adlı bir şəxs jurnalist olduğumuzu bilib şerlə öz fikrini bizə belə çatdırdı:
Sılahsız qırğın gedir bankomatın önündə,
Kartlar donub qalıbdır insanların əlində.
Qarğış, nalə səslənir hər kəsin öz dilində,
Bankomat başa düşür, Lətif başa düşməyir.
Toplaşanlarla söhbətimizdə bəlli oldu ki, bu ərazidə at oynadan  harın məmur heç kimdən qorxmur, qanun-zad tanımır. Bütün şərq bazarlarında olduğu kimi burada da bank müdirinin
öz qanunları işləyir. Maraqlıdır, giley-güzar edənlərin əksəriyyəti uzaq kəndlərin bələdiyyə sədrləri idilər. Onların dediklərindən məlum oldu ki, hələ 5 - 6 ay bundan əvvəl sənədlərin toplanılması zamanı kəndlidən hər pay üçün 3 manatdan 5 manata kimi \"çay pulu\" alıb komissiyaya təqdim etmişdik. İndi də rüşvət istəyirlər, nə az nə çox 10- 15% . Biz isə, artıq aldanmış əhaliyə heç nə deyə bilmərik, axı yazıq kəndlidən nə qədər pul almaq olar? Etiraz eləyərək soruşuruq ki, biz daha heç kimdən pul ala bilmirik. Bəs nə eləyək?
Onda bankın müdiri Lətif Ağayev deyir: " Bilmirəm, get pencəyini sat gətir. Vəssalam \"
İlahi! Bu müdirdə laqeyidliyə bir bax,
Bu xalqı öz əlində eyləyibdir oyuncaq,
Müdirin cəzasını Allah verəcək ancaq,
Bankomat başa düşür, Lətif başa düşməyir.
Bu gün Cəlilabadda rüşvətxorluğun olmadığı bir dövlət qurumunu tapmaq mümkün deyil. Hər hansı bir şəxs vəzifə kürsüsünə əyləşirsə, o, dərhal həmin idarəni öz dədəsinin şəxsi əmlakı sayır. Imkanı çatana qədər çapıb talayır. Bu fəaliyyətinə görə həmin məmura heç kim güldən ağır söz demir. Öz haqqını tələb edən şəxslər isə incidilir, təhqir edilir, hətta şərlənərək həbslə də qorxudulur. Əlində bank kartını tutmuş bir qoca kişi başını bullayaraq mənə: 

Haqqı axtar, ay tapdın ay,
Haqq hardadır, ay dədəm vay.
Yüz yol qışqır, kim verər hay,
Bir ər oğlu, ərən yoxdur.

Bəli bu həqiqətdir. Cəlilabadda bu gün insanlar olub - olmazın əzab - əziyyətini çəkirlər. Nəinki bankda, idarə və müəssisələrdə, poçt və rabitə şöbələrində, işıq və qaz istismarı kontorunda, təhsil və səhiyyə ocaqlarında, mədəniyyət və digər xidmət sahələrində haqsızlıq baş alıb gedir. İdarə rəhbərləri isə özlərini elə aparırlar ki, sanki bu belə olmalıdır. Qanun belə tələb edir. Onlar heç kimdən - nə böyük Allahdan, nə də hökümətdən qorxmurlar.
Rayon maliyyə idarəsinin rəhbəri, DSMF-nun rayon şöbəsini müdiri, yuxarıda adlarını çəkdiyimiz bankların müdirləri, rayon səhiyyə şöbəsinin əvəzolunmaz baş həkimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Cəlilabad ərazi idarəsinin sarsılmaz rəisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin gülləbatmaz ömürlük müdiri və adlarını çəkmədiyimiz yumurtadan yun qırxan digər məmurlar da bu gün əndazədən çıxmış «Kapital bank» müdirinin əməllərinə təccüblə yanaşırlar. Gör, iş nə yerə çatıb ki, onlar da bankomatın qarşısında acızanə boynunu burub pul gözləyən bələdiyyə sədrlərinin halına ağlayırlar: Ucadan da olmasa, dodaqaltı: 

Bankomatı çəksinlər, gərək dar ağacına,
Pullar axıb tökülsün Lətifin qucağına ,
Millət üsyana qalxıb, bunların acığına
Bankomat başa düşür, Lətif başa düşməyir

Deyə özləri üçün züm-zümə eləyirlər. Onların bildirdiyinə görə rayonda elə bir idarə və təşkilat yoxdur ki, əhalini incitməsinlər. Ən çox qarğışa məruz qalan DSMF- nin rayon şöbəsinin müdiri, vaxtı ilə AXC-nin rayon şöbəsinin xəzinədarı olan Mirağa Salmanovdur. Rəhbərlik etdiyi idarədə haqsızlığın baş alıb getdiyi bir zamanda YAP pərdəsi altında gizlənərək ölkə prezidenti İlham Əliyevin görüşündə rayon ağsaqqalı kimi təqdim olunan keçmiş  xəzinədar heç kimdən çəkinmədən və utanmadan prezidentin üzünə dedi: «Cənab Prezident, Sizə iyirmi il də ömür arzulayıram\". M. Salmanovun «duaları» AzTV ilə canlı yayımlandı. Budur, həmin şəxs Dövlət Sosial Müdafiə Fondunu indi də təmsil edir. Bu müdirdən haqq ədalət gözləmək inandıricı deyil.
Belə şəxslər digər təşkilatlara da rəhbərlik edirlər.
Artıq saat onbirdir. \"Monetnıy dvorda \" toplaşan bu çarəsiz bələdiyyə sədrlərinin sayı azalsa da, borc-xərc eləyib sürücülərə verib dağ ətəyi kəndlərdən yardım pulunu almaq istəyən kəndlilərin ah-naləsi, qarğışları səngimək bilmir.
Elə bu vaxt bankın qapısı açılır oradan bir nəfər çıxıb uca səslə \"ərazini tərk edin, pul olmayacaq!\" elanını verir. Ac-susuz növbə gözləyən kəndlilər isə gözlərini dilsiz ağızsız dəmir qutuya - Bankomata dikib sanki ondan imdad diləyirlər. Bankomat isə öz işini davam etdirir. Burada qulğımıza ŞAİR XALQ - ın Bankomata həsr etdiyi şeir gəlir:
Bankomatın öz işi möcüzəli dünyadır,
İşləyir gecə-gündüz, o dincəlmir, o yatmır,
Xalqın etiraz səsi gedib yerinə çatmır,
Bankomat başa düşür, Lətif başa düşməyir.
Bax belə! Biz bankomatla vidalaşıb \"Monentnıy Dvor\" məhəlləsini tərk edirik.
Mirzə Qələndər
Bakı - Cəlilabad - Bakı
Oxunub: 312 dəfə.

Комментариев нет:

Отправить комментарий