четверг, 25 ноября 2010 г.

Yaxın vaxtlarda əfv gözlənilirmi?


Hələ heç kim heç nə bilmir, amma ümidlə gözləyirlər
Yaxın vaxtlarda əfv gözlənilirmi? “Media forum” saytı Prezident yanında Əfv Məsələləri Komissiyası üzvlərinə bu sualla müraciət edib. Şair Zəlimxan Yaqubun sözlərinə görə, komissiya iclaslara başlamayıb: “Hələ ki, komissiya üzvlərinə iclas barədə heç bir xəbər verilməyib. Əfv prezidentin müstəsna səlahiyyətidir, əgər iclaslar başlasa, demək əfv gözləmək olar”.
Komissiyanın digər üzvləri – deputatlar Vaqif Səmədoğlu və Azay Quliyev isə əfvlə bağlı hər hansı məlumata malik olmadıqlarını deyiblər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalanacağına ümid etdiyini deyib: “Ümid edirəm ki, bayramqabağı əfv olacaq və bununla da Azərbaycan siyasi məhbus söhbətindən azad olub yeni dönəmə keçəcək. Hakimiyyət bunu edə bilər, çünki bu güclü tərəfin addımı kimi qiymətləndiriləcək. Əgər bu olsa, bizə nümunə göstərilən Gürcüstandan da irəli gedəcəyik. Çox istərdik ki, Azərbaycan hakimiyyəti bu addımı atsın”.
Ölkənin aparıcı hüquq müdafiə təşkilatlarının birləşdirən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun və Azərbaycan İnsan Hüquqları Müdafiə Təşkilatları Federasiyasının hazırladığı ayrı-ayrı siyasi məhbus siyahılarında adları keçən şəxslər var: Ruslan Bəşirli (“Yeni Fikir” Gənclər Təşkilatının sədri), Eynulla Fətullayev (jurnalist), Fərhad Əliyev (sabiq iqtisadi inkişaf naziri), Rafiq Əliyev (Fərhad Əliyevin qardaşı), Əli İnsanov (sabiq səhiyyə naziri).
Novella Cəfəroğlunun fikrincə, ilk növbədə Eynulla Fətullayev, Ruslan Bəşirli əfvə düşməlidir: “Sabiq polis zabiti Müşfiq Mədətovu, Xüsisi Təyinatlı Polis Dəstəsinin əməkdaşları olmuş şəxsləri də buraxmaq vacibdir. Fikrimcə, onların heç birinin azadlığı cəmiyyət üçün təhlükəli deyil”. 

Комментариев нет:

Отправить комментарий